Kafedranın tarixi

1968-ci ildə Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının bazasında iki müstəqil kafedra: Cinayət hüququ və Cinayət prosesi və kriminalistika kafedraları yaradıldı. 1980-ci ildə isə Cinayət prosesi və kriminalistika kafedrası əsasında yenidən iki müstəqil kafedra – Cinayət prosesi və Kriminalistika kafedraları təşkil edildi. H.e.d, professor C.H.Mövsümov 1968-1980-cı illərdə Cinayət prosesi və kriminalistika kafedrasına, 1980-2005-ci illərdə isə Cinayət prosesi kafedrasına rəhbərlik etmişdir.

Cəfər Hacı-Həsən oglu Mövsümov (1927-2005) 1948-ci ildə Leninqrad Hüquq İnstitutunu bitirərək 1951-ci ildə Moskva şəhərində namizədlik, 1966-cı ildə isə Tbilisi şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. 8 monoqrafiya, 6 dərs vəsaiti, “Sovet cinayət prosesi” dərsliyi və 100-dən artıq elmi məqalənin müəllifi olan prof. C.H.Mövsümovun elmi rəhbərliyi ilə bir neçə hüquq elmləri doktoru və onlarla hüquq elmləri namizədi müdafiə etmişdir. Müxtəlif illərdə kafedrada tanınmış alim və pedaqoqlar – Q.Məmmədov, Ə.İbrahimov, L.Şuster, V.Hüseynov çalışmışlar.

2008-ci ilin yanvar ayından kafedraya hüquq üzrə elmlər doktoru, professor Firuzə Məmməd qızı Abbasova rəhbərlik edir. Prof. F.M.Abbasova 100-dən çox elmi əsərin, o cümlədən 1 monoqrafiya, 2 dərslik və 2 dərs vəsaitinin müəllifidir. F.M.Abbasovanın “Çəkişmə prinsipi: inkişaf tarixi, müasir problemləri və onların həlli yolları” və “Cinayət prosesində məhkəmə sübutları” adlı monoqrafiyası, “Cinayət prosesində çəkişmənin prinsipləri” adlı dərs vəsaiti, “Cinayət prosesi” (ümumi və xüsusi hissələr) dərslikləri, M.S.Qəfərovun “Hüquq mühafizə orqanları” adlı dərsliyi, “Azərbaycan Respublikasının cinayət prosesində şəxsiyyətin hüquqi vəziyyəti: nəzəri və təcrübi məsələlər” adlı monoqrafiyası, Ə.Ə.Qasımovun “Məhkəmə nitq və mübahisələr mədəniyyəti” adlı dərs vəsaiti, “Məhkəmə nitq mədəniyyətinin əsas istiqamətləri” adlı monoqrafiyası, M.A.Qasımovanın “Azərbaycan Respublikası cinayət prosesinin prinsipləri” dərs vəsaiti, K.E.Hüseynovanın “İbtidai istintaqda sübutların mümkünlüyü” adlı dərs vəsaiti, X.R.Vəliyevin “Dövlət ittihamının müdafiə edilməsinin müasir problemləri” adlı dərs vəsaiti, Q.V.Cəfərovun “Azərbaycan Respublikasının yeni cinayət-prosessual qanunvericiliyində ibtidai istintaqda təqsirləndirilən şəxsin dindirilməsinin bəzi prosessual məsələləri” adlı monoqrafiyası nəşr edilmişdir. Hər il kafedra əməkdaşlarının cinayət prosesinin müxtəlif problemlərinə həsr olunmuş elmi məqalələri respublikanın və xarici ölkələrin nüfuzlu jurnallarında nəş rolunur.

Hazırda Cinayət prosesi kafedrasında Firuzə Məmməd qızı Abbasova və Midhəd Seyidəhməd oğlu Qəfərov olmaqla 2 hüquq elmləri doktoru – professor, dosentlərdən Mədinə Ağasəlim qızı Qasımova, Cabir Zahid oğlu Xəlilov, Könül Elman qızı Hüseynova, Ərəstun Əliyar oğlu Qasımov, Rauf Hüseyn oğlu Rüstəmov və Qəhrəman Vaqif oğlu Cəfərov, hüquq üzrə fəlsəfə doktorları – Xanlar Rüstəm oğlu Vəliyev və Natiq Abusət oğlu Axundov, baş müəllim Abbas Musa oğlu Atakişi, müəllim Sevinc Vaqif qızı Sadıqova, iki laborant – Lalə İsmayıl qızı Məmmədova və İlhamə Siyafər qızı Əliyeva çalışırlar.

Kafedrada insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə əlaqədar məsələlərə məhkəmə tərəfindən baxılması, sadələşdirilmiş icraatdan ibtidai istintaqa keçilməsinin əsasları və qaydası, ibtidai istintaqın qurtarması, mülki iddianın verilməsi xüsusiyyətləri, ittihamın xarakterinin və həcminin dəyişdirilməsi məsələləri, xüsusi biliklərin tətbiqi barədə qərarların çıxarılması və icrası məsələləri, cinayət prosessual fəaliyyətin həyata keçirilməsi zamanı cinayət işi başlama əsaslarının aşkarı və qəbul edilən qərarlar, təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması zamanı prosessual rəhbərliyin və məhkəmə nəzarətinin təmin edilməsi, həbsə alma qətimkan tədbirinin tətbiqi əsaslarının təkmilləşdirilməsi yolları mövzularında elmi-tədqiqat işləri yerinə yetirilir.

Kafedra əməkdaşları mütəmadi olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ekspert qismində iştirak edir, respublika qanunvericilik orqanı, həmçinin respublikanın hüquq mühafizə orqanları ilə daimi əlaqə saxlayır, məhkəmə təcrübəsi materiallarını öyrənərək qüvvədə olan cinayət-prosessual və digər sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində nəzərə alınmış bir sıra səmərəli təkliflərlə çıxış edirlər.