ELMİ İŞ

  

     Dünya ölkələrinin ali məktbələrində olduğu kimi, Bakı Dövlət Universitetinin professor-müəllim kollektivi öz fəaliyyətini iki istiqamət üzərində qurur –  elmin inkişafı, elmi tədqiqatların aparılması   və elmin müxtəlif sahələrinin nailiyyətləri nəzərə alınaraq tədrisin təşkili.

            Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası da fəaliyyətini bu iki istiqamət üzərində  kökləmiş, öz diqqətini tədris prosesinə cəlb etməklə yanaşı, üzvlərinin fəaliyyətini elmi tədqiqatların aparılmasına, ictimai inkişafın tələbatlarına uyğun, onları əks etdirən problemlərin həllinə yönəltməsini təşkil etmişdir. Bu böyük və mühüm vəzifənin yerinə yetirilməsində kafedra bir neçə vacib məqamları əldə rəhbər tutmuşdur. Bunlar aşağıdakılardır:

            - ilk növbədə tədqiqat obyekti olan problemlərin dövlətin inkişaf istiqamətləri ilə bağlılığı;

            - elmi tədqiqatların yeniliyi, müasirliklə uzlaşması;

            - elmi tədqiqatların tətbiqi səciyyəsi, onların praktiki əhəmiyətinin gözlənilməsi;

            - elmi tədqiqatların tədris olunan fənnlərin elmi məsələlərinə, onların dərindən öyrənilməsinə xidmət etməsi.

            Kafedra üzvləri tərəfindən tədqiqat mövzularının seçilməsi və araşdırılması elə bu göstərilən amillərlə şərtlənmişdir.

            Fəaliyyətinin ilk iki onilliyi ərzində  kafedranın kollektivi müvafiq fənlər üzrə tədrisin təşkili və aparılması ilə yanaşı, əsasən iki istiqamətdə – dövlət və hüquq nəzəriyyəsinin və  dövlət və hüquq tarixinin problemləri istiqamətində elmi iş aparırdı. XX əsrin 70-ci illərinin sonu – 80-ci illərində elmi  işlərin aparılma istiqaməti daha da genişləndirilmiş və bir neçə bloku əhatə etmişdir. Bunların içərisində: sosialist dövləti və sovet demokratiyası nəzəriyyəsinin  inkişafı;  elmi-texniki proqres və dövlət və hüququn inkişafının nəzəri problemləri; Azərbaycanın dövlət və hüququ; milli siyasi və hüquqi təlimlər tarixi və s.-ni gösrtərmək olar. 

            Təqdirəlayiq haldır ki, kafedra üzvlərinin elmi tədqiqatlarının nəticələrinin dərci kafedra tərəfindən təşkil edilmiş və dörd məcmuədə buraxılmışdır: “M.F.Axundov və Azərbaycanda siyasi-hüquqi fikrin inkişafı” (ADU-nun nəşriyyatı, Bakı, 1983); “Hüquq və hüquq ideologiyası” (ADU-nun nəşriyyatı, Bakı, 1986); “Hüquq, qanunçuluq və demokratiya” (ADU-nun nəşriyyatı, Bakı, 1988); “Siyasət və hüquq: tarix və müasirlik” (BDU-nun nəşriyyatı, Bakı, 1990).

            Qeyd etmək lazımdır ki, əvvəlki dövrlərdə və sonrakı illərdə kafedra əməkdaşlarının dərc olunmuş elmi əsərləri əsasən Azərbaycanın dövlət və hüququnun nəzəri və tarixi problemlərinə həsr edilmişdir. Belə ki, dos. Ə.H.Əliyevin «Azərbaycan SSR-nin konstitusion inkişafı» (Bakı, 1976), «Respublikamızın Əsas Qanunu» (Bakı, 1987), dos. M.M.Altmanın «XIX əsrdə Azərbaycanda əhalinin hüquqi vəziyəti» və s.-ni göstərmək olar.

            Hüquqi dövlət quruculuğu istiqamətində intensiv işlərin aparıldığı, hüquqi islahatlara rəvac verildiyi sonrakı illərdə qazanmış ənənəni davam etdirərək, kafedra əməkdaşları suveren  Azərbaycan dövləti və hüququ ilə bağlı problemlər üzərində işləməyi özlərinə borc bilib çoxlu elmi məqalələr, broşürlər dərc etmişlər. Bunların sırasında prof.M.F.Məlikovanın «Azərbaycan Respublikasında qanunvericiliyin konstitusiya-hüquqi əsasları», «Azərbaycanda hüquqi islahat və Konstitusiya Məhkəməsi», «Naxçıvan Muxtar Respublikasının konstitusion inkişafının bəzi aspektləri», X.C.İsmayılovun  «Yerli özünüidarəetmənin təşəkkülü və inkişafının bəzi nəzəri problemləri haqqında», «Yerli özünüidarəetmə: hüquqi təbiəti və sistemli yanaşmanın bəzi aspektləri», K.V.Talıbovanın  “Məhkəmə -  insan hüquqları müdafiəsinin ən səmərəli vasitəsi  kimi”, M.N.Səmədovun “Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin fəaliyyətinin beynəlxalq-hüquqi əsasları” və s. qisim əsərlər müasir dövrümüzdə elmin ən aktual problemlərinin tədqiqinə həsr olunmuşdur.

            Kafedranın elmi tədqiqat işlərinin əsas istiqamətlərindən biri də Azərbaycanda siyasi-hüquqi fikir tarixinin işlənilməsindən ibarətdir. Bu, özlüyündə tamamilə yeni, Azərbaycanda ideologiyanın işlənməmiş sferasıdır, ona görə ki, Sovet dövrünün əsas tədqiqatları əcnəbi və rus mütəfəkkirlərinin təlimlərinin araşdırılmasına istiqamətlənmişdir.  Həqiqəti bərpa etmək  zərurəti yaranmışdı. Azərbaycan xalqının özünün fəlsəfi və siyasi-hüquqi fikir tarixinə malik olmasını sübut etmək lazım idi. Azərbaycanın ictimai-siyasi və hüquqi fikir tarixinin nümayəndələrinin adları Qərbin və Şərqin dahi mütəfəkkirləri  cərgəsinə həkk olunmuşdur.  Bu vəzifə bir çox tədqiqatçıların səylərinin birləşdirilməsini tələb edirdi. Tədqiqatçıların məktəbini yaratmaq zərurəti ortaya çıxmışdı və bu istiqamətdə mürəkkəb  bir işin başlanğıcına qədəm qoyulmuşdu. Həmin ağır işin nəticəsi olaraq  kafedranın səyləri ilə respublikada və hətta onun hüdudlarından kənarda da ilk dəfə olaraq hüquq elmində  yeni istiqamət – Vətən siyasi və hüquqi təlimlər tarixi elmi formalaşdırıldı. Bütün keçmiş sovet respublikalarında BDU-nun Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının təcrübəsi yayılaraq “Vətən siyasi və hüquqi təlimlər tarixi” fənni onların universitetlərinin tədris proqramlarına daxil edilmişdir. Təbiidir ki, bu proses həmin sahədə monoqrafiyaların, elmi məqalələrin, dərsliklərin, dissertasiya işlərinin yazılması ilə müşayiət olunurdu.

            Milli siyasi-hüquqi ideologiyanın işlənib hazırlanması prosesinin başlanğıcı prof.M.F.Məlikovanın dissertasiya tədqiqatları ilə (namizədlik və doktorluq dissertasiyaları), onun “M.F.Axundovun ictimai-siyasi baxışları” (Bakı, 1958), “XIX-XX əsrin əvvəllərində Azərbaycanda siyasi-hüquqi təlimlər tarixi” (Bakı, 1972), 1984-cü ildə h.e.n., dos.E.R.Bayramovla şərikli müəllifliklə yazılmış   “Azərbaycanda siyasi-hüquqi nəzəriyyələr tarixi (qədim dövrlərdən XX əsrin əvvələrinədək)” monoqrafiyaları, bu sahədəki çoxsaylı elmi məqalələri ilə qoyulmuşdur. Həmin elmi əsərlərdə hüquq elmində ilk dəfə olaraq problemli tədqiqat metodundan istifadə  edilməklə görkəmli Azərbaycan mütəfəkkirlərinin siyasi-hüquqi ideyaları, müasir dövrə qədər bu sahədə tədqiqat obyektinə məruz qalmayan problemlərin ilk tədqiqatı aparılmışdır. 

            Sonrakı dövrlərdə həmin problemin işlənməsi prof.M.F.Məlikova və onun yetirmələri tərəfindən davam etdirilmiş, onların elmi tədqiqatlarının əsasında  böyük Azərbaycan mütəfəkkirlərinin siyasi və hüquqi təlimləri durmuşdu. Yalnız qeyd etmək kifayətdir ki, son illərdə həmin sahə üzrə aşağıdakı namizədlik dissertasiyaları müdafiə edilmişdir: “S.Ağamalıoğlunun ictimai-siyasi və hüquqi  görüşləri”(dos.E.R.Bayramov), “Avestada siyasi və hüquqi ideyalar” (S.Qəmbərov), “İxvan  əs-Səfa” cəmiyyətinin sosial-siyasi təlimi” (C.Hüseynov), “XII əsr Azərbaycan şair-mütəfəkkirlərinin siyasi-hüquqi görüşləri” (D.Məmmədova), “C.Məmmədquluzadənin ictimai-siyasi və hüquqi görüşləri” (T.Zeynalova) və s.  Bununla yanaşı, Şərq ölkələrinin mütəfəkkirlərinnin siyasi və hüquqi təlimlərinin tədqiqinə  - İbn Həldunun, Əl-Fərabinin siyasi və hüquqi təlimlərinin araşdırılmasına müraciət olunmuşdur.

            Beləliklə, prof.M.F.Məlikovanın təşəbbüsü və elmi rəhbərliyi altında Azərbaycanda siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbi yaradılmış, ölkəmizdə milli siyasi  və hüquqi fikir tarixinin öyrənilməsinin əsası qoyulmuş, hüquqşünaslıqda yeni bir istiqamət yaradılmışdır.

            Bununla belə, göstərilən istiqamətlə paralel olaraq, kafedrada müasir dövlət və hüquq nəzəriyyəsi və tarixi problemləri ilə  də bağlı   tədqiqatlar aparılmış, monoqrafiyalar, elmi məqalələr dərc edilmişdi. Bunlar əsasən Azərbaycan qanunvericiliyinin proqnozlaşdırılmasına (prof.M.F.Məlikova), insan hüquq və azadlıqlarının mühafizəsinin konstitusion əsaslarına, onların mühafizə mexanizminə (h.e.n. K.V.Talıbova), Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi və onun təkmilləşdirilməsində qanunvericilik texnikasının roluna (F.Ə.Seyidov), xarici ölkələrin hüquq sisteminin xüsusiyyət və mənbələrinə (dos.E.Q.Nəbiyev), müasir dövrdə Azərbaycanda həyata keçirilən məcəllələşdirmə fəaliyyətinə (E.R.Quliyev) və s. həsr olunmuşdur.