HÜQUQ FAKÜLTƏSİ MÜHARİBƏDƏN SONRAKI DÖVRDƏ

Müharibədən sonrakı illər universitetin həyatında ciddi dəyişikliklərin olması ilə əlamətdardır. Əvvəlki fəsildə də qeyd olunduğu kimi, 1940-cı illərin ikinci yarısı – 1950-ci illərin əvvəllərində universitet sürətlə böyüyür, onun yeni fakültə və kafedraları açılır, professor-müəllim heyətinin və tələbə kontingentinin sıraları genişlənirdi. Bu illərdə universitetin respublikanın ictimai-mədəni həyatındakı yeri və nüfuzu da böyüyüb artırdı. Universitet Azərbaycanın aparıcı elm-təhsil ocağına, Azərbaycan elminin və mədəniyyətinin bayraqdarına çevrilirdi.
Amma bütün bunlar, eləcə də müharibədən sonrakı dinc şəraitdə getdikcə vüsət alan quruculuq işləri universitetin problemlərdən qurtulması da demək deyildi. Universitetin inkişafı prosesinin qarşısında əsasən maddi-texniki məsələlərlə bağlı olan xeyli problem və əngəllər var idi.
Ən başlıca problemlərdən biri universitetin öz tədris binalarının olmaması idi. Ölkənin bu ən böyük təhsil müəssisəsində nəinki təkcə zəruri avadanlıq və cihazlar, laboratoriya avadanlığı və dərs vəsaitləri, hətta dərs otaqları da çatışmırdı. 1945/46-cı dərs ilində təkcə birinci kursun 26 qrupu təşkil ediləndə isə (əvvəllər 10 qrup olurdu) otaq çatışmazlığı problemi xüsusilə kəskin şəkil almışdı. Buna görə də universitet əvvəllər olduğu kimi yenə də iki növbədə işləməyə məcbur idi.
Bu sahədə ən ağır vəziyyətlə isə hüquq fakültəsi üzləşmişdi. Fakültənin öz dərs otaqları olmadığı üçün o, orta məktəb binasında yerləşdirilmişdi. Şəraitsizlik o qədər ağır şəkil almışdı ki, hüquq fakültəsində dərslər axşam saat 6-dan sonra başlayırdı. Bundan əlavə, fakültədə ana dilində dərsliklər və dərs vəsaitləri problemi kəskin hiss olunurdu. Xüsusilə birinci kurs tələbələri rus dilini zəif bildiklərindən rusca dərsliklərdən istifadə edərkən böyük çətinliklər çəkirdilər.
Müharibədən sonrakı dövrdə bütün SSRİ-də ictimai və humanitar elmlərin inkişafına və bu profil üzrə ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması məsələsinə əlahiddə diqqət və maraq var idi. Hüquqşünas kadrların hazırlanması da bu sıradan idi. Azərbaycanda da hüquq təhsilinin təşkilinə, hüquq fakültəsinin fəaliyyətinin keyfiyyəti məsələsinə belə ciddi əhəmiyyət verilməsi müşahidə olunurdu. Hüquq fakültəsinin fəaliyyəti, hüquqşünas kadrların hazırlanması məsələləri hətta hökumət rəsmiləri səviyyəsində müzakirə olunur, ali hüquq təhsili sahəsindəki vəziyyət təhlil edilirdi.
Bu müzakirələrdən də aydın sezilirdi ki, ölkədə yüksək peşəkarlıq səviyyəsinə malik hüquqşünas qıtlığı var və hökumət orqanları respublikada hüquqşünas kadrların kəmiyyət və keyfiyyət göstəricilərindən ciddi surətdə narazıdır. Özü də hökumət orqanlarının bu narazılığının arxasında onların hüquq fakültəsi üzərində nəzarətini bərqərar etmək istəyi gizlənirdi. Bunu Azərbaycan SSR Ədliyyə nazirinin respublika Nazirlər Sovetinin sədrinə ünvanladığı 23 may 1946-cı il tarixli məktubdan daha aydın görmək olar. Universitetin hüquq fakültəsinin ünvanına yönələn tənqidi ruhda yazılmış bu məktubda ali hüquq təhsilinin təşkili ilə bağlı bir sıra problematik məsələlərə toxunulurdu: «Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi elə adamlar hazırlayır ki, nadir hallar istisna edilməklə, onlardan müxtəlif səbəblər üzündən nə məhkəmə, nə də istintaq işində istifadə etmək mümkün deyil... Buna onu da əlavə etmək lazımdır ki, məzunların ümumtəhsil və hüquqi hazırlığı da lazımi səviyyədə deyildir. Bu isə ona görə baş verir ki, Ədliyyə Nazirliyi və Respublika Prokurorluğu üçün kadrlar hazırlayan hüquq fakültəsinin onlardan heç bir asılılığı yoxdur».
Burada kiçik bir haşiyə çıxaraq ədliyyə nazirinin məktubunun mətnində yer almış «müxtəlif səbəblər üzündən» ifadəsi üzərində dayanmaq istərdik. Məsələ burasındadır ki, həmin məktub yazılanda 1937-ci il Stalin repressiyalarından çox az vaxt keçirdi. O dövrdə isə nəinki təkcə Azərbaycanda, ümumiyyətlə, bütün SSRİ-də elə bir ailə, elə bir nəsil tapmaq olmazdı ki, onlar həmin bu dəhşətli repressiv tədbirlərdən xilas olmuş olsun. Stalin repressiyalarına məruz qalanların qohumları və yaxınları da incidilir, onların dövlət, partiya, sovet və hətta təsərrüfat orqanlarında rəhbər vəzifələr tutmasına «vətən xainlərinin ailə üzvləri» ittihamı ilə yol verilmirdi. Görünür, ədliyyə naziri də «müxtəlif səbəblər üzündən» ifadəsini işlədərkən üstüörtülü şəkildə məhz bu məqamlara işarə edirmiş. Çünki qohumu, yaxını repressiyaya məruz qalmış gənc bir hüquqşünas kadrın o dövrdə – amansız və qəddar Stalin-Beriya-Kaqanoviç «troykası»nın hələ at oynatdığı dövrdə məhkəmə, ədliyyə və prokurorluq orqanlarında işləməsi onun bütün nəsil şəcərəsinin müfəssəl şəkildə yoxlanması üzündən praktik olaraq mümkün deyildi.
Ədliyyə nazirinin hüquq fakültəsinin gənc məzunlarının bilik səviyyəsindən narazılığının obyektiv səbəbləri var idi. Çünki istər müharibədən əvvəl, istərsə də müharibə illərində hüquq fakültəsində, bütövlükdə isə universitetdə tədrisin keyfiyyətinin və tələbələrin bilik səviyyəsinin yüksəldilməsinin qayğısına qalmaq məqsədilə nə qədər çox tədbirlər görülsə də əldə edilən nəticələri tam qənaətbəxş saymaq mümkün deyildi. Universitetdə də, hüquq fakültəsinin özündə də problemlər yetərincə idi. İlk növbədə hüquq fakültəsində təhsilin təşkili qeyri-qənaətbəxş səviyyədə idi. Bunun əsas səbəbi fakültədə yüksək ixtisaslı professor-müəllim heyəti kadrlarının çatışmaması idi.
Bütövlükdə götürsək, hüquq fakültəsi yarandığı andan bu baxımdan həmişə problem içində olmuşdu. Bunu təsdiq edən rəqəmlərə baxaq. 1946/47-ci dərs ilinin əvvəlində hüquq fakültəsində cəmi 27 pedaqoq çalışırdı ki, onların da arasında bircə nəfər də olsun elmlər doktoru, professor yox idi. Bəhs olunan dövrdə fakültədə cəmi 5 dosent və hüquq elmləri namizədi var idi. Qeyd edək ki, universitet yarananda burada hüquq fakültəsində işləməyə dəvət olunan rus professorların əksəriyyəti ya dünyasını dəyişmiş, ya da Rusiyaya qayıtmışdılar.
Amma bir məqamı da qeyd edək ki, ADU-nun hüquq fakültəsindəki bu acınacaqlı vəziyyətin köklərini təkcə Azərbaycanda axtarmaq düzgün deyildir. Məsələ burasındadır ki, əslində bütün SSRİ-də ali hüquq təhsili sahəsində ağır durum yaranmışdı ki, bu da özünü ADU-nun hüquq fakültəsində də labüdən göstərirdi. Müharibədən əvvəlki dövrdə ali hüquq təhsilinin qaydaya salınması işi başa çatdırılmamışdı; müharibə buna mane olmuşdu. Müharibə dövründə də bu sahədə istənilən səviyyədə iş görmək mümkün olmamışdı. Üstəlik ali təhsilli hüquqşünas kadrların böyük əksəriyyəti müharibədən qayıtmamışdı. Bura 1937-ci il repressiyalarında məhv edilmiş yüzlərlə ali təhsilli hüquqşünas kadrları da əlavə edəndə vəziyyətin tam mənzərəsi yəqin ki, aydın olar.
Ali hüquq təhsili sahəsindəki bu problemlər SSRİ rəhbərliyi səviyyəsində də hamıya bəlli idi. Moskvada da bilirdilər ki, hüquqşünas kadrların yetişdirilməsində, ali hüquq təhsili verən tədris ocaqlarının işində köklü problemlər var və bu tədris ocaqlarının işi yenidən qurulmalıdır. ÜİK(b)P MK-nın «Ölkədə hüquq təhsilinin genişləndirilməsi və yaxşılaşdırılması tədbirləri haqqında» 5 oktyabr 1946-cı il tarixli qərarına məhz bu kontekstdən baxılmalıdır.
Bu qərar hüquq təhsilinin inkişafı qarşısındakı əngəlləri aradan qaldırmağa hesablanmışdı. Bir qədər irəli gedərək deyək ki, ölkədə ali hüquq təhsilinin, o cümlədən konkret olaraq ADU-nun hüquq fakültəsinin inkişafında həmin qərarın müstəsna rolu və əhəmiyyəti olmuşdur. O dövrdə Moskvadan gələn istənilən qərarın müttəfiq respublikalar üçün imperativ xarakterli olduğunu söyləməyə təbii ki, ehtiyac yoxdur. Yəni mərkəzin istənilən əmri yerlərdə dərhal, müzakirəsiz təqdir və icra edilirdi.
Bu qərarla bağlı da belə oldu. AK(b)P MK ÜİK(b)P MK-nın 5 oktyabr 1946-cı il tarixli qərarına istinad edərək 1946-cı il dekabrın 5-də «Respublikada hüquq təhsilinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında» qərar qəbul etdi. Yuxarı orqanların bu qərarları ADU-nun hüquq fakültəsinin həyatında görünməmiş bir dinamika yaratmışdı. Hər iki qərar ADU Elmi Şurasında və hüquq fakültəsində geniş müzakirə olundu və o sənədlərdə irəli sürülmüş vəzifələrin həyata keçirilməsi üçün müvafiq planlar işlənib hazırlandı. Qeyd edək ki, həmin qərarlarda hüquq fakültəsinin qarşısında fakültənin daimi müəllim ştatlarının doldurulması, hüquqşünas aspirantların hazırlanması, Azərbaycan dilində hüquqa dair dərsliklərin və dərs vəsaitlərinin nəşr edilməsi, tələbə qəbulunun nizama salınması və planlaşdırılması, tədrisin və kadr hazırlığının keyfiyyətinin artırılması, tələbələrin nəzəri hazırlığının müvafiq orqanlarla əlaqəli praktikumlar vasitəsilə tamamlanması kimi ciddi vəzifələr qoyulurdu.
ÜİK(b)P MK-nın 5 oktyabr 1946-cı il və AK(b)P MK-nın 5 dekabr 1946-cı il tarixli qərarlarında ali hüquq təhsilinin inkişafı qarşısında daha geniş imkanlar açılmasını nəzərdə tutan maddələr var idi. Bu qərarlarda nəinki təkcə məhkəmə və prokurorluq orqanlarında, eləcə də sovetlərin icraiyyə, kargüzarlıq orqanlarında və diplomatik xidmət sahəsində çalışa biləcək geniş profilli hüquqşünas kadrların hazırlanmasına böyük diqqət verilirdi. ÜİK(b)P MK-nın 5 oktyabr 1946-cı il tarixli qərarına uyğun olaraq ölkənin hüquq fakültələri üçün hazırlanıb təsdiq edilmiş yeni tədris planı tələbələrin daha yüksək nəzəri hazırlığının təşkil edilməsini və onların xüsusi fənlərə daha dərindən yiyələnməsini nəzərdə tuturdu. Həmin tədris planına əsasən ölkənin hüquq fakültələrində 5 illik təhsil müddəti tətbiq edilirdi. Tələbələrin daha hazırlıqlı və yüksək səviyyəli olmasını təmin etmək məqsədilə onlardan dövlət imtahanlarını verməklə yanaşı həm də diplom işləri yazıb müdafiə etmələri tələb olunurdu.
Bunlardan əlavə, hüquq fakültəsinin tədris planına bir sıra yeni fənlər daxil edildi ki, bu da yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması profilini xeyli genişləndirdi. Həmçinin fakültədə ixtisas fənləri saatlarının miqdarı artırıldı, xüsusi kurslar tətbiq olundu, diplom işlərinin müdafiəsinin yeni qaydaları tətbiq olundu və burada tələbələr qarşısında daha sərt tələblər qoyuldu.
Həmin illərdə hüquq fakültəsində həyata keçirilən tədbirlərdən biri də bundan ibarət olmuşdu ki, tələbələrin nəzəri hazırlığı ilə dövlət aparatı orqanlarının, habelə ədliyyə, məhkəmə və prokurorluq orqanlarının fəaliyyət praktikasının əlaqələrinin sıxlaşdırılması istiqamətində vacib addımlar atılmış, hüquqşünas tələbələrin müvafiq orqanlarda təcrübə keçmək ənənəsi möhkəmləndirilmişdi.
ADU-da və o cümlədən hüquq fakültəsində 1946-47-ci illərdə görülən intensiv işlər tezliklə öz bəhrəsini verdi. Mülki hüquqa dair dərsliyin birinci cildi Azərbaycan dilinə tərcümə olunub 1948-ci ildə çapdan çıxdı.
Hüquq fakültəsi tələbələrinin kontingenti də xeyli artırıldı. Belə ki, əgər əvvəllər hüquq fakültəsinə hər il 50 tələbə qəbul edilirdisə, yuxarıda göstərilən qərarların qəbulundan sonra fakültəyə qəbul planı üç dəfə artırılaraq ildə 150 nəfərə çatdırılmışdı. Bu isə öz müsbət nəticəsini tezliklə göstərdi. 1949-1952-ci illərdə hüquq fakültəsinin təkcə əyani şöbəsində artıq 700 tələbə təhsil alırdı ki, bu da 1940-cı illərin əvvəlləri ilə müqayisədə dəfələrlə çox idi. Yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması işində hüquq fakültəsinin öz potensialından geniş istifadə olunmağa başlanmışdı ki, bu da ən doğru yol idi.
Tələbələr fakültənin elmi fəaliyyətinə getdikcə daha aktiv şəkildə cəlb olunur, onlarda elmi vərdişlərin yaradılmasına xüsusi  yetirilirdi. 1947-ci ildə hüquq fakültəsində tələbə elmi cəmiyyəti yaradıldı. Bundan əlavə, elə həmin il hüquq fakültəsinin hər bir kafedrasının nəzdində tələbə elmi dərnəkləri təşkil olundu. 1948-ci ilin yanvarında fakültə tələbə elmi cəmiyyəti sıralarında artıq 70 hüquqşünas tələbə müstəqil şəkildə elmi-tədqiqat işi aparırdı. Sonralar hüquq fakültəsinin professor-müəllim heyətinin tərkibinə daxil olmuş hüquqşünas-pedaqoqların çoxu tələbəlik illərində tələbə elmi cəmiyyətinin üzvü kimi elmi yaradıcılıq işlərinə başlamışdı. Hüquq fakültəsinin professor və müəllimlərindən A.Babayev, İ.Kərimov, İ.Əsgərov, A.Milman, İ.Məmmədov, Q.Manayev, M.Məlikova, M.Xələfov, M.Ələsgərov, R.Orucov, Ə.Əliyev, Z.Qasımov, H.Mədətov və digərləri vaxtilə fakültə tələbə elmi cəmiyyətinin fəal üzvləri olmuşdular. Onların əksəriyyəti öz həyatlarını hüquq fakültəsi ilə əbədi olaraq bağlamış, burada professor, kafedra müdiri kimi hüquq elminin inkişafında, hüquqşünas kadrların böyük bir dəstəsinin yetişdirilməsində müstəsna xidmətlər göstərmiş, M.Xələfov və İ.Məmmədov isə fakültə dekanı vəzifəsinə qədər yüksəlmişdilər.
ÜİK(b)P MK-nın 5 oktyabr 1946-cı il tarixli qərarı hüquqşünas alimlərin yetişdirilməsi, hüquq ixtisası üzrə aspirantura və doktoranturaya qəbul məsələsini də qaydaya salmağı bir vəzifə kimi irəli sürmüşdü. Bu qərarın icrası ilə əlaqədar olaraq hüquq ixtisası üzrə aspiranturaya qəbul planı artırılmış, doktorantura xətti ilə hüquqşünas alimlərin yetişdirilməsi imkanları genişləndirilmişdi. Hüquq fakültəsinin rəhbərliyi bu imkanlardan da maksimum istifadə etmişdi. Belə ki, ADU-nun hüquq fakültəsini əla və yaxşı qiymətlərlə bitirən və elmi-tədqiqat işlərinə meyl göstərən tələbələrin bir çoxu SSRİ Elmlər Akademiyası Dövlət və Hüquq İnstitutunun və Moskva Dövlət Universiteti hüquq fakültəsinin aspiranturasında təhsillərini davam etdirməyə göndərilmişdi. Məsələn, 1940-cı illərin sonlarında C.Abbasov, Ə.Əliyev, M.Ələsgərov, İ.Alxasov, F.Əhmədov, F.Davıdov, Q.Manayev, M.Məlikova, C.Mövsümov və digərləri SSRİ-nin adları çəkilən nüfuzlu elm ocaqlarında aspiranturaya qəbul edilmişdilər. Bundan əlavə, ADU-nun hüquq fakültəsinin daha neçə-neçə məzunu Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasına oxumağa göndərilmişdi.
Artıq qeyd edildiyi kimi, müharibədən sonra bütün SSRİ üzrə ictimai və humanitar fənlərin tədrisində yeni qaydalar, yeni dərs planları və proqramları tətbiq olunmuşdu. 1947-ci ilin yanvarında Moskvadan – SSRİ Xalq Komissarları Soveti yanında Ümumittifaq Ali Məktəb İşləri Komitəsindən universitetin hüquq, filologiya və tarix fakültələri üçün yeni tədris planları göndərilmişdi və dərslər həmin proqramlara uyğun şəkildə aparılırdı. Kafedra və fakültələrdə elmi-metodik işin düzgün təşkil edilməsi məsələsi də Moskvanın əsas tələblərindən biri idi. Yuxarıda da deyildiyi kimi, 1940-cı illərin ikinci yarısında bu iş mərkəzi hakimiyyət orqanları tərəfindən xüsusi nəzarətə götürülmüşdü ki, bu da 1948-ci ildə T.D.Lısenkonun elmə zidd stalinist müddəalarının doğurduğu əks-səda idi.
O dövrdə xüsusilə ictimai elmlərin tədrisi sahəsində bütün işlər mərkəzdən gələn yeni postulat və müddəalara uyğun şəkildə qurulurdu. Ona görə də 1949-cu ilin martında ölkənin bütün universitetlərində olduğu kimi ADU-da da tədris işi üzrə prorektor yanında tədris-metodik şura yaradıldı. Şuranın 6 bölməsindən biri də hüquq və iqtisadiyyat elmləri üzrə ixtisaslaşmışdı. Bütövlükdə şura özü ayrı-ayrı fənlərin tədrisinin təkmilləşdirilməsi ilə məşğul idi. Onun hüquq bölməsi isə hüquq fakültəsində kurs işlərinin mövzusu və məzmunu məsələləri ilə məşğul olurdu.
Ölkədə ali hüquq təhsilinin inkişafı və hüquqşünas kadrların hazırlanması sahəsindəki işlər SSRİ Ali Təhsil Nazirliyinin «Hüquq elmləri tədrisinin ideya-siyasi səviyyəsini yüksəltmək tədbirləri haqqında» 9 may 1949-cu il tarixli əmri ilə və AK(b)P MK-nın 1951-ci ilin dekabrında qəbul etdiyi «Respublikanın ali məktəblərində ictimai elmlərin tədrisi vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında» geniş qərarla özünün yeni fazasına qədəm qoydu və yeni məzmun kəsb etdi. Bu əmr və qərarlar universitetin, o cümlədən hüquq fakültəsinin fəaliyyətinə dövlət nəzarətini və təbii ki, həm də müdaxiləsini bir qədər də gücləndirdi. Həmin illərdə ADU-nun humanitar fakültələrinin qarşısında qoyulan ən ümdə tələb tələbələrin elmi və ideya-siyasi hazırlığını daha yüksək səviyyəyə çatdırmaqdan ibarət idi. «İdeya-siyasi hazırlığın səviyyəsi» deyəndə isə məlum məsələdir ki, leninizm-stalinizm ideallarına kor-koranə sədaqət nəzərdə tutulurdu. Bu isə tələbələri əslində mütəxəssis kimi yox, «yetkin sovet məmuru» kimi yetişdirməyə xidmət edən bir siyasət idi.
Bütün ideoloji-siyasi çalarlarına, özündə daşıdığı siyasi konyuktura elementlərinə baxmayaraq ictimai elmlər, o cümlədən hüquq elmi sahəsində təhsilin və elmi-tədqiqat işlərinin inkişafı o dövrdə göz qabağında idi. Dövlət bu sahəni özü üçün həlledici fəaliyyət sferalarından biri sayır, ictimai elmlərin inkişafı məsələləri ilə ciddi məşğul olurdu. 1940-cı illərin ikinci yarısında başlanan bu işlər qısa müddətdə öz real nəticələrini verməyə başlamışdı. 1950-ci illərin əvvəllərində ADU-nun hüquq fakültəsi böyüməkdə, populyarlaşıb böyük nüfuz qazanmaqda, hətta bütün respublikanın ən nüfuzlu elm-təhsil mərkəzinə çevrilməkdə idi.
Hüquq fakültəsinin inkişafının rəqəmlərlə ifadə olunan templərini ADU-nun rektoru, professor C.Hacıyevin (Cəfər Xəndan) 1951-ci il martın 10-da SSRİ Ali Təhsil nazirinə yazdığı məktubdan daha aydın görmək olar. Rektor həmin məktubunda hüquq fakültəsində, ümumiyyətlə isə ali hüquq təhsilinin inkişafı sahəsində görülən işlər barədə bir növ hesabat verərək yazırdı: «ÜİK(b)P MK-nın ölkədə hüquq təhsilini genişləndirmək və yaxşılaşdırmaq haqqında 5 oktyabr 1946-cı il tarixli mühüm qərarından sonra ADU-nun hüquq fakültəsində əsaslı dəyişikliklər baş vermişdir. Keçən 5 il ərzində fakültənin tələbə, müəllim və aspirant kontingenti xeyli artmışdır. Fakültənin 2 dosenti doktorluq dissertasiyası, 8 müəllimi isə namizədlik dissertasiyası hazırlayıb müdafiə etmişdir. Hazırda fakültədə 3 professor və elmlər doktoru, 9 nəfər hüquq elmləri namizədi və 9 nəfər baş müəllim, 10 müəllim və 17 aspirant işləyir. Müəllim və aspirantların əksəriyyəti müəyyən olunmuş namizədlik minimumlarını vermişdir və hazırda dissertasiya üzərində işləyir, 5 nəfər isə öz dissertasiyasını bitirmişdir».
Qeyd edək ki, 1950-ci illərin əvvəllərinədək ADU-nun hüquq fakültəsində Elmi Şura yox idi. Rektor C.Hacıyev SSRİ Ali Təhsil nazirinə həmin məktubunda ondan ADU-nun hüquq fakültəsinin öz Elmi Şurasının yaradılmasına və ona mülki hüquqa və cinayət hüququna dair namizədlik dissertasiyalarının qəbulu və müdafiə hüququ verilməsinə icazə verilməsini xahiş edirdi. Rektor öz mövqeyini belə əsaslandırırdı: «Azərbaycan SSR Elmlər Akademiyası yanında hüquq bölməsinin olmadığı bir şəraitdə hüquq fakültəsində də namizədlik dissertasiyalarının qəbulu və təşkili hüququna malik Elmi Şuranın olmaması hüquq ixtisası üzrə dissertasiyaların təşkilində və keçirilməsində böyük çətinliklər yaradır».
Azərbaycan Dövlət Universiteti rektorunun bu xahişi SSRİ Ali Təhsil Nazirliyi tərəfindən müsbət qiymətləndirildi və tezliklə hüquq fakültəsinin Elmi Şurasının təşkili istiqamətində işlərə başlanıldı. Bundan sonra hüquq fakültəsində namizədlik dissertasiyalarının hazırlanması və müdafiəsi işində böyük dönüş yarandı ki, bu da fakültənin professor-müəllim heyətinin daha yüksək səviyyəyə qalxmasına, elmi-tədqiqat işlərinin sürətlənməsinə təkan verdi.
Hüquq fakültəsində ixtisaslı müəllim və hüquqşünas-alim çatışmazlığı 1950-ci illərin əvvəllərindən etibarən aradan qalxmağa başlamışdı. 1940-cı illərin ikinci yarısında Moskva Dövlət Universitetinə, SSRİ Elmlər Akademiyasına aspirantura və doktoranturaya oxumağa göndərilmiş azərbaycanlı hüquqşünas alimlər namizədlik və doktorluq dissertasiyalarını uğurla başa vuraraq 1950-ci illərin əvvəllərində fakültəyə qayıtmışdılar. Hələ 1947-ci ildə hüquq fakültəsinin müəllimi tərəfindən ilk doktorluq dissertasiyası müdafiə olunmuşdu. Belə ki, hüquq fakültəsinin dekanı Q.Cəfərov həmin il Moskva Dövlət Universitetində «Azərbaycanda sovet hakimiyyəti qurulana qədər və ondan sonrakı dövrdə su hüququ» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi almışdı. V.Qəhrəmanov isə 1950-ci ildə SSRİ EA Dövlət və Hüquq İnstitutunda «Ailə-nikah münasibətləri sahəsində cinayətlər» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək ADU-ya, doğma fakültəyə qayıtmışdı.
Bir çox azərbaycanlı aspirantlar da Moskvada, Leninqradda, Kiyevdə və elə ADU-nun özündə namizədlik dissertasiyalarını müdafiə edərək fakültənin professor-müəllim heyətinin tərkibinə daxil edilmişdilər. Məsələn, K.Məmmədov, C.Mövsümov, Q.Manayev, M.Ələsgərov, A.Əliyev, D.Abbasov, M.Xələfov, Ə.İbrahimov, M.Qafarzadə, A.Milman, M.Məlikova və digərləri fakültədə elmi-pedaqoji fəaliyyətə məhz bu dövrdə başlamışdılar.
1950-ci illərdə hüquq fakültəsi aspirantlarının və müəllimlərinin dissertasiya mövzusu kimi tədqiq etdiyi elmi problemlər əsasən respublikamızda dövlət quruculuğu təcrübəsinin yaranması, inkişafı və dövlət quruculuğu təcrübəsinin ümumiləşdirilməsi məsələlərinə dair idi. Belə ki, F.Əhmədov «Azərbaycan SSR-nin təşkili», M.Qafarzadə «Azərbaycan SSR SSRİ-nin tərkibində suveren sovet sosialist dövlətidir», C.Mövsümov «Azərbaycan SSR-də məhkəmənin təşkili tarixi», Ə.Əsədov «Azərbaycanda ailə hüququ», Ə.İbrahimov «Azərbaycan sovet prokurorluğunun inkişafı», M.Xələfov «Azərbaycan SSR-də mənzil qanunvericiliyinin əsas inkişaf mərhələləri», İ.Kərimov «Sovet dövlətinin mədəni-tərbiyə fəaliyyəti (Azərbaycan SSR materialları əsasında)», C.Abbasov «Azərbaycanda sovet hakimiyyətinin qurulması və torpağın milliləşdirilməsi ərəfəsində torpaq-hüquq münasibətləri», H.Mədətov «Məhkəmənin tərbiyəvi rolu haqqında (Azərbaycan SSR materialları əsasında)» mövzusunda namizədlik dissertasiyaları müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdılar. M.Ələsgərovun, Ə.Əliyevin, Ə.Əsgərovun, A.Babayevin, Q.Məmmədovun dissertasiyaları isə beynəlxalq hüquq, həmçinin Türkiyə və İranın dövlət hüququ məsələlərinə həsr edilmişdi. 1945-46-cı ildə Cənubi Azərbaycanda xalq-demokratik dövləti məsələləri 1952-1962-ci illərdə hüquq fakültəsinin dekanı olmuş Q.Məmmədovun namizədlik dissertasiyasında araşdırılmışdı. 1980-1985-ci illərdə hüquq fakültəsinin dekanı olmuş İ.Məmmədovun namizədlik dissertasiyası keyfiyyətsiz sənaye məhsulları istehsalı üzrə cinayət hüququ əsasında mübarizə məsələlərinə həsr olunmuşdu. B.Danielbəyin namizədlik dissertasiyası isə avtomobil nəqliyyatındakı cinayətlərlə mübarizə problemi üzərində qurulmuşdu.
Bunlardan əlavə, 1950-ci illərdə L.Q.Şuster «Sovet məhkəməsinin hökmü və onun qanuni qüvvəsi», M.Məlikova «M.F.Axundovun ictimai-hüquqi görüşləri», M.M.Altman isə «Sovet vətəndaşlığı məsələləri» mövzusunda namizədlik dissertasiyaları müdafiə edərək hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamışdılar.
Bir sözlə, hüquq fakültəsi 1950-ci illərin ortalarına doğru xeyli böyüyüb inkişaf etmiş, onun professor-müəllim və tələbə kontingenti sürətlə böyümüş, bütövlükdə isə fakültənin respublikamızın elmi ictimaiyyəti arasındakı nüfuzu və ümumiyyətlə təhsil sistemindəki rolu yüksəlmişdi. Hətta belə demək olarsa, hüquq fakültəsi həmin dövrdə universitetin ən nüfuzlu və aparıcı fakültəsinə çevrilmiş, ora qəbul olunmağa çalışan gənclərin sayı həddən artıq böyük sürətlə artmışdı.
Bu illərdə dövlətin özünün də ali hüquq təhsilinin təşkili məsələsinə diqqəti böyüməkdə idi. 1952-ci ilin aprelində AK(b)P MK ADU-da və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Bakı filialında hüquq təhsilinin təşkilinin vəziyyətini yoxlamış və yoxlamanın nəticələrindən kəskin narazılığını bildirmişdi. Yoxlamanı aparan partiya məmurları universitetin hüquq fakültəsində tədrisin vəziyyətinin onları qane etməyən məqamlarını önə çəkərək bildirmişdilər ki, «universitetin hüquq fakültəsində çox vaxt ideya-nəzəri səviyyəsi aşağı olan mühazirələr oxunur».
Bu tənqidi qeydlər hüquq fakültəsinin fəaliyyətində ciddi korrektələrin ediləcəyinə bir siqnal idi. Partiyanın dövlətiləşdiyi, dövlətinsə partiyalaşdığı o dövrdə başqa cür də ola bilməzdi. Və gözlənildiyi kimi də oldu – ali hüquq təhsilinin təşkili işində daha bir yenidənqurma başlandı. AK(b)P MK-nın bürosu 1952-ci il iyunun 16-da «Respublikada hüquqşünas kadrların hazırlanması və onlardan istifadə olunması işinin yaxşılaşdırılması tədbirləri haqqında» qərar qəbul etdi. Sənəddə ali hüquq təhsilinin təşkilindəki nöqsanlar aşkara çıxarılıb göstərilir və ali hüquq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər müəyyən edilirdi. Bu qərarın nəticəsi olaraq Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Bakı filialı 1952-ci ilin avqustunda ləğv edildi. Filialın 900 nəfər tələbəsi isə hüquq fakültəsinin qiyabi şöbəsinə köçürüldü.
Böyük tələbə kontingentinə malik olan bir ali təhsil qurumunun ləğv edilərək hüquq fakültəsinə verilməsi fakültənin üzərinə qoyulan məsuliyyəti artırmış, onun qarşısına qoyulan tələbləri xeyli ciddiləşdirmişdi. Onu da qeyd edək ki, Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Bakı filialı hüquq fakültəsinə birləşdiriləndən az sonra – 1953-cü ildə fakültədə axşam şöbəsi də təşkil olundu. Bu isə təhsil almaq istəyən gənclərin fakültəyə axınını bir qədər də artırdı.
Qeyd etdiyimiz, 1950-ci illərin ortalarında hüquq fakültəsinə böyük axın var idi. Bunu fakültəyə tələbə qəbulunda yaranan böyük müsabiqə də təsdiqləyir. Hüquq fakültəsinə qəbul olunmaq istəyən abituriyentlərin sayı ilə qəbul planındakı yerlərin sayının nisbəti o dövrdə bütün universitet üzrə ən yüksək sayılırdı və 10-nun 1-ə nisbətində idi. Nümunə üçün konkret rəqəmlərə baxaq. 1955-ci il qəbulunda bütün universitet üzrə 577 yerə 2373 ərizə verilmişdi ki, bu da orta hesabla 1 yerə 4 ərizə demək idi. Həmin ilin qəbul imtahanları zamanı hüquq fakültəsində isə 25 yerə 257 ərizə verilmişdi ki, bu da ümumuniversitet göstəricisindən 2,5 dəfə çox idi. Müqayisə üçün deyək ki, həmin il universitetin ikinci böyük və nüfuzlu fakültəsi olan tarix fakültəsində 25 yerə cəmi 168 ərizə verilmişdi.
Bir sözlə, hüquq fakültəsi artıq 1950-ci illərin ortalarından başlayaraq nəinki təkcə universitetin, ümumiyyətlə, bütün respublika üzrə ali təhsil ocaqlarının öncülünə və aparıcı qüvvəsinə çevrilmişdi. Fakültənin istər professor-müəllim kollektivinin, istərsə də məzunlarının respublikanın elmi-ictimai həyatındakı iştirakı və rolu sürətlə böyüyürdü. 1950-ci illərin ortalarında Azərbaycanda qanunvericiliyin məcəllələşdirilməsi və sistemləşdirilməsi üzrə geniş iş aparılmağa başlayanda hüquq fakültəsinin əməkdaşları bu prosesdə xeyli dərəcədə fəallıq göstərmişdilər. Belə ki, hüquq fakültəsinin alimlərindən professor V.Qəhrəmanov, dosentlər Ə.Əsədov, T.Qafarov, İ.Məmmədov, Q.Məmmədov, B.Danielbəy, Q.Manayev, C.Mövsümov, M.Xələfov, L.Q.Şuster və digərləri mülki, cinayət, mülki-prosessual və cinayət-prosessual məcəllələrinin, habelə digər vacib hüquqi aktların, dövlət sənədlərinin layihələrinin işlənib hazırlanmasında fəal iştirak etmişdilər.
Bundan əlavə, hüquq fakültəsinin müəllimləri 1950-ci illərdə Azərbaycan dilində dərsliklərin və dərs vəsaitlərinin hazırlanması prosesində də fəallıq göstərirdilər. Onu da bəri başdan qeyd ki, bu dərsliklərin və dərs vəsaitlərinin bir çoxu hüquqşünas tələbələr üçün bu gün də qiymətli kitablardan sayılır. Onların arasında Ə.İbrahimovun «Məhkəmə və prokurorluğun təşkili», Q.Mədətovun digər müəlliflərlə birgə yazdığı «Mülki-prosessual hüquq», V.Qəhrəmanovun «Sovet cinayət hüququ», «Sovet cinayət hüququna görə cinayət anlayışı», «Sovet cinayət hüququnda cəza sistemi» və «Sovet cinayət hüququna görə cəzanın tətbiq edilməsi», Ə.Əsədovun «Mülki hüquq», «Ailə hüququ» və «Ailənin daha da möhkəmləndirilməsi və uşaqların tərbiyəsi sahəsində partiya və hökumətin tədbirləri», Ə.Əsədovla N.Yusifovun «Sovet mülki hüququnun əsasları haqqında» və «Sovet ailə hüququnun əsasları haqqında» dərsliklərinin və dərs vəsaitlərinin adını çəkmək olar.
1950-ci illərdə bütün universitetin, o cümlədən hüquq fakültəsinin tarixində əlamətdar hadisələrdən biri baş verdi. O vaxt universitetdə kafedra müdirlərinin və professor-müəllim heyətinin müvafiq vəzifələrə seçkilər yolu ilə təyin olunması kimi demokratik ənənənin əsası qoyulmuşdu. Belə ki, SSRİ Mədəniyyət Nazirliyinin 8 fevral 1954-cü il tarixli əmrinə və ADU-nun professor-müəllim heyəti seçkilərinə dair SSRİ Ali Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ardıcıllıq qrafikinə uyğun olaraq 1954/55-ci dərs ilində 17 kafedra müdirinin və 9 kafedra üzrə professor və müəllimlərin ilk seçkiləri keçirilmişdi. Belə bir seçki hüquq fakültəsində də olmuş və hüquq elmləri doktoru, professor V.Qəhrəmanov cinayət hüququ kafedrasının müdiri seçilmişdi.
1950-ci illərdə hüquq fakültəsinin həyatında bu günün baxış prizmasından bəlkə də qəribə görünən çox böyük hadisələrdən biri də baş verdi. Həmin illərdə universitetin maddi-texniki bazasının möhkəmlənməsi müşahidə edilir, bir sıra çatışmazlıqlar aradan qaldırılırdı. Bundan hüquq fakültəsinə də pay düşdü. 1952-ci ilin yayında fakültəyə nəhayət ki, ayrıca bina verildi və hüquqşünas tələbələr 1952/53-cü dərs ilinə fakültənin öz binasında başladı. Bu binanın əsaslı təmirə ciddi ehtiyacı olsa da o, hüquq fakültəsinin kollektivi üçün çox qiymətli hədiyyə idi. Axı hüquq fakültəsinin özünün heç vaxt ayrıca tədris binası olmamışdı. Yuxarıda da qeyd etdiyimiz kimi, hüquq fakültəsi müharibədən sonrakı ilk illərdən etibarən orta məktəb binasında yerləşir və ondan da yalnız axşam saat 6-dan sonra istifadə edə bilirdi.