1919-cu İLDƏ HÜQUQ FAKÜLTƏSİNİN AÇILMASINA UĞURSUZ CƏHD

Hüquq fakültəsi bu gün ölkəmizin ən böyük, ən qocaman və ən sanballı ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin ən aparıcı, ən nüfuzlu və ən böyük fakültələrindən biridir. Hüquq fakültəsinin tarixi də böyük və zəngindir – o, az qala BDU-nun özü ilə yaşıddır. Hüquq fakültəsinin tarixinə nəzər salanda aydın görmək olar ki, onun yaradılmasının vacibliyi universitetin özünün təşkilinin vacibliyi qədər qabarıq olmuşdur. Belə ki, universitet təsis ediləndə onun ilk növbədə şərq şöbəli tarix-filologiya, fizika-riyaziyyat, tibb və hüquq fakültələrindən ibarət tərkibdə yaradılması nəzərdə tutulmuş və hüquq fakültəsinin açılmasının zəruriliyi öz əksini Azərbaycan Demokratik Respublikası parlamentinin qəbul etdiyi «Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında» 1 sentyabr 1919-cu il tarixli qanunda da tapmışdı.
Beləliklə, Azərbaycanda ali hüquq təhsilinin bünövrəsini qoyan BDU-nun hüquq fakültəsinin yaradılması əslində dərin ictimai-siyasi və sosial-tarixi zərurətlə şərtlənmişdi. Onun yaradılmasını cəmiyyətin inkişafının ictimai qanunauyğunluqları, özünün yeni, müstəqil, demokratik və sivil dövlətini qurmaq əzmini 1918-ci il mayın 28-də elan etdiyi dövlət müstəqilliyi aktı ilə ortaya qoymuş Azərbaycan xalqının milli və dövləti mənafeləri tələb edirdi.
Ölkədə digər sahələrlə yanaşı həm də ali hüquq təhsili verən hüquq fakültəsinə malik bir ali təhsil ocağının yaradılmasının vacibliyindən danışarkən burada ilk növbədə Azərbaycanın o zamankı mövcud sosial-mədəni durumunu qiymətləndirmək lazım gəlir.
Azərbaycanda XX əsrin əvvəllərinə təsadüf edən o dövrdə vəziyyət necə idi? Bu suala qısaca olaraq belə cavab vermək olar: özünün dövlət müstəqilliyini elan etmiş Azərbaycan o dövrdə yeni, milli və tam müstəqil bir dövlət, yeni tipli, savadlı, sivil, demokratik cəmiyyət qurmaq istəyirdi, amma bunun üçün lazım olan milli kadrlar, yerli ziyalılar yox dərəcəsində idi, ən pisi də o idi ki, həmin dövrdə ölkədə total savadsızlıq, gerilik, cəhalət hökm sürürdü. Belə bir vəziyyətdə milli dövlət quruculuğu prosesinin necə çətin bir məsələ olduğunu izah etməyə təbii ki, heç bir lüzum qalmır. Hamıya aydın idi ki, milli dövlət quruculuğu yüksək təhsil almış savadlı və hazırlıqlı milli kadrlar olmadan çox çətindir, hətta ümumiyyətlə mümkün deyil.
Bunu yeni milli hökumətin rəhbərliyi də yaxşı başa düşürdü. Azərbaycan Demokratik Respublikası hökumətinin fəaliyyətə başladığı ilk günlərdən ölkədə ali təhsil ocaqlarının yaradılması, maarifçilik işinin gücləndirilməsi yönündə göstərdiyi davamlı səylər məhz bu zərurətdən doğurdu. Ölkədə yüksək ixtisaslı hüquqşünas kadrlar verə biləcək bir ali təhsil ocağının açılması zərurəti də bu qəbildən idi, bu zərurət gündəlikdə hətta daha kəskin şəkildə dayanırdı. Məsələ burasındadır ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndə ölkəmizdə cəmi bir neçə yüz nəfər ali təhsilli mütəxəssis vardı və onların da əksəriyyəti dəqiq və təbiyyat elmləri üzrə təhsil almışdı, yəni onlar əsasən həkimlər və mühəndislər idi. O dövrdə sırf humanitar və ictimai elmlər üzrə, o cümlədən hüquqşünaslıq ixtisası üzrə təhsil almış azərbaycanlı kadrların yox dərəcəsində olmasının mənfi nəticələri özünü tezliklə göstərdi.
Azərbaycan Demokratik Respublikası hökuməti ölkədə milli dövlət ideyasının və insan haqlarının aliliyi prinsipinə söykənən yeni tipli cəmiyyət quruculuğu prosesinə başlayanda, bir sıra sahələrdə islahatlar, o cümlədən məhkəmə, hüquq, ədliyyə sistemlərində islahatlar aparmaq, nəhayət, xarici dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmaq istəyəndə həm də beynəlxalq hüququ dərindən bilən milli hüquqşünas kadrlara olan ehtiyac daha qabarıq şəkildə üzə çıxdı. Və milli hökumətin rəhbərliyi ölkəmizdə ali hüquq təhsilinin təşkilinin vacibliyini yüksək kürsülərdən vurğulamağa başladı. Nümunə olaraq Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının «Azərbaycan» qəzetinin 29 dekabr 1918-ci il tarixli sayında dərc olunmuş bəyannaməsinin məhz məhkəmə-hüquq sistemi məsələləri ilə bağlı olan bir hissəsini göstərmək olar. Hökumətin parlamentin 26 dekabr 1918-ci il tarixli iclasında Nazirlər Şurasının sədri Fətəli xan Xoyski tərəfindən açıqlanmış həmin bəyannaməsində bütün sahələrdə, o cümlədən məhkəmə və ədliyyə sistemində çalışa biləcək azərbaycanlı hüquqşünas kadrların hazırlanmasının, ölkədə normal məhkəmə-hüquq sisteminin yaradılmasının zəruriliyi məsələsinə də ayrıca toxunulurdu. Həmin sənəddə deyilirdi: «Ədliyyə sahəsi də hökumətin xüsusi diqqət yetirdiyi məsələlər sırasında dayanır. Heç bir dövlət məhkəmələrsiz mövcud ola bilməz. Məhkəməni heç bir inzibati orqanlar əvəz edə bilməz. Bütün və hər cür hərəkətlər düzgün məhkəmə araşdırmasından keçməlidir ki, bir tərəfdən, ittiham olunanlar öz günahlarını anlasınlar, digər tərəfdənsə dövlət orqanlarının fəaliyyətinin və mövqeyinin düzgünlüyü üzə çıxmış olsun. Əks halda vətəndaşlarda ədalətə inam ola bilməz. Buna görə də mühakimə üsulunun düzgün qurulması dövlətin əsas vəzifələrindən biri olmalıdır. Ədalət məhkəməsi xalqa yaxın olmalıdır. Buna görə də məhkəmə orqanları ilə təmasa girən əhali məhkəmənin nə demək olduğunu anlamalıdır. Bütün bunları nəzərə alaraq ölkəmizdə bütün əhalinin başa düşə biləcəyi məhkəmə sistemi qurulmalıdır».
Lakin artıq qeyd etdiyimiz kimi, o zamanlar ölkəmizdə belə bir mükəmməl ədliyyə-məhkəmə sistemini qura biləcək ali təhsilli hüquqşünas kadrlar yox idi. Bu çətinlik özünü Bakı Dövlət Universitetinun təşkili zamanı da qabarıq şəkildə göstərmişdi. Azərbaycanın ilk ali təhsil ocağı olan BDU yaradılanda universitetin açılması ideyasının təşəbbüskarı olan Xalq Cümhuriyyəti hökumətinin rəhbərləri bu universitetdə ali hüquq təhsili verəcək hüquq fakültəsinin təşkilinə nail olmağa olduqca böyük səylər göstərmişdilər. Zaqafqaziya universitetinin professorları ilə hökumət təmsilçiləri arasında Bakıda dövlət universitetinin təşkili məsələsi ilə bağlı aparılan danışıqlarda belə bir ilkin razılaşma əldə edilmişdi ki, universitetin fakültələri arasında hüquq fakültəsi də olsun. «Azərbaycan» qəzeti bu razılaşma barədəki xəbəri özünün 11 aprel 1919-cu il tarixli sayında təqdim edərkən həmin məqama ayrıca diqqət verirdi: «Universitet 1919-cu ilin sentyabrından etibarən dörd fakültədən – tibb, təbiyyat, hüquq və şərq fakültələrindən ibarət tərkibdə fəaliyyət göstərəcək».
Universitetdə humanitar elmlər, o cümlədən hüquq elmi üzrə ali təhsilin təşkili Xalq Cümhuriyyəti hökumətinin əsas prioritetlərindən biri idi. Fətəli xan Xoyskidən sonra milli hökumətin sonrakı kabinələrinə başçılıq etmiş Nəsib bəy Yusifbəyli də 1919-cu il aprelin 14-də yeni hökumət kabinetinin fəaliyyət proqramını parlamentarlar qarşısında açıqlayarkən ölkədə ictimai elmlərin öyrədilməsinin vacibliyini bəyan etmişdi. «Azərbaycan» qəzeti özünün 16 aprel 1919-cu il tarixli sayında həmin proqramdan bəhs edərkən hökumət başçısının universitetdə humanitar elmlər üzrə, o cümlədən hüquq təhsili üzrə məqamlara xüsusi önəm verdiyini yazırdı.
Amma 1 919-cu ilin iyun ayına doğru Bakı Dövlət Universitetinun təşkili ilə bağlı məsələlər ətrafında gedən ictimai diskussiyalarda vəziyyət dəyişdi. Artıq mayın sonlarında bəlli oldu ki, Bakıda dövlət universitetini əvvəllər nəzərdə tutulduğu kimi, dörd fakültədən ibarət tərkibdə açmaq mümkün olmayacaq. «Azərbaycan» qəzetinin 1919-cu il mayın 19-da təşkil edilmiş, iki gün sonra – mayın 21-də isə özünün ilk iclasını keçirmiş universitet komissiyasının həmin iclasından hazırladığı məqalələrindən bunları oxuyuruq: «Universitetin açılması bu ilin payızından o tərəfə uzadıla bilməz. Bu vaxta qədər universitet iki fakültədən – tarix-filologiya və tibb fakültələrindən ibarət tərkibdə elə təchiz edilib qurulmalıdır ki, məşğələlərə nəzərdə tutulan vaxtda başlamaq mümkün olsun».
Göründüyü kimi, burada açılışına hazırlıq görülən fakültələrdən bəhs edilərkən hüquq fakültəsinin adı çəkilmir. Bu isə təbii ki, o demək idi ki, universitetin öz fəaliyyətinə hüquq fakültəsi olmadan başlayacaq. Səbəb universitetin maddi-texniki bazasının formalaşdırılmasının çətinlikləri və müvafiq kadr çatışmazlığı amili ilə bağlı idi. Lakin elə buradaca qeyd edək ki, bu, universitet komissiyasının gəldiyi qənaət idi.
Hökumət dairələrində isə ayrı cür düşünürdülər. Universitet komissiyası universitetin təsis edilməsi ilə bağlı qanun layihəsini və bu layihəyə dair izahat məktubunu, universitetin nizamnaməsini, bütövlükdə 1919/20-ci dərs ili üçün şərq şöbəsi olan tarix-filologiya və tibb fakültələrindən ibarət universitetin müvəqqəti ştatlarını və smetasını Xalq Maarif Nazirliyinə hələ mayın 31-də təqdim etmişdi. Komissiya universitetin təşkil və təchiz edilməsi üçün hökumətdən 3,5 milyon manat vəsait istəmişdi. Xalq maarif naziri Rəşid xan Kaplanov isə sənədləri Nazirlər Şurasının müzakirəsinə təqdim edərkən bu məbləği artırıb 5 milyon manata çatdırmağı tövsiyə etmişdi.
Hökumət də universitet komissiyasının təqdim etdiyi layihəyə öz düzəlişlərini etmişdi. Bu düzəliş konkret olaraq fakültələrin sayı və tərkibi ilə bağlı idi. Yəni Nazirlər Şurası qanun layihəsini nəzərdən keçirib tarix-filologiya və tibb fakültələrinin birinci 4 kursunu açmaq barədəki ilkin variantı dəyişdirmişdi. O zaman Bakıda nəşr olunan «Zarya» qəzeti özünün 9 iyul 1919-cu il tarixli sayında bu məsələyə toxunaraq yazırdı ki, «hökumət 1919/20-ci dərs ilində hüquq, fizika-riyaziyyat və tarix-filologiya fakültələrinin birinci kurslarını və tibb fakültəsinin birinci 4 kursunu təşkil etməyi qərara almışdır».
Lakin universitet komissiyasının istər Xalq Maarif Nazirliyinə, istərsə də Nazirlər Şurasına təqdim etdiyi smetada nəzərdə tutulanlar gerçəkləşdi. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti «Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun»u son redaksiyada qəbul etdi. Qanun Bakıda dörd fakültədən – şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin təsis edilməsini nəzərdə tuturdu. Bununla belə universitetin yalnız iki fakültəsi – dörd kursdan ibarət tibb fakültəsi və bir (birinci) kursdan ibarət tarix-filologiya fakültəsi üçün müvəqqəti, bir il müddətinə (1919-cu il sentyabrın 1-dən etibarən) ştat və smeta müəyyən edilmiş, hökumətin istəyinə baxmayaraq hüquq fakültəsini (eləcə də fizika-riyaziyyat fakültəsini) açmaq sırf maddi-texniki səbəblər və hüquqşünas kadrların olmaması ucbatından mümkün olmamışdı.
Amma bütün bunlar hüquq fakültəsinin açılmasının ümumiyyətlə mümkün olmaması da demək deyildi. Parlament Universitet Şurasına hüquq və fizika-riyaziyyat fakültələrinin açılması üçün hökumətdən vəsait istəmək hüququ vermişdi. Bundan əlavə, universitetin yeni fakültələr yaratmaq hüququ da onun özündə saxlanılırdı ki, bu da professorlar kollegiyasına gələcəkdə müvafiq şəraitin yaranacağı təqdirdə hüquq fakültəsinin təşkili məsələsində sərbəstlik verirdi.
Hüquq fakültəsini açmaq 1919-cu ilin sentyabrında mümkün olmasa da bu, hökumətin azərbaycanlı gənclərin ali hüquq təhsili almasına laqeyd qalması anlamına da gəlmir. Belə ki, Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də daha bir vacib qərar qəbul etmiş, yəni 100 nəfər azərbaycanlı abituriyent və tələbənin xaricdə ali təhsil almağa göndərilməsi üçün vəsait ayırmışdı. Bu abituriyent və tələbələr arasında Rusiyanın və Qərbi Avropa ölkələrinin nüfuzlu universitetlərinə ali hüquq təhsili almağa göndərilənlər də vardı. Onların sayı 7 nəfər idi: Məmməd bəy Qaracaəmirlinski, Teymur bəy Vəkilov və Mirəbdüləziz Seyidov Rusiyaya, Mehmet Raş Bospalizadə (Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə), Abdin Mirqasımov, Mustafa ağa Vəkilov və Əsəd bəy Ağabəyov isə Qərbi Avropa ölkələrinə ali hüquq təhsili almağa göndərildi.
Azərbaycan Demokratik Respublikası hökumətinin ölkəmizin hüquqşünas kadrlarla təmin edilməsi, daha dəqiq desək, universitetdə ali hüquqşünas kadrların hazırlanması ilə məşğul olacaq fakültənin təşkil olunması istiqamətindəki səyləri bununla da başa çatdı. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu və rus-bolşevik işğalı ilə əlaqədar Azərbaycanın tarixində, o cümlədən də universitetin həyatında yeni mərhələ – sovet dövrü başlandı. Əvvəlki fəsildə də qeyd etdiyimiz kimi, respublikanın bolşevik-sovet rəhbərliyi öz ictimai maraqlarından çıxış edərək universitetin inkişafı məsələsinə xüsusi diqqət yetirirdi.
1920-ci illərin əvvəllərində universitetdə irimiqyaslı struktur islahatları həyata keçirilir, yeni fakültələr yaradılır, yeni ixtisaslar üzrə təhsil verən kafedralar təşkil olunurdu. Yeni hakimiyyətin təhsil konsepsiyasına və maraqlarına uyğun şəkildə aparılan bu islahatların nəticəsində hüquq fakültəsi də (əlbəttə ki, islahatlardan bir qədər sonra) yaradıldı. Lakin bu ideyanın həyata keçirilməsi ilk cəhddən mümkün olmamışdı. Hüquq fakültəsinin təşkilinə ilk belə ciddi təşəbbüs 1923-cü ildə olmuşdu. Bundan bir qədər əvvəl isə Azərbaycan SSR Xalq Komissarları Soveti 1921-ci il iyunun 27-də «Şərqşünaslıq və İctimai Elmlər İnstitutunun nəzdində ali ictimai elmlər kursunun təşkili haqqında» qərar qəbul etmişdi. Həmin sənəddə ölkədə diplomatik qulluqda işləməyə yararlı ali təhsilli hüquqşünas kadrların hazırlanmasının vacibliyi qeyd olunurdu.
Bu qərar respublikada ali hüquq təhsilinin təşkilinə xeyli dərəcədə yardım etmişdi. Düzdür, bu qərarın təsiri ilə hər hansı qurum yaradılmadı. Amma sözügedən sənəd hüquq fakültəsinin yaradılmasının vacibliyi fikrini bir qədər də populyarlaşdırdı. Bu da təbii idi. Belə ki, respublikanın ali təhsilli hüquqşünaslara olan kəskin ehtiyacı özünü getdikcə daha qabarıq şəkildə göstərirdi. Azərbaycan Dövlət Universitetində hüquq fakültəsinin yaradılması məsələsi ictimaiyyətin və partiya-sovet orqanlarının da diqqətini daha artıq dərəcədə cəlb edirdi. Bu məsələ ədliyyə orqanları işçilərinin 1922-ci ildə keçirilmiş respublika müşavirəsində də irəli sürülmüş və müşavirə iştirakçıları tərəfindən birmənalı şəkildə müdafiə olunmuşdu.
Universitetin hüquq fakültəsinin açılmasının ən qızğın tərəfdarlarından biri Azərbaycan Xalq Ədliyyə Komissarlığı idi. Xalq Ədliyyə Komissarlığı 1922-ci ildə Xalq Maarif Komissarlığına xüsusi məktubla müraciət edərək Azərbaycan Dövlət Universitetində hüquq fakültəsinin açılmasının vacibliyini nəzərə çatdırmış və bu fakültənin tezliklə təşkil olunmasına yardım göstərməyi xahiş etmişdi. Xalq Maarif Komissarlığı da öz növbəsində Xalq Ədliyyə Komissarlığının bu məktubunu öz kollegiya iclasında müzakirə etmiş və təklifə müsbət münasibətini bildirmişdi. Eləcə də Azərbaycan Dövlət Universitetinin kollektivi həmin təklifi alqışlamışdı. Göründüyü kimi, həm yuxarı direktiv orqanlar, həm də universitetin kollektivi hüquq fakültəsinin tezliklə təşkilində maraqlı görünürdülər və bu istiqamətdə işə başlamağa hazır idilər. Amma hüquq fakültəsini açmaq həmin ildə də mümkün olmadı. Fakültənin təşkili orada çalışacaq ixtisaslı müəllimlərin çatışmaması üzündən bu dəfə də təxirə salındı.
1923-cü il fevralın 7-də universitetin tarix-filologiya fakültəsinin iclası keçirildi və həmin iclasda fakültənin yenidən təşkil edilərək onun bazasında ictimai elmlər fakültəsinin yaradılması məsələsi müzakirə olundu. Həmin iclasda qərara alındı ki, Universitet Şurasına tarix-filologiya fakültəsinin ictimai elmlər fakültəsinə çevrilməsi haqqında təqdimat verilsin. Yeni yaradılacaq ictimai elmlər fakültəsinin üç şöbədən – dil, ictimai-tarix və hüquq şöbələrindən ibarət tərkibdə təşkil edilməsi nəzərdə tutulmuşdu. Fakültə iclasının qərarında o da qeyd olunurdu ki, yeni fakültədə aşağıdakı fənlər üzrə dərslər keçirilsin: tarixi materializm (qərara görə, fənni tarixçi, filosof və ya iqtisadçı alimlər tədris etməli idi); ictimai formasiyalar tarixi (kursu tarixçi və iqtisadçı alimlər tədris etməli idi) və Sovet Konstitusiyası (kursu dövlətşünaslıq kafedrasının müəllimləri keçməli idi).
İctimai elmlər fakültəsinin təşkili zamanı dil və ictimai-tarix şöbələrinin yaradılmasında heç bir problem yaşanmadı. Belə ki, həmin şöbələr üçün nəzərdə tutulmuş ştat vahidləri tarix-filologiya fakültəsinin ştatlarına tam uyğun gəlirdi. Başqa sözlə, bu şöbələri təşkil etmək üçün zəruri olan kadr heyəti – alimlər və müəllimlər var idi.
Hüquq şöbəsinə gəlincə isə burada vəziyyət çox mürəkkəb idi. Belə ki, hüquq şöbəsinin birinci kursunu təşkil etməyə çalışarkən bəlli oldu ki, burada dərs demək üçün ən azı 3-4 yüksək ixtisaslı hüquqşünas kadr cəlb etmək lazım gələcək. Bu fakt ictimai elmlər fakültəsinin yaradılması layihəsində də qeyd olundu və həmin layihə Universitet Şurasının müzakirəsinə təqdim edildi. Müzakirələr zamanı qərara alındı ki, hüquq şöbəsinin açılmasının qarşısındakı obyektiv çətinliklər nəzərə alınsın. Xalq Maarif Komissarlığı da ADU-nun bu rəyini əsas götürərək 1923-cü il fevralın 26-da belə qərar qəbul etdi ki, universitetin tarix-filologiya fakültəsinin yenidən təşkil edilərək ictimai elmlər fakültəsinə çevrilməsinin dəqiq planı mövcud vəziyyət nəzərə alınmaqla hazırlansın. Direktiv orqanların bu tapşırığı hüquq şöbəsinin açılmasının yuxarıda göstərilən səbəblər ucbatından mümkünsüzlüyü reallığına əsaslanırdı.
Beləliklə, 1923-cü il aprelin 19-da tarix-filologiya fakültəsi tarix, dil və iqtisadiyyat şöbələrindən ibarət ictimai elmlər fakültəsinə çevrildi. Bu fakültədə hüquq şöbəsinin açılmamasına baxmayaraq oradakı dörd yeni kafedradan biri – Sovet Konstitusiyası kafedrası dövlətşünaslıq və dövlət hüququ fənnini öyrədirdi. Belə ki, hüquq professoru V.A.Udintsev orada mühazirə oxuyurdu.
1920-ci illərin ortalarından etibarən universitetdə aparılan struktur islahatları bu ali təhsil ocağının funksiyalarında və strukturunda köklü dəyişikliklərin əsasını qoydu. Bu illərdə universitetin professor-müəllim heyəti və tələbə kontingenti sürətlə artırdı (bu haqda əvvəlki fəsildə ətraflı danışılıb). Lakin eyni zamanda bu illərdə universitetin siması da, missiyası da sürətlə dəyişilirdi. Doğrudur, universitet böyüyürdü, fakültə quruculuğu, yeni kafedraların və ixtisasların açılması prosesləri lazımi qaydada gedirdi. Bununla belə universitetdə bir dövlətiləşmə, onun müstəqilliyinin məhdudlaşdırılması və bu elm-tədris ocağının sürətlə yuxarı orqanların nəzarətinə və tabeçiliyinə keçirilməsi meylləri də yetərincə qabarıq xarakter alırdı. Universitetin 1926-cı il nizamnaməsi onun müstəqilliyinə faktiki olaraq son qoydu və bununla da universitet yarımpedaqoji tədris müəssisəsinə çevrildi. Bu, əlbəttə ki, xoşagəlməz bir tendensiya idi.
Bununla yanaşı bir daha qeyd edək ki, universitetin dövlət orqanlarının tam nəzarəti altına keçməsinin mənfi cəhətləri ilə yanaşı bəzi müsbət tərəfləri də vardı və bunu nəzərdən qaçıraraq qiymətləndirməmək olmaz. Söhbət hər şeydən əvvəl universitetin maddi-texniki bazasının əsaslı şəkildə möhkəmləndirilməsindən, onun kitabxanasının yaradılmasından, yeni fakültə və kafedraların açılmasından, universitetə yeni müəllimlərin, professor-dosent heyətinin cəlb edilməsindən, tələbələrin sayının artmasından, Azərbaycan dilinin tədrisinin icbari elan edilməsindən, universitetdə türkləşdirmə siyasətinin sürətlə həyata keçirilməsindən gedir.
Bu mənada xüsusilə fakültə quruculuğu prosesini qeyd etməyə dəyər. Sovet hakimiyyəti üzləşdiyi kadr qıtlığını aradan qaldırmaq, özünə yeni mütəxəssislər ordusu hazırlamaq üçün universitet təhsilinə böyük önəm verirdi. Partiya, sovet, təsərrüfat, inzibati və dövlət orqanlarında işləmək üçün yetərincə ixtisaslı kadrlara malik olmayan yeni hökumət çalışırdı ki, milli kadrların hazırlanması işində bir dinamika və planlı fəaliyyət olsun. Bu məqsədlə yeni fakültələr yaradılması işi 1920-ci illərin ortalarından etibarən daha da sürətlənmişdi.