HÜQUQ ŞÖBƏSİNİN HÜQUQ FAKÜLTƏSİNƏ ÇEVRİLMƏSİ

Buna baxmayaraq təbii ki, əksəriyyətin mövqeyi qalib gəldi və şərq fakültəsinin pedaqoji fakültə ilə birləşdirilməsini prinsipcə zəruri sayan qərarın qəbulu rəsmiləşdirildi. Belə qərara alındı ki, fakültənin adı və birləşdirilmə müddəti açıq saxlansın. Bu məsələlərin həlli ilə məşğul olmaq üçün müvafiq komissiya da yaradıldı. Komissiyanın bu məsələ ətrafındakı fəaliyyətinin nəticəsi bundan ibarət oldu ki, o, Xalq Maarif Komissarlığına öz təkliflərini göndərdi. Komissarlığın kollegiyası da öz növbəsində AK(b)P MK-ya müvafiq təkliflərini göndərdi. AK(b)P MK Rəyasət Heyəti isə 1928-ci il noyabrın 12-də «Şərq fakültəsinin və pedaqoji fakültənin yenidən təşkili haqqında» məsələni müzakirə etdi. İclasda 1929/30-cu dərs ilindən etibarən şərq və pedaqoji fakültələrinin birləşdirilməsi və şərq fakültəsinin təsərrüfat-hüquq şöbəsinin hüquq fakültəsinə çevrilməsi barədə qərar verildi.
AK(b)P MK Rəyasət Heyətinin 12 noyabr tarixli bu qərarı Xalq Maarif Komissarlığının kollegiyası tərəfindən əsas götürüldü və kollegiya həmin il dekabrın 19-da belə bir qərar qəbul etdi ki, «universitetin şərq fakültəsinin müstəqil fakültə kimi saxlanması zəruri deyil, ona görə də əsas diqqət pedaqoji fakültənin gücünü artırmağa yönəldilməlidir».
Xalq Maarif Komissarlığının kollegiyası bu zəmində həmçinin hüquq fakültəsinin taleyinə aydınlıq gətirən qərar qəbul etdi. Kollegiyanın bu məsələ ilə bağlı qərarı belə olmuşdu ki, «təkcə məhkəmə orqanlarının yox, həm də təsərrüfat orqanlarının mənafeləri nəzərə alınmalı və hüquq şöbəsi yenidən təşkil olunmalıdır».
Bu isə faktiki olaraq o demək idi ki, yuxarı direktiv orqanlar şərq fakültəsinin hüquq şöbəsinin bazasında ADU-da müstəqil hüquq fakültəsinin yaradılmasını vacib sayırlar. Əslində isə universitetdə müstəqil hüquq fakültəsinin yaradılması ideyası yeni məsələ deyildi. Yuxarıda da qeyd edildiyi kimi, bu məsələ hələ universitetin təsis edilməsi üçün 1919-cu ilin mayında yaradılmış universitet komissiyasının da gündəmində idi və o vaxt universiteti biri hüquq fakültəsi olmaqla dörd müstəqil fakültədən ibarət tərkibdə təşkil etmək planlaşdırılmışdı. Müstəqil hüquq fakültəsinin təşkili məsələsi universitet ictimaiyyətinin, eləcə də hakimiyyət orqanlarının həmişə gündəmində olub və dəfələrlə müzakirə edilib. Lakin bu məsələnin müsbət həlli hər dəfə məhz müvafiq ixtisaslı kadrlar bazasının olmaması ucbatından təxirə salınıb. Bu məsələyə dəfələrlə qayıdılmasının səbəbi ölkədə milli hüquqşünas kadrlara, peşəkar və yüksək ixtisaslı partiya, sovet, dövlət, prokurorluq, məhkəmə-ədliyyə və təsərrüfat işçilərinə olan kəskin ehtiyacdan irəli gəlirdi.
Hüquq fakültəsinin təşkili məsələsi təkcə 1919-cu ildə müzakirə predmeti olmamışdı. Bu məsələyə 1922-ci ildə də qayıdılmışdı. Universitetin tarix-filologiya və şərq fakültələrinin hələ 1922-ci il iyulun 5-də keçirilmiş birgə iclasında şərq fakültəsi yanında hüquq şöbəsinin yaradılması məsələsi müzakirə edilmişdi. Həmin iclasda qəbul olunmuş qərarda deyilirdi ki, universitetdə hüquq şöbəsi yox, müstəqil hüquq fakültəsi açmaq daha yaxşı olardı. Lakin universitet ictimaiyyətinin tövsiyə etdiyi bu təklifi gerçəkləşdirmək o zaman mümkün olmamışdı.
Buna baxmayaraq hüquq fakültəsinin yaradılması ideyası həmişə gündəmdə olub, bu məsələ öz aktuallığını həmişə saxlayıb. Belə ki, 1923-cü ildə hüquq şöbəsinin bu dəfə ictimai elmlər fakültəsinin tərkibində yaradılması layihəsi işlənib hazırlanaraq müzakirələrə təqdim edilmişdi. Lakin bu layihənin taleyi də digər analoji təkliflərin aqibəti kimi olmuş, yəni o, həyata keçirilməmişdi.
Hüquq fakültəsi yaradılması ideyası 1925-ci ildə də uğursuzluğa düçar olmuşdu. Sovet və partiya orqanları 1925-ci il avqustun 26-da və sentyabrın 23-də universitetin fakültələrindən birinin nəzdində hüquq şöbəsinin təşkil olunması barədə məsələni müzakirə etmiş və bunu məqsədəuyğun saymadığını bildirmişdi. Yuxarı direktiv orqanlar o zaman hüquqşünas kadrlara olan kəskin ehtiyacı ödəmək üçün başqa yollar təklif edirdilər. Hökumət həmin iclasların nəticəsi olaraq gəldiyi qərarlarla Xalq Maarif Komissarlığına və Xalq Ədliyyə Komissarlığına tapşırmışdı ki, onlar məhkəmə işçiləri hazırlamaq üçün Bakıda qısamüddətli kursların açılması haqqında məsələni müzakirə edib bu variantın mümkünlüyünü nəzərdən keçirsinlər. Bu isə müstəqil hüquq fakültəsinin yaradılması ideyasına əslində rədd cavabı anlamına gəlirdi. Onu da təkrarən qeyd edək ki, hüquq şöbəsinin, yaxud fakültəsinin açılmasının ləngidilməsi hər dəfə eyni arqumentlə – ölkədə bunun üçün lazım olan yüksək ixtisaslı hüquqşünas-pedaqoqların olmaması ilə əsaslandırılırdı.
Bununla belə ölkədə gənclərə ali hüquq təhsili verən bir tədris müəssisəsinin yaradılmasını zaman özü diqtə edirdi. Sovet dövlət orqanları cəmiyyətə oturuşduqca, dövlətin özü inkişaf etdikcə hüquqşünas kadrlara olan ehtiyac da kəskinləşirdi. Məhkəmə-ədliyyə sistemi, prokurorluq, sovet, təsərrüfat və inzibati orqanların nəhəng bir şəbəkəsi yaranır, böyüyüb inkişaf edir, sistemləşir, buna görə də hüquqşünas kadrların hazırlanması zərurəti ciddiləşirdi.
Nəhayət, bütün bu yeniliklər nəzərə alınmaqla yüksək ixtisaslı hüquqşünas kadrlara olan tələbat hökumət üçün də əsas məsələyə çevrildi və yuxarı orqanlar 1927/28-ci dərs ilində Azərbaycan Dövlət Universitetinin şərq fakültəsində hüquq şöbəsini yaratmağa razılıq verdilər. 1928-ci il dekabrın 17-də isə həmin şöbənin bazasında ADU-da müstəqil hüquq fakültəsi təşkil edildi. Yeri gəlmişkən onu da qeyd ki, şərq fakültəsi tərkibində hüquq şöbəsinin təşkilində universitetin o vaxtkı rektoru (özü də ilk azərbaycanlı rektoru), böyük təşkilatçı, görkəmli ədib və dövlət xadimi Tağı Şahbazinin müstəsna xidmətləri olmuşdur.
Hüquq fakültəsi iki şöbədən – məhkəmə və inzibati-təsərrüfat şöbələrindən ibarət tərkibdə yaradılmışdı. Dövlət və hüquq nəzəriyyəsi üzrə görkəmli mütəxəssis, tanınmış hüquqşünas, Qırmızı Professura İnstitutunun məzunu, professor A.O.Mişel ADU-nun hüquq fakültəsinin ilk dekanı təyin olundu. Onun yüksək təşkilatçılıq bacarığı sayəsində qısa müddət ərzində hüquq fakültəsində SSRİ-nin əsas elmi mərkəzlərinin məşhur alimləri və ali təhsilli azərbaycanlı hüquqşünaslar fəaliyyətə başladılar.
Hüquq fakültəsinin təşkili və formalaşdırılması prosesi çox çətin şəraitdə gedirdi. Çünki o vaxtlar Azərbaycanda elmi dərəcəsi olan milli hüquqşünas kadrlar, ali hüquq təhsili olan pedaqoqlar demək olar ki, yox idi. Hüquq fakültəsinin fəaliyyətini təmin etmək üçün rus alimlərinə müraciət etmək qaçılmaz idi. Hökumət orqanları məsələni məhz bu yolla həll etməyə üstünlük verirdi ki, bu da o dövrdə ən real çıxış yolu idi. Bunu nəzərə alan yuxarı orqanlar Moskva, Saratov və digər universitetlərdən hüquqşünas alimləri Bakıya dəvət etdi və ADU-nun hüquq fakültəsi Rusiyanın müxtəlif ali məktəblərindən Bakıya dəvət olunmuş alimlərin, o cümlədən professorlar N.N.Polyanski, N.D.Durmanov və başqalarının yaxından köməyi ilə fəaliyyətə başladı.
Fakültənin formalaşdırılması işində universitetə Azərbaycanın Xalq Ədliyyə Komissarlığı da yaxından kömək edirdi. Yeri gəlmişkən onu da deyək ki, xalq ədliyyə komissarı B.Vəlibəyov ADU-nun hüquq fakültəsinin təşkilində və formalaşdırılmasında, fakültənin normal fəaliyyət göstərmək imkanı əldə etməsində çox böyük xidmətlər göstərib.
Hüquq fakültəsi müstəqil fakültə kimi fəaliyyətə başlayanda onun 11 kafedrası var idi: 1) hüquq və dövlət nəzəriyyəsi; 2) tarixi və dialektik materializm; 3) hüquq fəlsəfəsi; 4) təsərrüfat məişəti tarixi; 5) beynəlxalq hüquq; 6) cinayət hüququ; 7) təsərrüfat hüququ; 8) mülki hüquq; 9) dövlət hüququ; 10) ticarət-sənaye hüququ və 11) statistika. Bu kafedralar fəlsəfə-sosiologiya, hüquq və iqtisad fənn komissiyalarında birləşirdilər.
Hüquq fakültəsi fəaliyyətə başlayanda burada dörd illik təhsil tətbiq edilmişdi. Birinci kursda fakültənin hər iki şöbəsi ümumi tədris planı əsasında fəaliyyət göstərirdi. Orada tələbələrə ÜK(b)P və leninizm tarixi; XIX-XX əsrlərdə sinfi mübarizə tarixi; hüquq haqqında marksizm təlimi ilə əlaqədar Sovet Konstitusiyasının əsasları; hüquq institutlarının tarixi (xüsusi və ümumi hüquq); iqtisadi coğrafiya; statistika; siyasi iqtisad; mülki hüququn əsasları; rus dili; xarici dil və bədən tərbiyəsi fənlərindən dərslər keçilirdi. Sonrakı kurslarda da şöbələrin bir sıra ümumi fənləri var idi. İkinci kursda dialektik və tarixi materializm; Azərbaycanda sinfi mübarizə tarixi; maliyyə kapitalı və iqtisadi münasibətlər tarixi; mülki hüquq; cinayət hüququ; inzibati hüquq və beynəlxalq hüquq fənlərindən dərslər keçilirdi.
Üçüncü kursda aşağıdakı fənlər tədris olunurdu: dialektik materializm; cinayət hüququ; həmkarlar ittifaqı hərəkatı; iqtisadi siyasət; ticarət hüququ; SSRİ-nin və müttəfiq respublikaların dövlət quruluşu; Qafqazın adət hüququ; maliyyə hüququ (büdcə, yerli və vergi hüququ); məhkəmə icraatı; xarici dillər. Dördüncü kursda isə sırf ixtisas fənləri öyrədilirdi: torpaq hüququ; cinayət prosesi və mülki proses.
Onu da qeyd edək ki, hüquq fakültəsi yarananda – 1928-ci ildə burada sovet qanunvericiliyi fənnindən eyniadlı kafedranın müdiri, professor V.A.Udintsev, dövlət və hüquq nəzəriyyəsi fənnindən eyniadlı kafedranın müdiri, professor A.O.Mişel, mülki hüquq fənnindən eyniadlı kafedranın müdiri, professor V.N.Dyakov və cinayət hüququndan eyniadlı kafedranın müdiri, professor N.N.Polyanski dərs deyirdilər.
Hüquq fakültəsi yarandığı gündən etibarən böyük ictimai nüfuza malik idi və sürətlə inkişaf edirdi. Fakültənin tələbələrinin sayının artımı, burada yeni kafedra və ixtisasların açılması fakültəni universitetin aparıcı fakültəsinə çevirməkdə idi. Hüquq fakültəsi müstəqil fakültə kimi qurulandan az sonra o qədər populyarlaşmış və elmi dəyər qazanmışdı ki, burada hətta yeni şöbələrin açılmasının da zəruriliyi üzə çıxmışdı. Fakültənin genişləndirilməsinin zəruriliyi özünü az sonra büruzə verdi. Azərbaycan Dövlət Universiteti İdarə Heyətinin 1930-cu il yanvarın 30-da keçirilmiş geniş iclasında Hüquq fakültəsinin yenidən təşkil edilməsi və burada iqtisad şöbəsinin yaradılması qərara alınmışdı. Beləliklə, Hüquq fakültəsi 1930/31-ci dərs ilinə artıq üç şöbədən – məhkəmə, inzibati-təsərrüfat və iqtisad şöbələrindən ibarət tərkibdə başladı.