HÜQUQ FAKÜLTƏSİ MÜHARİBƏ DÖVRÜNDƏ

Azərbaycan Dövlət Universiteti 4 illik fasilədən sonra 1934-cü il mayın 25-də bərpa olundu. Universitet bərpadan sonrakı ilk dərs ilinə – 1934/35-ci dərs ilinə 4 fakültədən (fizika-riyaziyyat, kimya, biologiya və tarix fakültələri) ibarət tərkibdə başladı. ADU-nun rektoru K.Ə.Ələkbərli 1934-cü ilin noyabrında yazırdı ki, sonrakı illərdə universitetin daha da genişləndirilməsi, burada geologiya-torpaq, coğrafiya, dilçilik və ədəbiyyat fakültələrinin yaradılması nəzərdə tutulurdu. Lakin bu planların həyata keçirilməsi universitetin maddi-texniki bazasının zəif olması, tədris korpuslarının və yataqxanaların çatışmaması səbəbindən ləngidilirdi. ADU-nun rektoru 1936-cı ildə hökumətə bu problemlərin həlli üçün ünvanladığı «İzahat məktubu»nda universitet üçün yeni binaların tikilməsini vacib saydığını diqqətə çatdırır, eyni zamanda geologiya-torpaq, coğrafiya, dilçilik, ədəbiyyat, iqtisadiyyat və hüquq fakültələrinin yaradılmasının zəruriliyini bildirirdi. Lakin həmin məktubda bu planların nə zaman həyata keçirilməsindən bəhs olunmur, konkret müddət göstərilmirdi.
Amma bütün israrlara və səylərə baxmayaraq rektorluğun bu təşəbbüsü elə kağız üzərindəcə qaldı. Səbəb kimi yenə də bürokratik əngəlləri və hökumətin «maddi-texniki imkanların əlverişsizliyi» barədəki cavablarını göstərmək olar. Həmin dövrə aid sənədlərdə qeyd olunurdu ki, «yeni fakültələrin açılması onların yerləşdirilməsi üçün binaların və tələbə yataqxanalarının olmaması ucbatından mümkün deyil».
Qeyd olunduğu kimi, hüquq fakültəsinin ADU-ya «qayıdışı» 1941-ci ilə təsadüf edir. Müharibənin başlanması bütün SSRİ-də olduğu kimi Azərbaycanda da ali təhsil sahəsində ciddi təşkilati, kadr, maddi-texniki təchizat, idarəçilik məsələləri ilə bağlı çətinliklər yaratmışdı. AK(b)P MK və respublika Xalq Komissarları Soveti bu çətinlikləri aradan qaldırmaq və çevik idarəetməyə keçidi təmin etmək üçün 1941-ci ilin oktyabrında V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan Dövlət Universitetinə birləşdirilməsi haqqında qərar qəbul etdilər. Bunun ardınca isə bir sıra ali təhsil ocaqları, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu universitetə birləşdirildi. Beləliklə, hüquq fakültəsi yenidən universitetə qayıtdı.
Hüquq fakültəsi ADU-ya qayıdanda onun 4 kafedrası – mülki hüquq (kafedra müdiri Q.C.Cəfərov), cinayət hüququ (kafedra müdiri Q.M.Məmmədov), beynəlxalq hüquq (kafedra müdiri V.İ.Lisovski) və dövlət hüququ (kafedra müdiri əvvəlcə V.N.Xatuntsev, sonra isə B.A.Hüseynov) kafedraları var idi.
Müharibə şəraiti universitetin elmi-pedaqoji fəaliyyətində, tədris planlarında köklü dəyişikliklər edilməsinə səbəb olmuşdu. Bu, özünü hüquq fakültəsinin də fəaliyyətində labüdən göstərirdi. Məsələn, müharibə ilə əlaqədar bir sıra başqa fakültələr kimi hüquq fakültəsinin də qiyabi şöbəsinin təşkili məsələsi gündəmə gəlmişdi ki, bu da cəbhəyə getmiş hüquqşünas kadrların əvəzlənməsinə olan ehtiyacla yanaşı həm də istehsalatdan ayrılmamaqla təhsilin inkişafı zərurətindən irəli gəlirdi. ADU-nun Elmi Şurası 1942-ci il iyulun 9-da hüquq fakültəsi yanında Azərbaycan, rus və erməni dillərində qiyabi şöbənin açılması barədə qərar qəbul etmişdi. Xalq Maarif Komissarlığının 17 iyul 1942-ci il tarixli əmri ilə sərəncam verilmişdi ki, 1942/43-cü dərs ilində hüquq fakültəsinin qiyabi şöbəsi açılsın.
Lakin onun fəaliyyətə başlaması təşkilati çətinliklər üzündən 1943/44-cü dərs ilində mümkün oldu. 1943/44-cü dərs ilində ADU-nun 8 fakültəsinin – filologiya, tarix, hüquq, biologiya, geologiya-coğrafiya, fizika-riyaziyyat, şərq və kimya fakültələrinin tərkibində ümumi kontingenti 230 nəfərdən ibarət olan qiyabi şöbə açıldı.
Qiyabi şöbə yaradılsa da onun fəaliyyəti və təşkilati vəziyyəti əsla qənaətbəxş deyildi. Tədris planları, müvafiq dərs vəsaitləri, müəllim heyəti ilə bağlı çətinlikləri təşkilati xarakterli problemlər tamamlayırdı. Vəziyyəti düzəltmək yalnız Moskvadan müvafiq göstəriş gələndən sonra mümkün oldu. 1945-ci il fevralın 2-də Ümumittifaq Ali Məktəb İşləri Komitəsindən verilmiş əmrlə həmin 8 fakültədən 4-nün – şərq, tarix, filologiya və fizika-riyaziyyat fakültələrinin qiyabi şöbələri saxlandı, hüquq, biologiya, geologiya-coğrafiya və kimya fakültələrinin qiyabiçiləri isə müvafiq ali məktəblərə keçirildi. Hüquq fakültəsinin Azərbaycan və rus qrupları 1945-ci ilin iyulunda Qiyabi Hüquq İnstitutuna köçürüldü.
Müharibə illərinin çətinlikləri böyük idi. Hüquq fakültəsi bu çətinliklərin hamısından keçib. 1944-cü il aprelin 30-dan etibarən hüquq fakültəsində 4 illik təhsil müddəti tətbiq edilmişdi. Müəllim və dərs vəsaitləri çatışmazlığı üzündən fakültədə bir sıra fənlərin tədrisi ləğv olunmuşdu. Məsələn, hüquq fakültəsinin rus bölməsində mütəxəssislər çatışmadığına görə cinayət hüququ və dövlət hüququ tarixi fənləri dərs planından çıxarılmışdı. Amma bütün bu məhrumiyyət və çətinliklərə baxmayaraq hüquq fakültəsi universitetin ən nümunəvi, qabaqcıl və intizamlı fakültəsi sayılırdı. 1944/45-ci dərs ilinin statistikasına görə, 463 nəfər tələbəyə malik filologiya fakültəsindən sonra ikinci ən çoxsaylı tələbə kontingenti – 264 nəfər tələbəsi olan hüquq fakültəsi bütün universitetdə yeganə fakültə idi ki, həm intizam, həm də müvəffəqiyyət dərəcəsinə görə 100 faizlik nəticə göstərmişdi. 1944-cü ildə tələbələri yay imtahan sessiyasına 100 faizlik heyətlə gəlmiş fakültələr yalnız hüquq və tarix fakültələri idi.
Hüquq fakültəsinin mütləq və nisbi müvəffəqiyyət dərəcələri də bütün universitet üzrə ən yüksək göstəriciyə malik idi – müvafiq olaraq 88,1 və 96,7 faiz. Hüquq fakültəsi tələbələrinin 18,4 faizi bütün dərslərdən əlaçı idi ki, bu da fizika-riyaziyyat (30,3 faiz) və tarix (19,2 faiz) fakültələrindən sonra üçüncü göstərici idi.
1945-ci ildə hüquq fakültəsinin rus bölməsini (həmin il Azərbaycan bölməsi üzrə buraxılış olmamışdı) 24 məzun bitirmişdi ki, onların da 4 nəfəri fərqlənmə diplomu almışdı. Xatırladaq ki, həmin il ADU-nu cəmi 28 nəfər fərqlənmə diplomu ilə bitirmişdi.
Hüquq fakültəsinin professor-müəllim heyətinin müharibə illərindəki elmi və ictimai fəaliyyəti də məhsuldar sayıla bilər. Hüquq fakültəsinin adı 1943-cü il oktyabrın 1-dən etibarən universitetin elmi-tədqiqat işləri planına daxil edilmişdi. Doğrudur, bu illərdə elmi-tədqiqat işləri əsasən xalq təsərrüfatı və hərbi-sənaye əhəmiyyətli məsələlərin həllinə yönəldilmişdi. Bununla belə ictimai elmlər üzrə də tədqiqat işləri aparılır, namizədlik və doktorluq dissertasiyaları müdafiə edilirdi. Müharibə illərində universitetdə aktual ictimai-siyasi mövzularda keçirilmiş elmi konfrans və sessiyalarda hüquqşünas alimlər həmişə fəallıq göstərmişdilər.
Bilavasitə hüquq fakültəsinin özünün təşəbbüsü və təşkilatçılığı ilə 1942-ci ilin iyununda universitetdə «Faşizm və hüquq» mövzusunda elmi konfrans keçirilmişdi. Hüquq fakültəsinin müəllimləri – dosent V.Lisovski konfransda «Faşizm və beynəlxalq hüquq», baş müəllim B.A.Hüseynov «Faşizm və ailə», müəllim Y.A.Anikst-Zvonskaya isə «Alman faşizminin irq nəzəriyyəsi» adlı elmi məruzələri ilə çıxış etmişdilər. 1942-ci ilin noyabrında keçirilən ümumuniversitet elmi konfransına təqdim edilmiş 12 elmi əsərin biri hüquq fakültəsinin dosenti V.Lisovskinin «Faşizmin xarici siyasətinin cinayətkar üsulları» adlı məruzəsi idi.
Hüquq fakültəsinin müəllimləri 1944-cü ilin aprelində universitetdə keçirilmiş elmi sessiyada da yaxından iştirak etmişdilər. Hüquqşünas alimlərdən dosent əvəzi V.Qəhrəmanovun sessiyaya təqdim etdiyi «Müsəlman hüququna görə cinayət-hüquq baxışlar» və dosent V.Lisovskinin «Müharibə və diplomatiya» mövzularındakı elmi məruzələri orijinallığı və elmi yenilikçiliyi ilə seçilirdi. Bundan əlavə, 1944-cü ildə hüquq fakültəsində keçirilmiş «Əxlaq və mədəniyyət haqqında» mövzusundakı elmi konfrans da maraq doğururdu. Həmin elmi tədbirə 300 nəfərin qatılması onun əhəmiyyəti və elmi dəyəri barədə mülahizə yürütməyə kifayət edir.
Elmi-tədqiqat işlərinin aparılması sahəsində əldə edilən uğurlara baxmayaraq hüquq fakültəsində aspirantlarla bağlı vəziyyət o qədər də ürəkaçan deyildi. 1944-cü il fevralın 1-də universitetdə 36 aspirant var idi ki, onların da yalnız 1 nəfəri hüquq fakültəsinin payına düşürdü. 1945-ci ilin iyununda universitetin aspirantlarının sayı 68-ə çatmışdı ki, onların da 3-ü huquqşünas idi.
Aspirantura sahəsindəki bu problemlərə baxmayaraq müharibə illərində ADU-nun Elmi Şurasında 13 doktorluq və 118 namizədlik dissertasiyası müdafiə edilmişdi ki, onların da beşi hüquq fakültəsinin payına düşürdü. Q.C.Cəfərovun «Şəxsi mülkiyyət hüququnun hüquqi təbiəti haqqında», B.N.Xatuntsevin «Azərbaycan SSR-nin birinci Konstitusiyası», F.Ş.Şabanovun «XVIII əsrdə Azərbaycanın ictimai-siyasi quruluşu», V.P.Qəhrəmanovun «Qadınların azadlığı əleyhinə yönəlmiş cinayətlər» və B.A.Həşimzadənin «Sovet Azərbaycanının cinayət qanunvericiliyi tarixi» mövzularındakı namizədlik dissertasiyaları hüquq fakültəsində hazırlanan ilk elmi əsərlərdən sayılır.