HÜQUQ FAKÜLTƏSİNDƏ TƏHSİLİN VƏ ELMİN YÜKSƏLİŞİ

Ali hüquq təhsilinin inkişafı və hüquqşünas kadrların hazırlanması işinə böyük diqqət yetirilməsi 1960-1970-ci illərdə də müşahidə olunurdu. Bu, hüquq təhsilinin yaxşılaşdırılmasına həm ittifaq hökuməti, həm də respublika rəhbərliyi səviyyəsində verilən dəyərin təzahürü idi. Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin «Ölkədə hüquq təhsilinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında» 16 iyun 1964-cü il tarixli birgə qərarı bütün SSRİ üzrə universitetlərin hüquq fakültələrinin fəaliyyətinə yeni stimul verdi və ölkədə ali hüquq təhsilinin inkişafı prosesi qarşısında yeni perspektivlər açdı. Qərar ölkədə hüquq elmlərinin daha da inkişaf etdirilməsini və hüquq fənlərinin tədrisi işinin əsaslı surətdə yaxşılaşdırılmasını qarşıya əsas vəzifə kimi qoyurdu. Sənəddə hüquq təhsili sahəsindəki çatışmazlıq və nöqsanlar göstərilir, bir çox məsələdə vəziyyətin yarıtmaz olduğu tənqid edilirdi.
Həmin qərarın icrasına dərhal başlanıldı. SSRİ Ali Təhsil Nazirliyinin 26 avqust 1964-cü il tarixli əmri və Azərbaycan Kommunist Partiyası MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1964-cü il tarixli birgə qərarı Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin «Ölkədə hüquq təhsilinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında» 16 iyun 1964-cü il tarixli birgə qərarının müddəalarının həyata keçirilməsi yollarını müəyyənləşdirirdi. İttifaq hökumətinin narahatlığına səbəb olan amillər bundan ibarət idi ki, «son illərdə ali təhsilli hüquqşünas buraxılışının sayı xeyli aşağı düşmüş, bununla birlikdə əyani şöbələrin məzunlarının sayı iki dəfədən çox azalmışdır».
Hökumətin narahatlığına yetərincə ciddi səbəb var idi. Belə ki, hüquqşünas kadrların hazırlanması sahəsində 1950-ci illərin sonları – 1960-cı illərin əvvəllərində həqiqətən də bir durğunluq, hətta geriləmə yaranmışdı ki, bu da əslində planlaşmanın yarıtmazlığından irəli gələn bir məsələ idi. Belə ki, kadr planlaşması ictimai inkişafın sürəti ilə ayaqlaşmır, buna görə də kadr qıtlığı yaranırdı. Yəni ölkədə hüquqşünas kadrlara olan tələbat müvafiq təklifi üstələyirdi.
Vəziyyət bütün SSRİ-də belə idi və Azərbaycan da bu prosesdən kənarda deyildi. Bununla bağlı təkcə belə bir fakta baxaq ki, respublikamızda 8 il ərzində – 1956-1964-cü illərdə hüquqşünasların buraxılış sayı 1951-1956-cı illərlə müqayisədə 5 dəfədən də çox azalmışdı. Halbuki cəmiyyət bu illərdə bir qədər də inkişaf etmiş, partiya, sovet və elmi orqanlarda hüquqşünas kadrlara olan ehtiyac isə təbii surətdə artmışdı.
Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin «Ölkədə hüquq təhsilinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında» 16 iyun 1964-cü il tarixli birgə qərarı özündə dövlət idarəetməsində hüquqşünas kadrlardan daha geniş istifadə etmək kimi mütərəqqi bir meyli əks etdirirdi. Elmdən və təhsildən çox uzaq adam olan primitiv və bəsit təfəkkürlü N.S.Xruşşovun dövründə isə ölkədə bu sahədəki vəziyyət, yumşaq desək, çox acınacaqlı idi. Xüsusən yerli sovetlərin aparatında və xalq təsərrüfatının ən müxtəlif sahələrində ixtisaslı hüquqşünaslar az idi. Azərbaycan Kommunist Partiyası MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1964-cü il tarixli birgə qərarında bununla bağlı göstərilən fakt doğrudan da heyrət doğururdu. Qərarda bildirilirdi ki, vəzifələrinə bilavasitə hüquqi aktların hazırlanması daxil olan rayon və şəhər sovetləri icraiyyə komitələrinin 57 katibindən heç birinin hüquq təhsili yoxdur. Həmin sənəddə o da qeyd olunurdu ki, «bütün bu nöqsanlar Azərbaycanda və o cümlədən də ADU-nun hüquq fakültəsinin fəaliyyətində mövcuddur».
Əslində isə bu müddəa subyektiv xarakterli idi və həqiqəti əks etdirmirdi. Nəzərə almaq lazımdır ki, kadrların hazırlanması universitetdə, o cümlədən hüquq fakültəsində planlaşdırılmırdı və bunu yuxarı direktiv orqanlar müəyyən edirdi. Universitet o dövrdə tələbə qəbulunu planlaşdıracaq qədər müstəqil deyildi. Hər il Azərbaycan Dövlət Universitetinə, o cümlədən onun hüquq fakültəsinə nə qədər tələbənin qəbul ediləcəyi, ixtisaslı kadrların necə yerləşdiriləcəyi SSRİ Ali Təhsil Nazirliyinin, SSRİ Dövlət Plan Komitəsinin və respublikanın müvafiq dövlət orqanlarının səlahiyyətlərinə daxil olan məsələ idi. Universitet və onun fakültələri belə məsələlərlə məşğul olmurdu, daha doğrusu, onların belə bir hüququ yox idi.
Buna baxmayaraq universitet və onun hüquq fakültəsi hüquqşünas kadrların çatışmazlığı üzündən sözügedən qərarlarda haqsız yerə tənqid edilirdi. Doğrudur, onların «suç ortaqları» da var idi. Məsələn, Azərbaycan Kommunist Partiyası MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1964-cü il tarixli birgə qərarında bildirilirdi ki, «respublika hüquqşünaslarının praktika ilə kifayət qədər əlaqəsi yoxdur, praktik işçilər isə hüquq fakültəsinin işində zəif iştirak edirlər. Müəssisə, nazirlik və baş idarələrin rəhbərləri toplanmış təcrübənin elmi cəhətdən ümumiləşdirilməsinin təşkili üçün lazımi şərait yaratmamış, hüquq fakültəsinin kafedraları isə praktik işçilərə kömək göstərməmişlər».
Yuxarı direktiv orqanlar hüquq fakültəsində tədris prosesinin yaxşılaşdırılmasına, təhsilin praktikaya yaxınlaşdırılmasına böyük ehtiyacın yarandığını vurğulamış, həmçinin elmlər doktorları və namizədlərinin hazırlanması işində dönüş yaradılmasının və bu sahədəki işlərin sürətləndirilməsinin vacibliyini qeyd etmişdilər. Respublika Ali Təhsil Komitəsi yuxarı direktiv orqanların göstərilən sənəd və göstərişlərinə əsaslanaraq özünün 26 dekabr 1964-cü il tarixli əmrində universitet rəhbərliyindən bir sıra təcili və operativ tədbirlər görməyi tələb etmişdi. Həmin əmrdə ADU-nun rektoru Ş.Mehdiyevdən və prorektor A.Ələkbərovdan sırf inzibatçılıq ruhunda tələb olunurdu ki, universitet və fakültə rəhbərliyi tədbirlər planı hazırlayıb həyata keçirsin.
Amma bu tədbirlərin özünün nədən ibarət olması komitənin özünə də aydın deyildi və bu, açıq-aşkar görünürdü. Belə ki, həmin sənəddə konkret heç nə təklif olunmurdu. Nisbətən konkret olan yeganə təklif o idi ki, universitetin hüquq fakültəsinə tələbə qəbulunu 1965-ci ildən etibarən artırmaq, gələcəkdə isə axşam və qiyabi hüquq təhsilini inkişaf etdirmək lazımdır.
Bütün bu direktiv sənədlər və orada səsləndirilən irad və təkliflər universitetin və hüquq fakültəsinin elmi şuralarında ciddi müzakirə olunmuş, fakültənin bütün kafedralarının onlarla bağlı mövqeyi öyrənilmişdi. Özünün subyektivliyinə, inzibatçı ruhuna və qüsurlarına baxmayaraq həmin qərarların icrası hüquq fakültəsinin işində müəyyən canlanma yaratmışdı.
Bu sənədlərin təsiri hüquq fakültəsinin 1960-cı illər boyunca bütün fəaliyyətində hiss olunurdu. Bu illər hüquq fakültəsində bir növ «ikinci nəfəs» dövrüdür. Belə ki, 1960-cı illərdə fakültə xeyli böyüdü, onun professor-müəllim heyətinin və tələbə kontingentinin sıraları, fakültə əməkdaşlarının elmi-tədqiqat işlərinin isə profili nəzərəçarpacaq dərəcədə genişləndi, bu işlərin elmi-praktik əhəmiyyəti daha qabarıq şəkildə üzə çıxdı və s.
Hüquq fakültəsinə onun dekanları arasında ən çox – 18 il rəhbərlik etmiş böyük alim və gözəl təşkilatçı M.Xələfovun 1962-ci ildə bu vəzifəyə seçilməsi də fakültədəki işgüzar mühitə müsbət təsir göstərmişdi. O dövrdə həm tədris, həm də elmi-tədqiqat işlərində keyfiyyət amili qabarıq şəkildə önə çıxdı, eləcə də elmi-pedaqoji istiqamətli işlər sürətləndi. 1960-cı illərdə təkcə bir neçə il ərzində hüquq fakültəsi müəllimlərinin üçü doktorluq, yeddisi isə namizədlik dissertasiyası müdafiə etdilər. Təkcə 1968-ci ildə hüquq fakültəsinin ixtisaslaşdırılmış Elmi Şurasında 6 namizədlik dissertasiyasının müdafiə edilməsi fakültədəki elmi-yaradıcı mühitin xarakteri barədə mülahizə yürütməyə əsas verən sanballı fakt kimi nəzərdən keçirilməlidir.
Onu da deyək ki, fakültə əməkdaşlarının hazırlayıb müdafiə etdikləri bu doktorluq və namizədlik dissertasiyalarının hamısının mövzusu çox aktual idi. Dosent A.Milman 1965-ci ildə «XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın siyasi quruluşu», dosent C.Mövsümov 1966-cı ildə «1917-1937-ci illərdə Azərbaycan SSR-də məhkəmə və cinayət prosesi», dosent M.Ələsgərov 1968-ci ildə «SSRİ-nin Asiya və Afrikanın gənc müstəqil dövlətləri ilə beynəlxalq hüquqi münasibətləri» mövzularında doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdilər.
Namizədlik dissertasiyalarının mövzuları da öz orijinallığı və aktuallığı ilə seçilirdi. Onların arasında fakültənin müəllimlərindən H.Mədətovun «İnsanların şüurlarında kapitalizm qalıqları ilə mübarizədə mülki işlər üzrə ədalət mühakiməsinin rolu», T.Qafarovun «Azərbaycan SSR cinayət qanunvericiliyi üzrə xuliqanlıqla mübarizə», K.Sarıcalinskayanın «Azərbaycan SSR istintaq və məhkəmə təcrübəsində məktubun kriminalistik ekspertizası», X.Süleymanovun «Azərbaycan SSR-nin qüvvədə olan Cinayət-prosessual Məcəlləsinin xüsusiyyətləri və onu təkmilləşdirməyin bəzi məsələləri», F.Məmmədovun «Sovet əmək hüququ üzrə istirahət vaxtının hüquqi cəhətdən nizama salınması», Y.Abdullayevin «Türkiyədə respublika dövlət quruluşunun yaradılması və onun qanunvericilik yolu ilə rəsmiləşdirilməsi», S.Zülalovanın «Cinayət işləri üzrə ali məhkəmələrin rəyasət heyətlərinin funksiyaları» mövzularında müdafiə etdikləri namizədlik dissertasiyalarının elmi-praktik əhəmiyyəti böyük idi.
ADU-nun və onun hüquq fakültəsinin, ümumiyyətlə isə bütün Azərbaycan cəmiyyətinin inkişafındakı yeni mərhələ 1969-cu ildən başlayır. Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət adamı və nəhəng şəxsiyyət Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan SSR KP MK-nın birinci katibi seçilməsi respublikamızın sosial-iqtisadi, ictimai-mədəni, elmi, təhsil həyatında əsaslı dönüşün və yeniləşmənin başlanğıcı oldu. Universitetin tarix fakültəsinin məzunu olan bu böyük insan respublikaya rəhbərlik etməyə başladığı ilk gündən Azərbaycanda hər şey yaxşılığa doğru dəyişməyə başlamışdı. Bu yenilik və dəyişikliklər özünü hər şeydən əvvəl elmə, təhsilə, milli mədəniyyətə, incəsənət və ədəbiyyata, bir sözlə, milli-ictimai fikri inkişaf etdirən hər bir şeyə qayğı və diqqətin indiyə qədər görünməyən həddə artmasında göstərirdi.
Heydər Əliyev sözün əsil mənasında mədəniyyətin, elmin, təhsilin böyük dostu və himayədarı idi. Onun respublikaya rəhbərlik etməyə başlamasından sonra Azərbaycanda ictimai həyatın bütün sahələrində pozitiv meyllər müşahidə olunmağa başlamış, bütün sferalarda münasibətlər sağlamlaşmış və dinamik işgüzar xarakter almışdı. Təbiətən qurucu və inkişafa meylli şəxsiyyət olan Heydər Əliyev köhnə, gerilikçi iş metodları ilə, primitiv təfəkkürün qalıqları ilə, əyinti və nöqsanlarla mübarizədə prinsipial və qətiyyətli idi.
Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başlaması ilə xüsusən təhsil sahəsində köklü dəyişikliklər baş verdi. Bunu respublikamızın ən iri və ən mötəbər elm-təhsil ocağı olan Bakı Dövlət Universitetinin, o cümlədən onun hüquq fakültəsinin timsalında daha aydın görmək olar. Bu barədə əvvəlki fəsildə ətraflı bəhs etdiyimizdən burada 1970-ci illərdə hüquq fakültəsində, ümumiyyətlə isə ali hüquq təhsili sahəsində baş verən mütərəqqi dəyişikliklərə qısaca toxunacağıq.
Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda onun həyata keçirdiyi ilk tədbirlərdən biri iqtisadi cinayətkarlığa, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri gücləndirməklə bağlı olmuşdu. Heydər Əliyev bu məsələdə də çox qətiyyətli idi. Bütöv bir tarixi dövrün əsas şüarına çevrilmiş «Qoy ədalət zəfər çalsın!» fikrinin müəllifi olan bu əzəmətli tarixi şəxsiyyət respublikamızda bütün strateji sahələrin inkişafına xüsusi önəm verirdi.
Bu sırada təhsil bəlkə də birinci yerdə dayanırdı. O cümlədən də ali hüquq təhsili məsələsi Heydər Əliyevdən ötrü həmişə ən vacib sahələrdən biri olmuşdur. Bunun bir-biri ilə sıx bağlı olan bir neçə ciddi səbəbi var idi. Əvvəla, Heydər Əliyev respublikanın birinci şəxsi olaraq burada qanunçuluğun durmadan möhkəmləndirilməsində daha artıq dərəcədə maraqlı idi və bu istiqamətdə ümumrespublika miqyaslı bir neçə kompleks tədbirlər planının hazırlanaraq həyata keçirilməsini təmin etmişdi. Bu isə bilavasitə hüquqşünas kadrların seçilməsindən və onların bir mütəxəssis kimi keyfiyyətindən, bilik və hazırlıq səviyyəsindən, necə işləməsindən asılı olan məsələ idi. 1970-ci illərdə məhkəmə, prokurorluq, daxili işlər orqanlarında həyata keçirilən köklü kadr dəyişikliklərini, təsərrüfat-iqtisadi xarakterli cinayətkarlığa qarşı mübarizənin sərtləşdirilməsi məqsədilə atılan addımları, hüquqmühafizə orqanları əməkdaşlarının mənəvi cəhətdən sağlamlaşdırılması yönündəki tədbirləri, qanun qoruyucusu adını daşımağa layiq olmayanların orqanlardan kənarlaşdırılmasını xatırlamaq kifayətdir.
İkincisi, yuxarıda da qeyd etdiyimiz kimi, Heydər Əliyev universitetin məzunu kimi bu ali təhsil ocağına həmişə xüsusi qayğı və diqqətlə yanaşmışdı. Bu qayğıdan isə hüquq fakültəsinə xüsusi pay düşürdü.
Üçüncüsü, Heydər Əliyev geniş dünyagörüşünə, kompleks biliklər sisteminə, dərin təfəkkürə malik ədalətli insan idi və o, dövlətin qanunlar, cəmiyyətin isə vətəndaşların hüquqlarının qorunması, əsas insan hüquq və azadlıqlarının təmin olunması prinsipi üzərində bərqərar olduğunu hamıdan yaxşı anlayırdı. Bütün bunlar onun respublikamızda hüquq elminin inkişafına həmişə əlahiddə diqqət və qayğı göstərməsini şərtləndirirdi.
Bu baxımdan heç də təsadüfi deyildi ki, Heydər Əliyev respublikaya rəhbərlik etməyə başlayandan az sonra hüquq elminin inkişafı və hüquqşünas peşəsinin daha da populyarlaşması baş vermişdi. Doğrudur, hüquq fakültəsi universitetin həmişə ən nüfuzlu və aparıcı fakültələrindən biri olub. Amma bir məqamı da vurğulamaq lazım gəlir ki, məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlər hüquq fakültəsinin nüfuzunun bəlkə də ən zirvə dövrü idi.
Bu da səbəbsiz deyildi. Belə ki, hüquq fakültəsinə qəbul olmaq, hüquq fakültəsinin tələbəsi adını qazanmağa nail olmaq ali təhsil almaq istəyən gənclərin əksəriyyətindən ötrü bir vaxtlar əlçatmaz məsələyə çevrilmişdi. Gizlətməyə nə ehtiyac?! Hüquq fakültəsi müəyyən dövr ərzində «imtiyazlı təbəqə»nin – sovet-partiya elitasının «öz fakültəsi» olub. Burada əsasən yüksək vəzifəli partiya və sovet məmurlarının, hüquqmühafizə və dövlət orqanları əməkdaşlarının övladları təhsil alırdı, fəhlə-kəndli ailəsindən, orta ziyalı təbəqəsindən çıxan gənclərin bu fakültəyə qəbul olunmaq imkanları çox məhdudlaşdırılmışdı. Fakültəyə müsabiqə çox böyük olurdu. Bəzən elə olurdu ki, bir yerə qarşı 45-50, hətta daha çox ərizə verilirdi. Sadə və orta imkanlı ailələrdən çıxmış gənclərin hüquq fakültəsinə qəbulunun qarşısında isə hansısa arayışlar, staj, yaxşı xarakteristika, zəmanət, komsomol tərifnaməsi və s. bu kimi bürokratik sovet süründürməçilikləri şəklində çeşidli maneələr qoyulurdu. O dövrdə belə zəmanətlərə, xarakteristika və göndərişlərə hamının əli çatmırdı. Bu sənədləri əldə etmək sovet-partiya elitası təmsilçilərinin övladlarından ötrü isə çox asan idi. Nəticədə tutaq ki, 25 tələbədən 15-18 nəfəri, bəzən hətta daha çoxu hüquq fakültəsinin tələbəsi adını daşımağa layiq olmayan savadsızlar olurdu.
Bütün bunların əsas təqsirkarları da təbii ki, universitet, yaxud hüquq fakültəsi deyildi və ola da bilməzdi. Bunu həmişə nəzərə almaq lazımdır ki, sovet dönəmində hər şeyi partiya orqanları, yuxarı direktiv orqanlar təkbaşçılıq və inzibati-amirlik qaydaları əsasında həll edirdi. Özü də məsələ təkcə hüquq fakültəsi ilə bitmirdi. O dövrdə Tibb İnstitutu ilə Xalq Təsərrüfatı İnstitutunda da eyni vəziyyət yaranmışdı.
Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı andan etibarən ilk növbədə məhz bu rüsvayçı vəziyyətə son qoydu. Elə 1970-ci ildən başlayaraq respublikada ali məktəblərə qəbul məsələsində köklü dönüş yaradıldı. Həmin il bir neçə ali məktəbin rəhbərliyi, o cümlədən universitet rəhbərliyi də dəyişdirildi və Faiq Bağırzadə ADU-nun rektoru təyin olundu. Ali məktəblərə qəbulun şəffaflığını təmin edən, bu sahədəki əyintilərin kökünü kəsmək niyyətini cəsarətlə, qətiyyətlə, addım-addım gerçəkləşdirən Heydər Əliyevin səyləri ilə hüquq fakültəsi yenidən sosial vəziyyətindən asılı olmayaraq bütün istedadlı gənclərin üzünə açıldı, yenidən, belə demək mümkünsə, xalqın fakültəsinə çevrildi. Hüquq fakültəsi yenidən hörmət və nüfuz qazanmağa, daha doğrusu, əvvəlki şöhrətini və nüfuzunu bərpa etməyə başladı.
Qeyd etdiyimiz kimi, Heydər Əliyev geniş və aydın hüquqi təfəkkürə malik böyük şəxsiyyət idi. İliyinə qədər dövlətçi və qanunpərəst adam olan bu dahi şəxsiyyətin «Dövlət iki şeydən sarsıla bilər – günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə» sözləri də əslində bu böyük və aydın hüquqi təfəkkürün məhsulu idi.
Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı ilk illərdəcə cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi düşüncə tərzinin, hüquqi mədəniyyətin, deməli, həm də hüquq elminin inkişafının yeni mərhələsi başladı. Özü də bu işlərin hamısı respublika rəhbərliyi səviyyəsində həyata keçirilir, müvafiq orqanlar, o cümlədən hüquq fakültəsi bu işlərdə fəal iştirak etməyə cəlb edilirdi. Azərbaycan KP MK-nın 1970-ci il dekabrın 4-də qəbul etdiyi «Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında» qərarı məhz Heydər Əliyevin təşəbbüsü, ideya müəllifliyi və səyləri ilə hazırlanıb qəbul olunmuşdu. Bu qərarda ali və orta ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə və dövlət mülkiyyətinin qorunmasına yönəldilən kütləvi-siyasi tədbirlərin keçirilməsi sahəsində tədbirlər planı işləyib hazırlamaq tələbi irəli sürülürdü.
Məzmunundan və ruhundan da göründüyü kimi, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuş bu qərar o dövrün sosial eybəcərliklərinə, acı ictimai-mənəvi gerçəkliklərinə, o zamankı aşınmış partiya-sovet-təsərrüfat elitasının volyuntarizminə və özbaşınalığına, hüquqi nihilizmin və inzibati-amirlik sisteminin digər tipik təzahür formalarına qarşı kəskin etiraz və ağıllı müqavimət demək idi. O zamanlar bu qərarın bütün respublikada böyük əks-sədası olmuş, onun müddəalarının həyata keçirilməsi məqsədilə kompleks tədbirlər hazırlanaraq həyata keçirilmişdi.
Universitetin hüquq fakültəsinin kollektivi bu işlərdə ön cərgədə idi. Hələ 1968-ci ildə universitetdə təşkil olunmuş iki illik gənc mühazirəçilər məktəbində 1972-ci ildə hüquq bölməsinin yaradılması ilə hüquq fakültəsinin fəallığı bir qədər də genişlənmişdi. Hüquq bölməsinə aid işləri hüquq fakültəsinin kollektivi həyata keçirirdi. 1973-cü ildən başlayaraq Azərbaycan SSR Ədliyyə Nazirliyi və komsomol orqanları gənclər arasında hüquqi biliklərin geniş yayılmasını təmin etmək üçün təbliğat xarakterli hüquqi biliklər aylığı keçirməyə başlamışdılar. O dövrdə universitetin hüquq fakültəsinin professor-müəllim və tələbə kollektivi bu tədbirlərdə fəal iştirak edir, məruzələr, çıxışlar, lektoriyalar vasitəsilə hüquqi biliklərin təbliğinə öz töhfələrini verirdilər. Hüquq fakültəsinin kollektivi o dövrdə respublikanın hüquqmühafizə orqanları ilə ictimai asayişin qorunması və daha da möhkəmləndirilməsi istiqamətində fəal əməkdaşlıq etməyə başlamışdı. 1971-ci ildə universitetdə məhz hüquq fakültəsinin yardımı ilə ictimai əsaslarla işləyən hüquq məsləhətxanası açılmışdı. Məsləhətxana öz fəaliyyətini hüquq fakültəsi mülki hüquq və cinayət hüququ kafedralarının əməkdaşlarının fəallığı hesabına davam etdirirdi.
1970-ci illərdə universitetin gənc hüquqşünas müəllim-mühazirəçilərinin hüquqi biliklərin yayılması və təbliği məqsədilə mühazirələr oxumaq üçün respublikanın şəhər və rayonlarına ezam olunmasına da başlanılmışdı. Hüquq fakültəsinin professor-müəllim heyətinin təşəbbüsü və yaxından iştirakı ilə 1974-cü ildə Bakı Şəhər İcraiyyə Komitəsinin hüquqi biliklər universiteti fəaliyyətə başlamışdı və hüquqşünas alimlərin burada böyük zəhməti olmuşdu. 1976-cı ildə hüquq fakültəsində yaradılan beynəlxalq hüquq kafedrasının təşkilində bir məqsəd də dünyada baş verən proseslərin elmi cəhətdən işlənməsi, respublika ictimaiyyətinə operativ şəkildə çatdırılması və hüquqi biliklərin daha geniş profildə yayılması idi. Kafedranın bir çox müəllimləri, o cümlədən dövlət və Konstitusiya hüququ üzrə tanınmış mütəxəssis, professor M.Ələsgərov uzun illər ərzində respublika televiziyasında beynəlxalq icmalı təqdim edən verilişin aparıcısı olmuşdur.
1977-ci ildə hüquq fakültəsi müəllimlərinin səyləri ilə respublika televiziyasında daimi «İnsan və qanun» verilişi də ekrana çıxmışdı. Onun aparıcıları arasında hüquq fakültəsinin iki mərhum dekanı – professorlar İsa Məmmədovla Məmmədxan Rəsulovun adı bütün ölkə ictimaiyyətinə yaxşı tanış idi.
1970-ci illərdə respublikanın bir neçə mətbu orqanında «Hüquq məsləhətxanası» adlı daimi rubrikalar yaradılmışdı. Onların əsas yazarları və aparıcıları hüquq fakültəsinin müəllimləri idi.
Hüquqi biliklərin təbliği işi hüquq fakültəsi kollektivinin fəal iştirakı ilə 1980-ci illərdə də davam etdirilmişdi. 1981-ci ildə universitetdə hüquq fakültəsi professor-müəllim kollektivinin təşəbbüsü və yaxından iştirakı ilə SSRİ-nin xarici siyasəti məsələlərinin öyrənilməsi üçün daimi ümumuniversitet lektoriyası yaradılmışdı.
1970-ci illərdə dövlət və hökumət qurumlarında vəzifə tutan şəxslərin tam əksəriyyətinin hüquq təhsili yox idi. Dövlət və hökumət qurumlarında hüquqşünas ixtisası tələb edən işlərdə müəllim, mühəndis, aqronom və digər peşə sahibləri, habelə partiya məktəblərinin məzunları çalışırdılar. Respublikada hüquqşünas kadrlara ciddi ehtiyac hiss edilirdi. Buna görə də Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə bu məsələ MK-nin bürosunda müzakirə edildi. Azərbaycan KP MK-nin bürosunun qərarı ilə hüquq fakültəsi nəzdində «Sovet quruculuğu» ixtisası üzrə xüsusi qiyabi şöbə yaradıldı. «Sovet quruculuğu» şöbəsini qurtaran şəxslər dövlət və hökumət qurumlarında nomenklatur vəzifələrə işə göndərilirdilər. Bu şöbə on ilə yaxın müddətdə fəaliyyət göstərmişdi. Qeyd edilən müddətdə dövlət və hökumət qurumları üçün minə yaxın ali təhsilli hüquqşünas alim kadrlar hazırlanmışdı.
1985-ci ildən etibarən isə universitetin hüquq fakültəsində «Sovet hüququnun əsasları» kursu tədris edilməyə başlamışdı. Hüquq fakültəsinin kollektivi bu illərdə hüquq təbliğatının miqyasını genişləndirmiş, mühazirə vasitəsilə təbliğatın ayrı-ayrı formalarının – hüquqşünaslığın müəyyən sahəsi üzrə dinləyicilərə müntəzəm biliklər verən formaların (hüquqi biliklər universiteti, hüquq lektoriyaları, hüquqi biliklər aylığı, hüquq məsələlərinə dair seminar-müşavirələr, qanunçuluq və hüquq qaydaları problemlərinə dair tematik sual-cavab gecələri, hüquq məsləhətxanası və s.) xüsusi çəkisi artırılmışdı. Bu işlərdə hüquq fakültəsinin müəllimləri, o cümlədən professor Q.Manayev və dosent F.Səməndərovla yanaşı respublikanın ədliyyə, prokurorluq, məhkəmə və daxili işlər orqanlarının rəhbər vəzifəli şəxsləri də yaxından iştirak edirdilər.
Bir sözlə, hüquq fakültəsində 1970-80-ci illərdə görülən işlər fakültənin ictimai və elmi-pedaqoji funksionallığının artması ilə nəticələnmişdi. Fakültə bu illərdə həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərindən xeyli inkişaf etmiş, onun ictimai nüfuzu artmışdı.
Hüquq fakültəsinin uğurlarının əldə edilməsi uzun illərin gərgin zəhmətinin, ölkənin bir sıra görkəmli hüquqşünas alimlərinin gərgin elmi axtarışlarının və yuxusuz gecələrinin nəticəsidir. Bu alimlər fakültə müəllimləri və aspirantları tərəfindən işlənib hazırlanan dissertasiya işlərinin elmi rəhbərləri, məsləhətçiləri və yaxud da rəsmi opponentləri kimi çıxış etmişdilər. Onların arasında bütün keçmiş sovet məkanında hüquq elminin inkişafında müstəsna xidmətləri olmuş SSRİ EA-nın müxbir üzvü Q.A.Aksenyok, C.Ə.Kərimov, E.A.Korovinin, M.S.Stroqoviç, M.V.Çxikvadze, hüquq elmləri doktorları, professorlar S.N.Bratus, N.D.Kazantsev, S.S.Karinski, A.F.Kleyman, İ.D.Perlov, B.Z.Pursxvanidze, V.A. Ryasentsev, Q.M.Sverdlov və digər tanınmış alimlərin adlarını çəkmək olar. Onların hamısı universitetin hüquq fakültəsinin elmi fəaliyyəti ilə bu və ya digər dərəcədə bağlı olmuşdur. Onlar Azərbaycanda hüquqşünas alimlərin hazırlanması və hüquq elminin inkişafı üçün böyük səylər göstərmişlər.
Keçən əsrin 70-ci illərindən hüquq fakültəsində elmi-pedaqoji fəaliyyəti kifayət qədər peşəkarlığı ilə və yüksək elmi-nəzəri səviyyəsinə görə seçilən müəllim-professor heyəti həyata keçirmişdir. Həmin dövrdə fakültədə yeddi elmlər doktoru, 32 nəfər elmlər namizədi çalışırdı. Bütün ixtisas istiqamətləri üzrə dərslər uyğun elmi adı olan müəllimlər tərəfindən aparılırdı. BDU-nun hüquq fakültəsi keçmiş Sovet İttifaqında ən nüfuzlu elmi-tədris müəssisələrindən biri sayılırdı. Təsadüf deyildi ki, 1970-ci illərdə ölkə miqyasında Moskva və Kiyevdən sonra Bakı xarici ölkələrə diplomat hazırlayan üçüncü mərkəz sayılırdı. Bakı Dövlət Universitetinin hüquq fakültəsində 1970-80-ci illərdə dünyanın 50-dən artıq ölkəsində diplomat hazırlanmışdır. Hüquq fakültəsində Yaxın Şərn, Cənub-Şərqi Asiya, ərəb ölkələrindən, Afrikadan, Latın Amerikası ölkələrindən qəbul edilən müdavimlər təhsil almış, onların bir qismi namizədlik dissertasiyaları müdafiə etmişdir.
Onu da qeyd edək ki, hüquq fakültəsinin özü də digər müttəfiq respublikalar üçün elmi kadrların hazırlanmasında böyük işlər görüb. Fakültədə fəaliyyət göstərən ixtisaslaşmış Elmi Şurada fakültənin müəllimləri və aspirantları, Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları ilə yanaşı Türkmənistan Dövlət Universitetinin müəllimi B.Durdıyev, Dağıstan MSSR Daxili İşlər Nazirliyinin əməkdaşı T.T.Tahirov, Tiflis şəhərinin 26 Bakı komissarı rayonunun prokuroru A.V.Qeqiya, Gürcüstan SSR Ali Məhkəməsinin üzvü N.K.Hacıyev və digərləri namizədlik dissertasiyaları müdafiə etmişdilər.
Bundan əlavə, hüquq fakültəsi Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutu üçün də kadr bazası rolunu oynamışdır. Özü də bu iş hələ uzaq 1960-cı illərdə başlamışdı. 1970-ci illərdə Azərbaycan EA Fəlsəfə bölməsi əsasında EA-nın Fəlsəfə və Hüquq İnstitutu yaradılanda da onun kadr potensialı da hüquq fakültəsinin məzunları hesabına formalaşdırılmışdı. Respublika hökumətinin 1960-cı il 15 dekabr tarixli qərarına əsasən Bakı elmi-tədqiqat kriminalistika laboratoriyası Azərbaycan SSR Nazirlər Soveti nəzdində Hüquq Komissiyasının məhkəmə ekspertizası üzrə elmi-tədqiqat mərkəzinə çevrilmişdi. Hal-hazırda isə həmin mərkəz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu kimi fəaliyyət göstərir. Bu institutun əməkdaşlarının əksəriyyəti universitetin hüquq fakültəsinin məzunlarıdır.
Hüquq fakültəsi doğrudan da böyük inkişaf yolu keçib. Onun keçib gəldiyi tarixi yolda fakültənin məzunu olan hər bir kəsin qəlbində qürur hissi yaradacaq şərəf anları çoxdur. Azərbaycanda hüquq elmi və onunla birlikdə universitetin hüquq fakültəsi bu illərdə xeyli inkişaf edib, xeyli nailiyyətlər qazanıb, xeyli irəli gedib. 1999-cu ildə Bakı Dövlət Universitetinin 80 illik yubileyi qeyd olundu. Bir insanın həyatına bərabər olan bu illərin üstündən dönüb geri boylananda adam inana bilmir ki, bir elm ocağı bu illər ərzində bu qədər dəyişə, inkişaf edə, irəli gedə, Azərbaycan elminə və təhsilinə bu qədər böyük töhfələr verə bilər.