Fakültənin tarixi

Hüquq fakültəsi bu gün BDU-nun aparıcı, nüfuzlu və ən böyük fakültələrindən biridir. Hüquq fakültəsinin tarixi böyük və zəngindir, belə ki, o, az qala BDU-nun özü ilə yaşıddır. Hüquq fakültəsinin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapmışdır. Qanun Bakıda dörd fakültədən – Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin yaradılmasını nəzərdə tutmuşdur. Bununla belə, yalnız iki fakültə – dörd kursdan ibarət tibb fakültəsi və bir (birinci) kursdan ibarət tarix-filologiya fakültəsi üçün müvəqqəti ştat və smeta müəyyən edilmişdir. Həmin dövrdə Hüquq fakültəsini (eləcə də fizika-riyaziyyat fakültəsini) sırf maddi-texniki səbəblər və hüquqşünas kadrların çatışmazlığı səbəbindən yaratmaq mümkün olmamışdır.

Milli kadr çatışmazlığı özünü ictimai həyatın bütün sahələrində büruzə verirdi. Bununla belə, hüquqşünas kadrların çatışmazlığı özünü daha kəskin şəkildə göstərirdi. Bu səbəbdən də Xalq Maarif Komissarlığı ölkədə ali hüquq təhsili verən bir elm-tədris ocağının yaradılması və hüquqşünas kadrların hazırlanması məsələsinə 1920-ci illərin ortalarından etibarən xüsusi diqqət yetirməyə başlamışdır. Həmin illər yalnız Şərq fakültəsi hüquq şöbəsinin yaradılması üçün uyğun istiqamətli qurum idi. Nəhayət, 1927-28-ci dərs ilində Şərq fakültəsinin nəzdində hüquq şöbəsi fəaliyyətə başlamışdır. Bu, Azərbaycan xalqının tarixində ilk dəfə olaraq məhkəmə və inzibati-dövlət aparatı orqanlarında çalışa bilən milli hüquqşünas kadrların hazırlanmasının başlanğıcı idi. Hüquq şöbəsinin bazasında 1928-ci il dekabrın 17-də müstəqil fakültə təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, Şərq fakültəsi nəzdində hüquq şöbəsinin təşkili məsələsində Universitetin o dövrdəki rektoru (özü də ilk azərbaycanlı rektoru) – böyük təşkilatçı, görkəmli ədib və dövlət xadimi Tağı Şahbazinin müstəsna xidmətləri olmuşdur.

Hüquq fakültəsi iki şöbədən – məhkəmə və inzibati-təsərrüfat şöbələrindən ibarət olmuşdur. Dövlət və hüquq nəzəriyyəsi üzrə görkəmli mütəxəssis, tanınmış hüquqşünas, Qırmızı Professura İnstitutunun məzunu, prof. A.O.Mişel ADU-nun Hüquq fakültəsinin ilk dekanı təyin olunmuşdur. Həmin dövrdə Hüquq fakültəsinin təşkili və formalaşdırılması prosesi çox çətin şəraitdə getmişdir. Çünki Azərbaycanda elmi dərəcəli milli hüquqşünas kadrlar, ali hüquq təhsilli pedaqoqlar, demək olar ki, yox idi. Hüquq fakültəsinin fəaliyyətini təmin etmək üçün rus alimlərinə müraciət etmək qaçılmaz idi. Hökumət orqanları məsələni məhz bu yolla həll etməyə üstünlük verirdi. Bunu nəzərə alan rəhbər orqanlar Moskva, Saratov və digər universitetlərdən hüquqşünas alimləri Bakıya dəvət etmişdir. Beləliklə, Rusiyanın müxtəlif ali məktəblərindən Bakıya dəvət olunmuş alimlərin, o cümlədən professorlar N.N.Polyanski, N.D.Durmanov və başqalarının yaxından köməyi ilə ADU-nun Hüquq fakültəsi fəaliyyətə başlamışdır.

Hüquq fakültəsi müstəqil fakültə kimi fəaliyyətə başlayanda onun 11 kafedrası var idi: Hüquq və dövlət nəzəriyyəsi; Tarixi və dialektik materializm; Hüquq fəlsəfəsi; Təsərrüfat məişəti tarixi; Beynəlxalq hüquq; Cinayət hüququ; Təsərrüfat hüququ; Mülki hüquq; Dövlət hüququ; Ticarət-sənaye hüququ və statistika.

Bu kafedralar fəlsəfə-sosiologiya, hüquq və iqtisad fənn komissiyalarında birləşirdilər. Hüquq fakültəsi yarananda burada Sovet qanunvericiliyi fənnindən kafedranın müdiri prof. V.A.Udintsev, Dövlət və hüquq nəzəriyyəsi fənnindən kafedranın müdiri prof. A.O.Mişel, Mülki hüquq fənnindən eyniadlı kafedranın müdiri prof. V.N.Dyakov və Cinayət hüququ fənnindən kafedranın müdiri prof. N.N.Polyanski dərs deyirdilər. Təşkilindən az vaxt keçməsinə baxmayaraq, Hüquq fakültəsi qısa müddətdə Universitetin ən aparıcı fakültələrindən birinə çevrildi.

1930-cu ilin əvvəllərində Universitetin bağlanması məsələsi meydana çıxmışdır. Bu isə öz növbəsində Hüquq fakültəsinə də təsirini göstərmişdir. Belə ki, 1930-cu ilin iyununda ADU-nun Hüquq fakültəsinin bazasında Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu yaradılmışdır və o, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ixtiyarına verilmişdir. Hüquq fakültəsi tarixinin universitet mərhələsinin birinci hissəsi belə yekunlaşmışdır. Hüquq fakültəsinin 1930-cu ildən 1941-ci ilədək, yəni yenidən ADU-nun tərkibinə qaytarılana qədər olan dövrü haqqında danışarkən vurğulamaq lazımdır ki, o illərdə fakültə partiya-sovet orqanları üçün ideoloji və inzibati-təsərrüfat kadrları hazırlamışdır.

Beləliklə, Hüquq fakültəsi 1930-1933-cü illərdə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu kimi fəaliyyət göstərmiş, 1933-cü ildə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun tələbə-müəllim kontingenti İctimai-İqtisadi İnstitutun tərkibinə verilmiş və həmin İnstitutun Hüquq fakültəsinə çevrilmişdir. Hüquq fakültəsinin tarixinə onun ilk azərbaycanlı dekanı kimi (Böyükağa Mirqasım oğlu Talıblının Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun direktoru kimi fəaliyyəti nəzərə alınmasa) daxil olmuş dos. M.Y.Quliyev İctimai-İqtisadi İnstitutun Hüquq fakültəsinə 3 il başçılıq etmişdir. Həmin müddətdə fakültənin professor-müəllim heyətinin səyləri nəticəsində hüquq elminin ən müxtəlif sahələrinə dair 13 dərslik və dərs vəsaiti Azərbaycan dilinə tərcümə edilərək çap olunmuşdur.

İctimai-İqtisadi İnstitutun Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna çevrilməsi ilə əlaqədar olaraq burada bir sıra kadr islahatları da aparılmış, bəzi vəzifələrə yeni şəxslər təyin edilmişlər. Hüquq fakültəsində də belə dəyişiklik oldu. Belə ki, hələ 1928-ci ildə ADU-nun Şərq fakültəsinin Hüquq şöbəsinə müəllim kimi işə cəlb edilən prof. Qasım Cəfər oğlu Cəfərov (1887-1952) 1936-cı ildə Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsinin dekanı seçilmişdir. Beləliklə, Petroqrad Universitetinin Hüquq fakültəsinin 1916-cı il məzunu və mülki hüquq üzrə görkəmli alim olan professor Q.C.Cəfərov müstəqil Hüquq fakültəsinin tarixinə onun ikinci azərbaycanlı dekanı kimi daxil oldu. Qeyd edək ki, Q.C.Cəfərov Hüquq fakültəsinə qısa fasilələrlə 16 il ərzində - 1936-1952-ci illərdə rəhbərlik etmişdir. Prof. Q.C.Cəfərov BDU-nun elmi işçilər bölməsinin məsul katibi vəzifəsində 10 il çalışmış, Siyasi və Elmi Biliklərin Yayılması üzrə Azərbaycan Cəmiyyətinin dövlət və hüquq bölməsi İdarə Heyətinin üzvü olmuşdur.

Hüquq fakültəsinin ADU-dan kənardakı tarixi 1941-ci ilə qədər davam etmişdir. 1941-ci ildə müharibənin başlanması və ali məktəb müəllimlərinin və tələbələrinin əksəriyyətinin cəbhəyə getməsi ilə əlaqədar olaraq, bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ADU-ya birləşdirildi. Hüquq fakültəsi o vaxtdan etibarən Universitetin tərkibinə birdəfəlik daxil oldu.

Həmin tarixdə fakültənin 4 kafedrası – Mülki hüquq (kafedra müdiri Q.C.Cəfərov), Cinayət hüququ (kafedra müdiri Q.M.Məmmədov), Beynəlxalq hüquq (kafedra müdiri V.İ.Lisovski) və Dövlət hüququ (kafedra müdiri əvvəlcə V.N.Xatuntsev, sonra isə B.A.Hüseynov) kafedraları var idi.

Müharibə ilə əlaqədar bir sıra başqa fakültələrdə olduğu kimi, Hüquq fakültəsində də qiyabi şöbə açılmışdır. 1944-cü il aprelin 30-dan etibarən Hüquq fakültəsində 4 illik təhsil müddəti tətbiq edilmişdir. Müəllim və dərs vəsaitləri çatışmazlığı üzündən fakültədə bir sıra fənlərin tədrisi ləğv olunmuşdur. Amma bütün bu məhrumiyyət və çətinliklərə baxmayaraq, Hüquq fakültəsi Universitetin ən nümunəvi, qabaqcıl və intizamlı fakültəsi sayılırdı. Bilavasitə Hüquq fakültəsinin özünün təşəbbüsü və təşkilatçılığı ilə 1942-ci ilin iyununda Universitetdə “Faşizm və hüquq” mövzusunda elmi konfrans keçirilmişdir. Hüquq fa­kül­təsinin müəllimləri – dosent V.İ.Lisovski konfransda “Faşizm və beynəlxalq hüquq”, baş müəllim B.A.Hüseynov “Faşizm və ailə”, müəllim Y.A.Zvonskaya isə “Alman faşizminin irq nəzəriyyəsi” adlı elmi məruzələrlə çıxış etmişlər.

Müharibədən sonrakı illərdə Universitet sürətlə böyüyür, onun yeni fakültə və kafedraları açılır, professor-müəllim heyətinin və tələbə kontingentinin sıraları genişlənirdi. Həmin dövrdə Moskva Dövlət Universitetinə, SSRİ Elmlər Akademiyasına aspirantura və doktoranturaya oxumağa göndərilmiş azərbaycanlı hüquqşünas alimlər namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə edərək 1950-ci illərin əvvəllərində fakültəyə qayıtmışlar. Hələ 1947-ci ildə Hüquq fakültəsinin dekanı Q.C.Cəfərov Moskva Dövlət Universitetində “Azərbaycanda sovet hakimiyyəti qurulana qədər və ondan sonrakı dövrdə su hüququ” mövzusunda ilk doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır. Vahid Pənah oğlu Qəhrəmanov isə 1950-ci ildə SSRİ Elmlər Akademiyası Dövlət və Hüquq İnstitutunda “Ailə-nikah münasibətləri sahəsində cinayətlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək ADU-ya, doğma fakültəsinə qayıtdı. Bir çox azərbaycanlı aspirantlar Moskvada, Leninqradda, Kiyevdə və eləcə də ADU-nun özündə namizədlik dissertasiyası müdafiə edərək fakültənin professor-müəllim heyətinin tərkibini elmi kadrlarla zənginləşdirdi. Bunlardan məsələn, Qara Məmmədov, Cəfər Mövsümov, Qasım Manayev, Murtuz Ələsgərov, Əli Əliyev, Məmməd Xələfov, Əjdər İbrahimov, Məhbubə Qafarzadə, Aron Milman, Məsumə Məlikova və digərləri fakültədə elmi-pedaqoji fəaliyyətə məhz bu dövrdə başlamışdılar.

XX əsrin 50-ci illərində Hüquq fakültəsi aspirantlarının və müəllimlərinin tədqiq etdiyi el­mi problemlər əsasən, respublikamızda dövlət quruculuğu və qanunvericiliyin formalaşması, o cümlədən inkişafı məsələlərinə həsr olunmuşdur. Belə ki, Firudin Əhmədov “Azərbaycan SSR-nin təşkili”, Məhbubə Qafarzadə “Azərbaycan SSR SSRİ-nin tərkibində suveren sosialist dövlətidir”, Cəfər Mövsümov “Azərbaycan SSR-də məhkəmənin təşkili tarixi”, Əziz Əsədov “Azərbaycanda ailə hüququ”, Əjdər İbrahimov “Azərbaycan Sovet prokurorluğunun inkişafı”, Məmməd Xələfov “Azərbaycan SSR-də mənzil qanunvericiliyinin əsas inkişaf mərhələləri”, İbrahim Kərimov “Sovet dövlətinin mədəni-tərbiyə fəaliyyəti (Azərbaycan SSR-nin materialları əsasında)”, Cəfər Abbasov “Azərbaycanda so­vet hakimiyyətinin qurulması və torpağın milliləşdirilməsi ərəfəsində torpaq-hüquq münasibətləri”, Hüseyn Mədətov “Məhkəmənin tərbiyəvi rolu haqqında (Azərbaycan SSR materialları əsasında)” mövzusunda namizədlik dissertasiyaları müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışlar. Murtuz Ələsgərovun, Əli Əliyevin, Əyyub Əsgərovun, Adil Babayevin, Qurban Məmmədovun dissertasiyaları isə beynəlxalq hüquq, həmçinin, Türkiyə və İranın dövlət hüquqi məsələlərinə həsr edilmişdir. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda xalq-demokratik dövləti məsələləri Qurban Məmmədovun namizədlik dissertasiyasında araşdırılmışdır. İsa Məmmədovun namizədlik dissertasiyası isə keyfiyyətsiz sənaye məhsulları istehsalı üzrə cinayət hüququ əsasda mübarizə məsələlərinə həsr olunmuşdur. Bundan əlavə, həmin illərdə Lidiya Şuster “Sovet məhkəməsinin hökmü və onun qanuni qüvvəsi”, Məsumə Məlikova “M.F.Axundovun ictimai-hüquqi görüşləri”, Marat Altman isə “Sovet vətəndaşlığı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamışlar.

1952-1962-ci illərdə Hüquq fakültəsinin dekanı dos. Qurban Qulaməli oğlu Məmmədov (1910-1968) olmuşdur. O, bu təyinata qədər isə ADU-nun qiyabi işlər üzrə prorektoru vəzifəsində (1950-1952) çalışmışdır. O, dekan kimi fəaliyyət göstərdiyi illər boyunca Beynəlxalq hüquq kafedrasında işləmişdir.

1960-cı illərdə fakültə xeyli böyümüş, onun professor-müəllim heyətinin və tələbə kontingentinin sıraları, fakültə əməkdaşlarının elmi-tədqiqat işlərinin profili və əhəmiyyəti nəzərə çarpacaq dərəcədə genişlənmişdir. Bu zaman Hüquq fakültəsinin dekanları sırasında təşkilatçılıq qabiliyyəti ilə fərqlənən və fakültəyə 18 il rəhbərlik etmiş tanınmış hüquqşünas-alim prof. Məmməd Süleyman oğlu Xələfovun əməyini xüsusi qeyd etmək lazımdır. Məmməd Xələfov (1922-1992) 1954-cü ildə namizədlik, 1974-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildən ömrünün sonunadək Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri vəzifəsində işləmişdir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Hüquq komissiyasının sədri olmuşdur. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 150-dən çox elmi əsərin müəllifi olmuşdur. Rəhbərliyi altında 10-dan çox elmlər namizədi hazırlanmışdır. Hüquqşünas kadrların hazırlanmasında göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla, habelə fəxri fərmanlarla təltif olunmuş, “Azərbaycan SSR-nin Əməkdar hüquqşünası” adına layiq görülmüşdür. Onun Hüquq fakültəsinə rəhbərliyi dövrdə (1962-1980)  həm tədris, həm də elmi-tədqiqat işlərində keyfiyyət amili qabarıq şəkildə önə çıxdı, eləcə də, elmi-pedaqoji istiqamətli işlər sürətləndi. Təkcə bir neçə il ərzində Hüquq fakültəsi müəllimlərinin üç nəfəri doktorluq, 7 nəfəri isə namizədlik dissertasiyası müdafiə etdi. O dövrdə fakültə əməkdaşlarının hazırlayıb müdafiə etdikləri doktorluq və namizədlik dissertasiyalarının hamısının mövzusu çox aktual idi. Dos. A.A.Milman 1965-ci ildə “XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın siyasi quruluşu”, dos. C.H.Mövsümov 1966-cı ildə “1917-1937-ci illərdə Azərbaycan SSR-də məhkəmə və cinayət prosesi”, dos. M.N.Ələsgərov 1968-ci ildə “SSRİ-nin Asiya və Afrikanın gənc müstəqil dövlətləri ilə beynəlxalq hüquqi münasibətləri” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişlər.

ADU-nun və onun Hüquq fakültəsinin, ümumiyyətlə isə bütün Azərbaycan cəmiyyətinin inkişafında yeni mərhələ 1969-cu ildən başlayır. Bu zaman əsas istiqamətlərdən biri Hüquq fakültəsinə tələbə kimi daxil olmaqda mövcud maneələrin aradan qaldırılması olmuşdur. Heydər Əliyevə qədər Hüquq fakültəsinə daxil olanlar əsasən o dövrdə partiya və digər dövlət orqanlarının vəzifəli şəxslərinin övladları idisə, Heydər Əliyev bu bürokratik mexanizmi sındırdı, Hüquq fakültəsi və elmini tamamilə xalqın fakültəsinə çevirdi. Əsas məsələlərdən biri də o dövrdə hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsi olmuşdur. Məhz bu dövrdən başlayaraq hüquq elmi və təhsilini aparan alimlər sırasına azərbaycanlıların cəlb edilməsi prosesinə sürətlə başlanıldı.

Digər əsas istiqamətlərdən biri də insanların hüquq təhsili və mədəniyyətinin genişləndirilməsi, cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi mədəniyyətin və hüquqi düşüncə tərzinin inkişafı idi ki, bu da insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm rola malikdir. Respublika çərçivəsində 1970-ci ilin dekabr ayının 4-də qəbul edilmiş “Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar də məhz Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilmişdir. Bu qərarla ali və orta ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə yönəldilən tədbirlərin işlənib hazırlanması və s. kimi məsələlər nəzərdə tutulmuşdur. O dövrdə Hüquq fakültəsinin kollektivi məhz Heydər Əliyevin birbaşa göstərişi ilə bu proseslərə fəal cəlb edilməyə başlanmış, Hüquq fakültəsi ilə hüquq mühafizə orqanlarının əməkdaşlıq əlaqələri daha sıx qurulmağa başlanılmışdır. 1971-ci ildə Universitetdə məhz Hüquq fakültəsinin yardımı ilə ictimai əsaslarla işləyən Hüquq məsləhətxanası açılmışdır. Bu dövrdən başlayaraq Hüquq fakültəsinin müəllim heyətinin respublikanın şəhər və rayonlarına davamlı olaraq ezam olunmasına başlanıldı. 1974-cü ildə birbaşa Heydər Əliyevin göstərişi ilə Bakı şəhəri İcraiyyə Komitəsi nəzdində Hüquqi Biliklər Universiteti fəaliyyətə başladı ki, bu işdə də əsas məqsəd hüquqi informasiyaların geniş yayılması olmuşdur. O dövrdə televiziya və mətbuatda hüquqi verilişlərin və bu sahədə informasiyaların artırılması da bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

Respublikada hüquqşünas kadrlara böyük ehtiyac olduğunu görən Heydər Əliyevin birbaşa göstərişi ilə Hüquq fakültəsi nəzdində “Sovet quruculuğu” ixtisası üzrə qiyabi şöbə yaradılmışdır. Əsas məqsədi dövlət quruculuğu sahəsində kadrlar hazırlamaq olan bu ixtisası qurtaran şəxslər dövlət və hökumət qurumlarında mühüm vəzifələrə göndərilirdilər. Eyni zamanda, SSRİ-nin nüfuzlu hüquqşünas alimləri daim Azərbaycanda hüquq təhsilinə cəlb edilir, onların bilik və bacarığından azərbaycanlı hüquqşünas kadrların və alimlərin yetişdirilməsində geniş istifadə edilirdi.

Heydər Əliyevin o dövrdə uzaqgörənliyinin əsas istiqamətlərindən biri də Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulması olmuşdur. Azərbaycanın gələcəkdə müstəqil bir dövlət kimi dayaqlarını quran Heydər Əliyev o dövrdə artıq Azərbaycanı tanıtdırmış və dünyaya sevdirməyə başlamışdır. Bu zaman SSRİ miqyasında Moskva və Kiyevlə bərabər, Bakının da xarici ölkələrə diplomatlar və beynəlxalq hüquq sahəsində mütəxəssislər hazırlayan bir mərkəzə çevrilməsi Heydər Əliyev siyasətinin nəticəsi idi. Hüquq fakültəsində beynəlxalq hüquq ixtisası üzrə kadrların yetişdirilməsinə başlanılması iki əsas istiqamətdə qurulmağa başlanıldı. Birincisi, bu sahədə tədrisi aparan azərbaycanlı alimlərin hazırlanması həyata keçirildi. İkincisi isə, dünyanın 60-dan çox ölkəsi üçün (Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası və s. ölkələr) üçün milli kadrların hazırlanmasında Azərbaycanın rolu artmağa başlandı. Azərbaycan o dövrdə məhz indiki dövr üçün tanınmağa başlanıldı. Hazırda həmin məzunlar öz ölkələrində mühüm dövlət vəzifələrində çalışırlar. Həmişə Azərbaycana gələrkən təhsil aldıqları Hüquq fakültəsinə baş çəkir və o vaxt belə bir istiqamətin Bakıda açılması və burada təhsil aldıqlarına görə daim Heydər Əliyevə dərin minnətdarlıq hisslərini bildirirlər. Azərbaycandan ən xoş xatirələrlə ayrılan həmin məzunlar öz dövlətləri ilə Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin daha sıx qurulmasına çalışırlar ki, bu da Heydər Əliyev siyasətinin nəticəsi olmuşdur.

1980-1985-ci illərdə Hüquq fakültəsinin dekanı vəzifəsinə prof. İsa Paşa oğlu Məmmədov (1924-1986) seçilmişdir. 1954-cü ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiya işini müdafiə edən prof. İ.P.Məmmədov 100-dən çox elmi məqalənin, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi olmuşdur. Uzun müddət dövlət televiziyası ilə efirə gedən “İnsan və qanun” verilişinin aparıcısı kimi fəaliyyət göstərmişdir. Elmi rəhbərliyi ilə 10-a yaxın hüquq elmləri namizədi  hazırlanmışdır.

1985-1989-cu illərdə Hüquq fakültəsinin dekanı vəzifəsinə prof. Firudin Yusif oğlu Səməndərov (1939) seçilmişdir. O, 1970-ci ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyası işini müdafiə etmişdir. 1992-1993-cü illərdə BDU-nun rektoru olmuşdur. 1995-ci ildən BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiridir. Elmi nəşrlərdə 150-dən artıq elmi məqalənin, 20-dən artıq kitabın, dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir. Elmi rəhbərliyi ilə 40-dan çox elmlər namizədi, 3 elmlər doktoru hazırlanmışdır. “Əməkdar hüquqşünas” fəxri adına layiq görülmüşdür.

1989-cu ildən 1998-ci ilə qədər Hüquq fakültəsinin dekanı prof. Məmmədxan Bayraməli oğlu Rəsulov (1933-1998) olmuşdur. O, 1961-ci ildən BDU-nun Hüquq fakültəsinin Mülki hüquq kafedrasında baş müəllim kimi fəaliyyət göstərmiş, sonra isə Mülki proses, əmək və ekologiya hüququ kafedrasının dosenti, professoru, 1976-1978-ci illərdə xarici tələbələrin təhsili üzrə dekan müavini, 1978-ci ildən 1989-cu ilədək Hüquq fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. BDU-nun Elmi Şurasının qərarı ilə ona uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq professor elmi adı verilmişdir.Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 100-dən çox elmi əsərin müəllifi olmuşdur. Elmi rəhbərliyi altında 3 elmlər namizədi hazırlanmışdır.

2001-2002-ci illərdə Hüquq fakültəsinin dekanı prof. Namiq Həsən oğlu Əliyev (1956) olmuşdur. O, sonradan Ədliyyə Nazirliyində və Azərbaycan Respublikası Milli Məclisində şöbə müdiri vəzifələrində işləmişdir. 1984-cü ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiya işini müdafiə etmişdir. 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Gürcüstanda, 2011-2016-cı illər ərzində Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. 150-dən çox elmi əsərin, o cümlədən 20-yə qədər kitabın müəllifidir. Elmi rəhbərliyi ilə 10-dan çox elmlər namizədi hazırlanmışdır.

2002-2003-cü illərdə Hüquq fakültəsinin dekanı prof. Yusif Ələkbər oğlu Mehdiyev (1937-2003) olmuşdur. O, 1970-ci ildə namizədlik dissertasiyası işini müdafiə etmişdir. 1974-1985-ci illərdə Hüquq fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1990-cı ildə Mülki hüquq kafedrasının müdiri seçilmiş və ömrünün sonuna qədər bu vəzifəni daşımışdır. 1998-ci ildə BDU-nun Elmi Şurasının qərarı ilə ona uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq professor elmi adı verilmişdir. Yerli və xarici elmi nəşrlərdə çap edilmiş  100-ə qədər elmi əsərin  müəllifidir.

2003-2007-ci illərdə Hüquq fakültəsinin dekanı prof. Kamilə Qiyas qızı Sarıcalinskaya (1926-2012) olmuşdur. K.Q.Sarıcalinskaya 1950-ci ildən Cinayət hüququ kafedrasının müəllimi olmuş, sonra pedaqoji fəaliyyətini Cinayət prosesi kafedrasında davam etdirmişdir. 1957-ci ilin yanvarından 1960-cı ilə qədər Bakı Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Laboratoriyasında baş ekspert kimi  fəaliyyət göstərmişdir. 1960-cı ildən BDU-nun Cinayət prosesi kafedrasında pedaqoji fəaliyyətini davam etdirmiş, 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 1979-cu ildən 1992-ci ilə qədər yeni yaradılan Kriminalistika və məhkəmə ekspertizası kafedrasına rəhbərlik etmişdir. 10-a yaxın dərslik, dərs vəsaiti, metodik göstəriş, monoqrafiya və 50-dən çox elmi məqalənin müəllifi olan  K.Q.Sarıcalinskayaya BDU-nun Elmi Şurasının qərarı ilə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq professor elmi adı verilmişdir.

2007-2011-ci illərdə Hüquq fakültəsində dekan vəzifəsini prof. F.Y.Səməndərov əvəz etmişdir.

2011-ci ilin may ayından Hüquq fakültəsinin dekanı vəzifəsinə prof. Əmir İbrahim oğlu Əliyev seçilmişdir. O, 2003-cü ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiya işini müdafiə etmişdir. 200-ə yaxın elmi əsərin müəllifi olan prof. Əmir Əliyevin elmi rəhbərliyi ilə 32 hüquq üzrə fəlsəfə doktoru və 2 hüquq üzrə elmlər doktoru hazırlanmışdır. Hazırda Bakı Dövlət Universiteti nəzdində yaradılmış FD.02.013 daimi Dissertasiya şurasının sədridir. ABŞ, Fransa, Belçika, Almaniya, İtaliya, Türkiyə, Rusiya Federasiyası, Ukrayna və s. dövlətlərdə keçirilən müxtəlif elmi-praktik tədbirlərdə, o cümlədən  beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak və çıxış edən Ə.İ.Əliyev 2007 və 2011-ci ilin elmi nəticələrinə görə Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “İlin alimi”,  2012/13-cü tədris ilinin nəticələrinə görə isə “İlin dekanı” fəxri adlarına layiq görülmüşdür. “Azərbaycan” və “Respublika” qəzetlərində daim elmi yazılarla çıxış edən Ə.İ.Əliyev Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2007 və 2011-ci ilin elmi nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə “İlin alimi”,  2012-2013 və 2015-2016 tədris ilinin nəticələrinə görə isə “İlin dekanı” fəxri adlarına layiq görülmüşdür.

Hüquq fakültəsində 25-dən çox hüquq üzrə elmlər doktoru, professor və 100-ə yaxın hüquq üzrə fəlsəfə doktoru, dosent olmaqla ümumilikdə 120-dən çox professor-müəllim heyəti fəaliyyət göstərir. Hüquq ixtisası üzrə Avropada, ABŞ, Türkiyə və digər xarici dövlətlərdə təhsil almış azərbaycanlı məzunlar da bu gün Hüquq fakültəsinin müvafiq magistraturalarında və ingilis bölmələrində tədris prosesini uğurla aparırlar.

Fakültədə iş bölgüsü dekan müavinləri arasında bakalavr, qiyabi təhsil, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə, elmi işlər üzrə, beynəlxalq əlaqələr üzrə olmaqla həyata keçirilir. Fakültədə işin daha səmərəli təşkili üçün əyani, qiyabi və magistartura təhsil pillələrində tyutorlar fəaliyyət göstərir.

Fəaliyyət göstərdiyi müddətdə fakültə on minlərlə yüksək ixtisaslı hüquqşünas kadrlar yetişdirib, respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin etmişdir. Hüquq fakültəsi respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir. 2008/2009-cu tədris ilindən Hüquq fakültəsində tədrisin Bolonya sisteminin tətbiqinə başlanılmışdır. Hüquq fakültəsi üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla 2014/15-ci tədris ilindən isə yeni təhsil standartları işlənib hazırlanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin yeni layihəsi olan “Hüquqşünaslıq” ixtisası üzrə “Sabah” qruplarının mərkəzi kimi də məhz BDU-nun Hüquq fakültəsi müəyyən edilmişdir. 2018/2019-cu tədris ilində “Hüquqşünaslıq” ixtisası üzrə “Sabah” qruplarında təhsil alan tələbələrin sayı 102 nəfəri təşkil etmişdir ki, bunların da hamısı müsabiqədə yüksək nəticə göstərən Hüquq fakültəsi tələbələridir.

Hazırda Hüquq fakültəsində təhsil bakalavr, magistratura və ikipilləli doktorantura sistemində Azərbaycan, ingilis, alman və rus dillərində davam etdirilir. Fakültədə əyani şöbədə 1161, qiyabi şöbədə 374, magistraturada isə 180 tələbə təhsil alır. Hüquq fakültəsində bakalavr təhsil pilləsində 1 ixtisas  -“Hüquqşünaslıq” ixtisası üzrə 83 fənn, Magistratura təhsil pilləsində isə 17 ixtisaslaşma üzrə 250-dən artıq fənn tədris olunur.

Fakültədə magistratura pilləsi üçün müasir dövrün tələblərinə uyğun tədris planları, fənn proqramları, dərsliklər işlənib hazırlanmışdır. Təkcə 2017/2018-ci tədris ilində fakültə üzrə nəşrlərin sayı 200-ə yaxın olmuşdur. Magistratura pilləsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır: Dövlət və hüquq nəzəriyyəsi və tarixi (azərbaycan və rus bölmələri); Dövlət hüququ (azərbaycan və rus bölmələri); Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası (azərbaycan və rus bölmələri); Mülki və təsərrüfat hüququ (azərbaycan və rus bölmələri); Beynəlxalq hüquq (azərbaycan və rus bölmələri); Transmilli cinayət hüququ (azərbaycan və ingilis bölmələri); İnsan hüquqları (ingilis bölməsi); Kommersiya hüququ (ingilis bölməsi); Avropa hüququ (ingilis və alman bölmələri); Dəniz və enerji hüququ (ingilis bölməsi), 2014/2015-ci tədris ilindən isə İnformasiya hüququ (azərbaycan və ingilis bölmələri). 2018/2019-cu tədris ilindən isə yeni yaradılmış 6 ixtisas üzrə: Əqli mülkiyyət hüququ (azərbaycan və ingilis bölmələri); İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ (azərbaycan və ingilis bölmələri); Turizm hüququ (azərbaycan bölməsi); İdman hüququ (azərbaycan bölməsi); Tibbi hüquq (azərbaycan bölməsi); Əmək hüququ; sosial təminat hüququ (azərbaycan bölməsi) ilk qəbul həyata keçirilmişdir.

Hüquq fakültəsində son 15 ilə yaxın müddətdə bakalavr və ikinci ali təhsil üzrə Buraxılış Yekun Dövlət Attestasiya Komissiyasına Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubov rəhbərlik edir. Bu da məzunların məsuliyyətini bir daha artırmış olur. 2011/12-ci tədris ilindən isə “Beynəlxalq hüquq” ixtisasının Hüquq fakültəsinə birləşdirilməsindən sonra bu ixtisas üzrə Buraxılış Yekun Dövlət Attestasiya Komissiyasına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri hüquq üzrə elmlər doktoru, professor Fərhad Abdullayev rəhbərlik etmişdir. Magistratura tədris pilləsində də Dövlət Attestasiya Komissiyasının sədrləri kimi müvafiq dövlət orqanlarının rəhbərləri təyin edilmişdir. Məsələn,  “Beynəlxalq hüquq” ixtisası üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq üzrə elmlər doktoru, professor Fərhad Abdullayev; “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” və “Dövlət hüququ” ixtisasları üzrə Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru, dosent Səfa Mirzəyev, “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” və “Transmilli cinayət hüququ” ixtisasları üzrə Respublikanın Hərbi prokuroru, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev, “Avropa hüququ” ixtisası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, hüquq üzrə elmlər doktoru, professor Azər Cəfərov, “Mülki və təsərrüfat hüququ” ixtisası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini Toğrul Musayev, “İnsan hüquqları” ixtisası üzrə millət vəkili, AMEA Hüquq və İnsan haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə, “Kommersiya hüququ” ixtisası üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə naziri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayev, “Dəniz və enerji hüququ” ixtisası üzrə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin rəhbəri Qüdrət Qurbanov rəhbərlik edirlər.

Hüquq fakültəsində 100 hüquq  üzrə fəlsəfə doktoru və 22 hüquq  üzrə elmlər doktoru proqramlarında doktorant və dissertantlar hüquq elminin 12 ixtisası üzrə (5602.01 – “Ümumi nəzəriyyə və üsullar”; 5603.01 – “Beynəlxalq hüquq, insan hüquqları”; 5606.01 – “Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi”;  5607.01 – “Konstitusiya hüququ, bələdiyyə  hüququ”;  5608.01 – “Mülki hüquq, sahibkarlıq; ailə hüququ; beynəlxalq xüsusi hüquq”; 5609.01 – “Əmək hüququ, sosial təminat hüququ”; 5610.01 – “Təbii ehtiyatlar hüququ, aqrar hüquq, ekologiya hüququ”; 5611.01 – “Cinayət hüququ  və kriminologiya; cəza-icra hüququ”; 5612.01 – “Cinayət prosesi və kriminalistika”; 5613.01 – “Məhkəmə hakimiyyəti, prokurorluq və vəkillik fəaliyyəti, hüquq mühafizə  fəaliyyətinin təşkili”; 5614.01 – “İnzibati hüquq,  maliyyə hüququ,  informasiya hüququ”; 5615.01 – “Mülki proses”) elmi-tədqiqat işləri aparırlar.

Beləliklə, uzun müddət Respublika üzrə hüquqşünas kadrların əsas hazırlanma mənbəyi olan BDU-nun Hüquq fakültəsində müxtəlif istiqamətlər üzrə elmi məktəblər tam formalaşmışdır. BDU-da qeyd edilən klassik hüquq sahələri üzrə elmi məktəblərdən başqa, son dövrlər yeni hüquq sahələri üzrə də elmi məktəblərin (Dəniz və enerji hüququ; Kommersiya hüququ; İnsan hüquqları; Transmilli cinayət hüququ; İnformasiya hüququ; Avropa hüququ; Əqli mülkiyyət hüququ; İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ; Turizm hüququ; İdman hüququ; Tibbi hüquq; Əmək hüququ; sosial təminat hüququ) formalaşmasına çalışılır. Bu sahədə əsas xüsusiyyətlərdən biri də bu hüquq məktəblərinin formalaşmasında xarici elmi məktəblərin bazasından istifadə edilməsidir.

Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı və Tələbə Gənclər Təşkilatı aktiv fəaliyyət göstərir. Qeyd edilən tələbə cəmiyyətlərinin fəaliyyətinə aşağıdakılar aiddir: tələbələrin elmi fəaliyyət marağının artması ilə bağlı tədbirlər; intellektual oyunların təşkili; fakültə daxili olimpiada yarışlarının keçirilməsi; əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi; elmi seminar və konfransların təşkili; fəal tələbələrin bu konfranslarda iştirakının təmini; xarici ali təhsil müəssisələrinin Hüquq fakültələrinin tələbələri ilə yaxın əlaqələrin qurulması; və s. Onu da qeyd etmək lazımdır ki, Tələbə Elmi Cəmiyyəti artıq 3 ildir ki (2015-ci ildən), "Hein Online" məlumat bazasına daxil olan “Tələbə Hüquq Jurnalı” nı buraxır. Bu jurnalda müasir hüquq elminin aktual problemlərinə həsr olunmuş elmi məqalələr çap olunur ki, bu elmi məqalələri tələbələr həm fakültənin professor-müəllim heyəti ilə həmmüəllifliklə, həm də fərdi qaydada yazırlar.

Fakültə Prezident təqaüdçülərinin sayına görə BDU-da müqayisəedilməz birinci yerdədir. Bundan başqa, əlaçı və istedadlı tələbələr üçün “Heydər Əliyev adına təqaüd”,  “Murtuz Ələsgərov adına təqaüd”, “Məmməd Xələfov adına təqaüd” və s.  təsis edilmişdir.

Fakültənin özünün ayrıca ixtisaslaşdırılmış kitabxanası fəaliyyət göstərir. Burada Azərbaycan, ingilis, rus, fransız, alman, türk və s. dillərdə olan hüquq ədəbiyyatları müxtəlif istiqamətlər üzrə nəinki tədrislə bağlı, eyni zamanda elmi tədqiqatlar səviyyəsində də kifayət qədərdir. Kitabxana sistemi internetlə təchiz edilmiş, burada tələbələrin tədris-elmi fəaliyyəti ilə əlaqədar geniş şərait yaradılmışdır. Bundan başqa fakültənin bazasında tələbə və müəllim heyətinin istifadəsi üçün 2 kompyuter otağı da fəaliyyət göstərir.