Dəniz və enerji hüququ üzrə magistratura pilləsi

2013/2014— cü tədris ilindən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Dəniz və enerji hüququ” ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. Tədris inglis dilində aparılır. Bakı Dövlət Universitetinin Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə məhsuldar əməkdaşlığı “Dəniz və enerji hüququ” ixtisası üzrə magistratura pilləsinin təsis olunmasına öz töhvəsini verdi. Belə ki, 2012-ci ildə bağlanan Anlaşma Memorandumuna əsasən, USAİD “Dəniz və enerji hüququ” üzrə magistratura proqramının yaradılmasında BDU-ya həm maliyyə, həm də logistik yardım göstərmişdir. Beynəlxalq standartlara uyğun magistratura proqramının təsis edilməsi üçün bu sahədə qabaqcıl təhsil ocağı olan ABŞ-ın Tuleyn Universiteti ilə sıx əməkdaşlıq quruldu ki, o da  tərəflər arasında Niyyət Protokolunun imzalanması  ilə nəticələndi. Niyyət Protokolunun məqsədi regionda dəniz və enerji hüququ üzrə ixtisaslaşmış mütəxəssislər hazırlamaq məqsədilə sistemli akademik əlaqələr yaratmaqdır. Sözügedən protokolda Bakı Dövlət Universitetində Beynəlxalq Dəniz və Enerji hüququ üzrə magistratura programının yaradılması, universitetlər arasında müəllimlərin və tələbələrin mübadiləsi, müxtəlif proqramlar və birgə tədbirlər keçirilməsi, klinika proqramlarının müşahidəsi, tərəflər arasında gələcək əməkdaşlığın inkişafı kimi məsələlər öz əksini tapmışdır.

İki təhsil ocağı arasında qurulan əməkdaşlığa əsasən, Tuleyn Universitetinin professorları- prof. Kit Hol, prof. Martin Devis və prof. Maşel Hol 2013/2014 və 2014/2015-ci tədris illəri ərzində bir ay müddətində “Dəniz və enerji hüququ” ixtisasında təhsil alan magistratura tələbələrinə dəniz hüququ, enerji hüququ və ətraf mühit hüququ üzrə intensiv kurslar keçmişdirlər.

Tuleyn Universiteti və Bakı Dövlət Universiteti arasında qurulan əməkdaşlıq sayəsində artıq iki ildir ki, Bakı Dövlət Universiteti, BP, yerli hüquq şirkəti olan EKVİTA, Tuleyn Universiteti, Chevron şirkətinin birgə təşkilatçılığı ilə  “Azərbaycan Respublikasında Dəniz və enerji hüququ: beynəlxalq və milli perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın gündəliyinə hasilatın pay bölgüsü dövlət tənzimlənməsinin forması kimi, enerji üzrə müzakirələr və s. kimi aktual məsələlər daxil edilmişdir. Belə konfransların təşkili işgüzar dairələrlə tələbələr arasında əlaqələrin yaradılmasına və fikir mübadiləsinə təkan verir.

Qeyd etmək istərdik ki, Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə fakültənin iki əməkdaşı Tuleyndə “Dəniz və enerji hüququ” üzrə magistratura ixtisası üzrə təhsil alıblar və öz pedaqoji fəaliyyətlərini BDU-nun Hüquq fakültəsinin eyni adlı magistratura proqramında davam etdirirlər. “Dəniz və enerji hüququ” ixtisası üzrə magistratura proqramında dərsləri Oksford, Kembridc, Oslo Universiteti, Dundi Universiteti (Şotlandiya), Kaliforniya Universiteti kimi xarici təhsil ocaqlarını bitirmiş müəllim heyəti aparır.

Tədris olunan fənlərin siyahısı və kurrikulum beynəlxalq təhsil standartlarına uyğundur və aşağıdakı fənlərdən ibarətdir:

Humanitar fənlər:

1) Xarici dil (6 kredit)

2) Ali məktəb pedaqogikası (4 kredit)

3) Hüquq psixologiyasının aktual problemləri (2 kredit)

Seçmə fənn:

1) Hüquq fəlsəfəsi (2 kredit)

2) Hüquqi yazı və tədqiqatlar (2 kredit)

İxtisas fənləri:

1) Hüquq elminin müasir problemləri (4 kredit)

2) Hüquq elminin tarixi və metodologiyası (2 kredit)

3) Avropa Məhkəməsi predsedent hüququ (4 kredit)

İxtisaslaşma fənləri:

1) Ümumi dəniz hüququ xüsusi hüquq kontekstində (Admiralty Law I) (8 kredit)

2) Ekoloji çirklənməyə nəzarət və ətraf mühit hüququ (Pollution Control and Enviromental Law) (6 kredit)

3) Dəniz hüququ II (xüsusi hüquq kontekstində) (Admiralty Law II) (6 kredit)

4) Dəniz, enerji hüququnda və beynəlxalq əməliyyatlarda mübahisələrin alternativ həlli

(ADR in Energy Law, Maritime Law, and International Transactions) (6 kredit)

5) Gəmi sənədləşdirməsi və maliyyə (Vessel Documentation and Finance) (4 kredit)

6) Təbii ehtiyatlar hüququ (Natural Resources Law)( 4 kredit)

7) Təbii qaz və neft müqavilələri (Oil and Gas Contracts) (4 kredit)

8) Xəzər dənizində enerji hüququ  (Energy Law in the Caspian) (4 kredit)

Seçmə fənlər:

1) Beynəlxalq Dəniz hüququ(beynəlxalq ümumi hüquq kontekstində)(International Law of the Sea) (8 kredit)

2) Beynəlxalq Dəniz Ticarəti Hüququ (International Sale of Goods by Sea) (8 kredit)

3) Ümumi enerji hüququ (General Energy Law) (8 kredit)

4) İnsan hüquqlarının ekoloji aspektləri (Environmental Aspects of Human Rights) (8 kredit)

5) Dəniz hüququnda beynəlxalq konvensiyalar (International Conventions in Maritime Law) (8 kredit)

6) Beynəlxalq maliyyə və enerji əməliyyatları (International Finance and Energy Transactions) (8 kredit)

7) Dənizin çirklənməsi və təmizlənməsi (Marine Pollution and Claen-up) (8 kredit)

8) Neft Sahəsində Vergitutma (Petroleum Taxation) (8 kredit)

9) Dəniz üzrə malların daşınması /tərəflərin nizamnaməsi (Carrige of Goods by Sea /Charter Parties) (8 kredit)