Kafedranın tarixi

Universitetdə Hüquq fakültəsi nəzdində Cinayət hüququ kafedrası 1927-ci ildə təsis edilmişdir. Kafedranın təşkil edilməsində Moskva Dövlət Universitetinin və Saratov Dövlət Universitetinin alimləri yaxından iştirak etmişlər. Kafedranın ilk müdiri məşhur kriminalist alim prof. N.N.Polyanski olmuşdur. Kafedrada o dövrdə prof. M.D.Durmanov, prof. A.R.Günter kimi tanınmış alimlər çalışmışdır. Kafedrada tədris planı tərtib edilmiş, Moskva və Saratov Universitetlərindən kafedranın xətti ilə tədris olunan fənlər üzrə zəruri ədəbiyyatlar gətirilmişdir. Həmin dövrdə kafedrada elmi-tədqiqat işləri də aparılmışdır. 1928-1929-cu illərdə Universitetin “Hüquq bölməsi üzrə Xəbərlər” seriyasında cinayət hüququnun müxtəlif məsələlərinə həsr edilmiş məqalələr dərc edilmişdir.

XX əsrin 40-cı illərin əvvəllərindən 70-ci illərin sonuna kimi Cinayət hüququ kafedrasına prof. Vahid Qəhrəmanov rəhbərlik etmişdir. Bu dövrdə cinayət hüququ profili üzrə elmi-pedaqoji kadrların hazırlanmasında, tədris-metodiki işin təkmilləşdirilməsində, elmi-tədqiqat işlərinin təşkilində, respublikada yeni cinayət qanunvericiliyinin hazırlanmasında prof. V.P.Qəhrəmanovun xüsusi xidmətləri olmuşdur.

XX əsrin 50-ci illərində cinayət hüququ sahəsində namizədlik dissertasiya işi müdafiə edən ilk azərbaycanlı qadını Bilqeyis Haşımzadə Cinayət hüququ kafedrasının aparıcı müəllimlərindən olmuşdur. 1969-1979-cu illərdə Cinayət hüququ kafedrasında üç nəfər elmlər doktoru, professor (V.P.Qəhrəmanov, İ.P.Məmmədov, T.M.Qafarov) və beş nəfər elmlər namizədi, dosent (M.Əliyeva, X.Q.Süleymanov, V.V.Rosipaşvili, F.Y.Səməndərov, R.İ.Quliyev) çalışmışlar.

1976-1986-cı illərdə Cinayət hüququ kafedrasına h.e.d., professor İsa Paşa oğlu Məmmədov rəhbərlik etmişdir. Onun kafedraya rəhbərlik etdiyi dövrdə tədris intizamının möhkəmləndirilməsinə, kafedrada elmi seminarların keçirilməsinə, elmi-tədqiqat işlərinin genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Prof. İ.P.Məmmədovun kafedraya rəhbərlik etdiyi dövrdə “Dövləti cinayətlər”, “Sosialist mülkiyyəti əleyhinə olan cinayətlər”, “Şəxsiyyət əleyhinə olan cinayətlər” və s. dərs vəsaitləri, “Azərbaycan SSR Cinayət Məcəlləsinin elmi-praktiki Kommentariyası» dərc edilmişdir. Prof. İ.P.Məmmədovun kafedraya rəhbərlik etdiyi dövrdə Vyetnam və Yaxın Şərq ölkələri üçün gənc hüquqşünas-alimlər hazırlanmışdır. Bundan əlavə, T.E.Qarayevin, F.Y.Səməndərovun, R.Ə.Şəmsizadənin monoqrafik xarakterli tədqiqat işləri (“Sovet cinayət hüququnda residiv problemi”, “Təkrar cinayətlər”, “Sovet kriminologiyasının bəzi məsələləri”, “Cinayətin tövsifinin elmi əsasları” və s.) dərc edilmişdir.

1988-1995-ci illərdə Cinayət hüququ kafedrasına hüquq elmləri doktoru, professor, əməkdar elm xadimi T.M.Qafarov rəhbərlik etmişdir. Prof. T.M.Qafarovun kafedraya rəhbərlik etdiyi dövrdə kafedrada elmi kadrların hazırlanması işinə xüsusi qayğı göstərilmiş, çoxsaylı tədqiqatçı elmlər namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

Kafedranın ölkənin qabaqcıl təhsil müəssisələri ilə, xüsusən Moskva Dövlət Universitetinin və Sankt-Peterburq Dövlət Universitetinin Cinayət hüququ kafedraları ilə yaxın elmi əlaqələri olmuşdur. Kafedrada qeyd edilən dövrdə “Əmlakın talanmasına görə cinayət məsuliyyətinin problemləri” (Ç.F. Mustafayev), “Cinayətin tövsifinin nəzəri əsasları” (T.E.Qarayev və R.Ə.Şəmsizadə), “Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizə problemləri” (T.E.Qarayev), “Cinayətin subyektiv cəhəti” (F.Y.Səməndərov), “Cinayət və cəza haqqında” (F.Y.Səməndərov) və s. dərs vəsaitləri, monoqrafik tədqiqat əsərləri yazılmışdır.

1995-ci ildən 2019-cu ilin iyul ayına qədər BDU-nun Cinayət hüququ kafedrasına h.e.d., prof. F.Y.Səməndərov rəhbərlik etmişdir. F.Səməndərov 2019-cu ilin iyul ayından Cinayət hüququ və kriminologiya kafedrasında professor məsləhətçi  kimi fəaliyyətini davam etdirmişdir. 2019-cu il oktyabrın 24-də F.Səməndərov vəfat etmişdir.
2019-cu ili iyul ayındam Cinayət hüququ və kriminologiya kafedrasına hüquq üzrə elmlər doktoru, professor Şəhla Tofiq qızı Səmədova rəhbərlik edir.