BDU Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı 2015-2016-cı illər üzrə hesabat

2015-2016- cı illər üzrə İdarə Heyətinin tərkibi və fəaliyyəti:

Orxan Şirinli - Sədr

Əhməd Bağırov        - Sədr müavini

Cəmilə Mustafazdə  - Sədr müavini

Orxan Bəşirli            - İdarə Heyətinin üzvü

Fidan Asifli              - İdarə Heyətinin üzvü

Durna Abdurreşidli  - İdarə Heyətinin üzvü

Sevinc Adıgözəlova - İdarə Heyətinin üzvü

Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı olaraq 2015-2016-cı tədris ili ərzində mütamadi olaraq təlimlər və elmi konfranslar həyata keçirilmişdir: İlk təlim 12 dekabr 2015-ci il tarixində  “Əql və mülkiyyət (hüquqi məsələlər)” mövzusunda keçirilmişdir. Təlim hüquq üzrə fəlsəfə doktoru, Baker&McKenzie in Azerbaijan hüquq şirkətinin Bakı ofisinin İdarəedici Ortağı Gündüz Kərimov tərəfindən aparılmışdır. Təlim müddətində Gündüz Kərimov əqli mülkiyyətin mahiyyəti, yaranma tarixi, qanuni əsasları haqqında tələbələrə geniş məlumat vermiş, bu sahədə mövcud olan problemlər və beynəlxalq praktika haqqında danışmışdır. Əqli mülkiyyətlə mülkiyyət hüququnun, müəlliflik və patent hüquqlarının fərqi, spesifik cəhətləri maraqlı analiz və misallarla tələbələrin diqqətinə çatdırılmışdır. Digər bir təlimisə, 18.12.2015-ci il tarixində “Beynəlxalq vergi hüququ (giriş)” mözusunda keçirilmişdir. Təlim beynəlxalq hüquq kafedrasının müəllimi, bu sahə üzrə mütəxəssis, PwC Azərbaycanın İdarəedici Partnyoru Mövlan Paşayev tərəfindən aparılmışdır. Təlimçi tədbir boyu vergi hüququnun prinsipləri, əsas cəhətləri, subyektləri, vergilərin növləri, həyata keçirilməsi üsulları və s. haqqında məlumat vermiş, dövlətdaxili və beynəlxalq praktika ilə bağlı bir sıra məsələləri kazuslarla izah etmişdir.

Hər iki təlim tələbələrin aktiv iştirakı və diskussiya şəraitində keçmiş, təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

2015-2016 tədrisilində BDU Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı tərəfindən müxtəlif mövzularda elmi konfranslar təşkil olunmuş və diskussiyalar aparılmışdır.

28 noyabr 2015-ci il tarixində  "Dövlət qulluğuna qəbul və Dövlət qulluğu haqqında qanunun şərhi" mövzusunda İnzibati hüquq kafedrasının dosenti Sübhan Əliyevin təqdimatında elmi konfrans keçirilmişdir. Konfrans boyu Sübhan Əliyev dövlət qulluğuna qəbulun praktiki məsələlərinə və qanunun bir sıra maddələrinə açıqlıq gətirmiş, tələbələri maraqlandıran sualları cavablandırmışdır. Aktiv müzakirələr və qarşılıqlı diskussiya şəraitində keçən konfrans tələbələrin böyük marağına səbəb olmuşdur. Digər bir konfrans Ali Məhkəmənin hakimi, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev tərəfindən mart ayının 17-si “Avropa İnsan Hüquqları Məhkəməsi” mövzusunda konfrans baş tutmuşdur. Vəfaddin müəllim Avropa İnsan Hüquqları Konvensiyasında və ona əlavə protokollarda təsbit olunmuş maraqlı müddəalara toxunmuş, Avropa İnsan Hüquqları Məhkəməsində baxılan işlərə istinad etmişdir. Ali Məhkəmənin praktikasında olan bir çox məhkəmə işləri və qərarları haqqında geniş məlumat verən hakim Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə məhkəmələrdə istinad olunması ilə bağlı məsələyə aydınlıq gətirmişdir. Digər bir konfrans aprel ayının 13-ü tarixində, Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibi (2012-2015), Harvard məzunu Vüsal Hüseynovun iştirakı ilə “Korrupsiya ilə mübarizə” mövzusunda təşkil olunmuşdur. Vüsal Hüseynov korrupsiya ilə mübarizə aparılmasının əhəmiyyəti, Azərbaycan Respublikasında korrupsiya ilə mübarizə ilə əlaqədar atılmış addımlar ,Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının fəaliyyəti və eyni zamanda beynəlxalq təcrübə haqqında məlumatlar paylaşıb.Tədbirin sonunda cənab Vüsal Hüseynov Hüquq fakültəsi TGT-ın dostu elan edilmiş və sədr Orxan Şirinli tərəfindən bu mükafat təqdim edilmişdir.