Kafedranın tarixi
1946-cı ildə Universitetdə Beynəlxalq hüquq kafedrasının açılışına moskvalı alim Fyodor Kojevnikov təşəbbüs göstərmiş, sonrakı illərdə bu kafedraya prof. Murtuz Ələsgərov rəhbərlik etmişdir. Lakin qısa müddət ərzində kafedra bağlanmışdır. Hazırda fəaliyyət göstərən kafedra 1979-cu ildən etibarən Əyyub Əsgərovun rəhbərliyi və 6 nəfər müəllimin – dosentlər Əli Məmmədli, Sabir Qayıbov, Fazil Məmmədov, Sveta Qurbanova, Ulduz Yusubova və baş müəllim Zemfira Əliyevanın iştirakı ilə fəaliyyətə başlamışdır. Bir ildən sonra kafedraya 2 gənc müəllim – Sədiyar Zeynalov və Rüstəm Məmmədov qəbul olunmuşlar.
1991-2011-ci illərdə də BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində fəaliyyət göstərən kafedraya gənc müəllimlər cəlb edildi. 2006-cı ilə qədər kafedranın adı “Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ” adlanırdı.
1991-1996-cı illərdə Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müdiri dosent Əli Cəlil oğlu Məmmədli olmuşdur. 1996-cı ildən kafedraya hüquq elmləri doktoru, professor Rüstəm Fəxrəddin oğlu Məmmədov rəhbərlik edir. O, bu kafedrada əmək fəaliyyətinə 1980-ci ildə BDU-nun Hüquq fakültəsini bitirdikdən sonra başlamış, 1987-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının aspiranturasını bitirmiş, 1989-cu ildə namizədlik, 2009-cu ildə isə doktorluq dissertasiya işini müdafiə etmişdir. Elmi rəhbərliyi ilə 60-a yaxın dissertasiya işi müdafiə edilmiş prof. R.F.Məmmədov 200-dən artıq elmi əsərin müəllifidir.
1995-1997-ci illərdə kafedraya bir sıra perspektivli gənc mütəxəssislər daxil oldu. Bunlara misal olaraq Əmir Əliyev, Əfsər Sadıqov, Əlizadə Məmmədov, Rahim Məmmədov, Zeynəb Axundova, Heydər Qəmbərov və digərlərini misal göstərmək olar. Hazırda Əmir Əliyev hüquq elmləri doktoru və professordur, eyni zamanda Hüquq fakültəsinin dekanı vəzifəsində çalışır. Əlizadə Məmmədov “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının müdiri, Əfsər Sadıqov hüquq elmləri doktorudur, digərləri isə hüquq üzrə fəlsəfə doktoru, dosentdirlər.
20 ildən çox müddətdə bu kafedra beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində kadr hazırlığının bilavasitə mərkəzində dayanmışdır. Hazırda Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışan Mikayıl Cabbarov da “beynəlxalq hüquq” ixtisasını bitirmişdir.
2006-cı ilin sentyabrından həmin kafedranın bazasında yeni kafedra – Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası yaradıldı. 2011-ci ildən sonra Universitetdə aparılmış bəzi struktur dəyişiklikləri nəticəsində Beynəlxalq ümumi hüquq kafedrası Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsindən ayrılaraq yenidən Hüquq fakültəsinin nəzdində fəaliyyət göstərməyə başlamışdır.
Hazırda kafedranın professor-müəllim heyəti aşağıdakılardan ibarətdir: professorlar - Rüstəm Fəxrəddin oğlu Məmmədov, Əfsər İsa oğlu Sadıqov, dosentlər - Ulduz Məhərrəm qızı Yusubova, Heydər Dəmir oğlu Qənbərov, Rahim Kamil oğlu Məmmədov, Zeynəb Əli qızı Axundova, Şəhriyar İbrahim oğlu Əliyev, Həcər Adil qızı Qasımova, Fəxriyyə İbrahim qızı Qurbanova, Mehriban Yusif qızı Məhərrəmova, Toğrul Tofiq oğlu Vəliyev, hüquq üzrə fəlsəfə doktorları Qulu Novruz oğlu Novruzov, Jalə İmran qızı Məmmədova, Günel Adil qızı Xasayeva, baş müəllimlər - Kənan Yusif oğlu Səfərli, Zemfira Ələsgər qızı Əliyeva, Humay Elçin qızı Əfəndiyeva və b.
Beynəlxalq ümumi hüquq kafedrasının yetirmələri arasında müxtəlif dünya dövlətlərində məsul vəzifələrdə çalışan şəxslər vardır. Onlardan böyük bir qismi beynəlxalq təşkilatların (BMT, UNESCO, FAO, İCAO, Afrika ölkələri Birliyi, Ərəb Ölkələri Cəmiyyəti, Amerika Dövlətləri Təşkilatı, ASEAN və digər beynəlxalq təşkilatlar) aparıcı və rəhbər işçiləridir. Bundan başqa, məzunların bir qismi öz ölkələrində dövlət strukturlarında yüksək vəzifələrdə çalışırlar (nazir, nazir müavinləri, idarə rəisləri və s.). Belə ki, “beynəlxalq hüquq” ixtisasının məzunu və əslən Almaniyadan olan Karmen Tille hazırda Frankfurt – Oder Universitetinin professoru, h.ü.f.d. Mamun Atta Mustafa hal-hazırda UNESCO-nun departament rəhbəri, h.ü.f.d. Bakri Səid Sudanın Xartum Universitetinin Hüquq fakültəsinin dekanı, h.ü.f.d. Mehdi Əli Yəmənin Ali Məhkəmə sistemində hakimlər kollegiyasının sədri, h.ü.f.d. Alfa Ali Dumbuya Syerre Leone Respublikasının Xarici İşlər Nazirliyində səfir statusunda çalışır.