HÜQUQ FAKÜLTƏSİNİN MƏZUNLARI AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN SƏDRİ VƏ DİGƏR YÜKSƏK MƏHKƏMƏ SƏDRİ VƏZİFƏLƏRİNDƏ

BÖYÜKAĞA  HÜSEYNOV
3 yanvar 1939-cu ildən 5 iyul 1939-cu ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur.
Böyükağa Hüseyn oğlu Hüseynov 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Böyükağa Hüseynov orta məktəbi bitirdikən sonra 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1934-cü ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1934-1937-ci ildə həmin institutun aspirantı olmuş və eyni zamanda, Mülki hüquq və Sovet dövlət hüququ ka-fedrasının baş müəllimi işləmişdir.
1937-ci ilin əvvəllərində Böyükağa Hüseynov Hüquq fakültəsinin dekanı vəzifəsinə təyin olunmuşdur. 1937-ci ilin iyul ayından Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, birləşmiş cinayət-məhkəmə kollegiyasının sədri, Ali Məhkəmə sədrinin müavini, 1939-cu ilin yanvar ayından iyun ayınadək Ali Məhkəmənin sədri və Xalq Ədliyyə Komissarlığının kollegiya üzvü vəzifələrində işləmişdir.
1939-1942-ci illərdə Azərbaycan Dövlət Universitetin-də Dövlət hüququ kafedrasının müdiri və Azərbaycan SSR Ədliyyə Nazirliyinin «Sosialist qanunçuluğu» jurnalının redaktoru olmuşdur. Azərbaycan dilində geniş həcmli hüquqi terminlər lüğətinin hazırlanmasında iştirak etmişdir. O, bir çox elmi-pedaqoji və publisistik məqalə və əsərlərin müəllifi olmuşdur.
1943-cü ildə müharibəyə yollanmış 1946-cı illə qədər ordu sıralarında olmuşdur.
Böyükağa Hüseynov 1946-cı ildən ömrünün sonunadək müəllimlik fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Dövlət Universitetində və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent və kafedra müdiri vəzifələrində işləmişdir. Tarix elmləri namizədi idi.

ƏLİSOLTAN  QULİYEV
12 iyul 1939-cu ildən 16 avqust 1941-ci ilə qədər Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur.
Əlisoltan Yarəli oğlu Quliyev 1901-ci ildə Quba rayonunun Digah kəndində anadan olmuşdur. 1925-1926-cı illərdə Digah kənd sovetində katib vəzifəsində işləmişdir. 1926-1929-cu illərdə Respublika Partiya Məktəbinin və 1929-1931-ci illərdə Zaqafqaziya Kommunist Universitetinin tələbəsi olmuşdur. Təhsilini başa vurduqdan sonra Bakı Partiya Məktəbinə müəllim təyin olunmuş və 1932-1933-cü illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
1933-1934-cü illərdə Bakı şəhərində Marks-Engels-Lenin İnstitutunun (MELİ) tələbəsi olmuşdur. Quba rayonunun Xalq Təhsili şöbəsinin müdiri vəzifəsinə təyin olunması ilə əlaqədar Əlisoltan Quliyev 1934-cü ildə MELİ-də təhsilini yarımçıq qoymuş və 1934-1935-ci illərdə həmin vəzifədə işləmişdir. 1935-1937-ci illərdə o, Bakı şəhərində MELİ-də təhsilini davam etdirmişdir.
Əlisoltan Quliyev 1937-ci ildə partiya işinə irəli çəkilərək Qusar rayon partiya komitəsinə I katib vəzifəsinə təyin olunmuş və 1937-1938-ci illərdə həmin vəzifədə çalışmışdır. 1940-cı ildə BDU-nun Hüquq fakültəsinə daxil olmuş və 1942-ci ildə ekstern yolu ilə həmin fakültəni bitirmişdir.
Əlisoltan Quliyev 5 iyul 1939-cu ildə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuş 16 avqust 1941-ci ilədək həmin vəzifədə işləmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin sədrliyindən azad olunduqdan sonra, 1941-1942-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında idarə rəisi olmuşdur.
Böyük Vətən müharibəsi dövründə – 1942-ci ildə o, yenidən partiya işinə irəli çəkilmiş və Azərbaycan K(b)P Şamxor rayon komitəsinə katib təyin olunmuşdur.
1948-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxumuşdur. Aspiranturada oxuyarkən 1950-ci ildə Respublika «Başqənd» trestinin müdiri təyin olunmuş və 1952-ci ilin əvvəllərinədək həmin vəzifədə işləmişdir. 1952-ci ildən Azərbaycan Dövlət Universitetinin marksizm-leninizm kafedrasında müəllim işləmişdir.


HÜSEYN  ƏLƏKBƏROV
16 iyul 1946-cı ildən 11 avqust 1948-ci ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur.
Hüseyn Xəlil oğlu Ələkbərov 1913-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 7 illik məktəbini bitirdikdən sonra, 1928-1930-cu illərdə Gəncədə texnikumda oxumuşdur. 1930-1931-ci illərdə həmkarlar təşkilatında işləmiş, Dəstəfur (indiki Daşkəsən) rayon icraiyyə komitəsinin məsul katibi olmuşdur.
1931-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsinə daxil olmuş və 1935-ci ildə həmin fakültəni bitirmişdir. 1935-1937-ci illərdə Yevlax rayonunda xalq hakimi işləmiş, 1937-1946-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur. 1946-1948-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmişdir.

MƏHƏRRƏM HÜSEYNOV
13 aprel 1951-ci ildən 12 mart 1957-ci ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur.
Məhərrəm Mirzə oğlu Hüseynov 1915-ci ildə Şəmkir (keçmiş Şamxor) rayonunun Qaracaəmirli kəndində anadan olmuşdur. 1938-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsini bitirmişdir.
1937-ci ildə Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə məhkəmə kollegiyasının katibi, 1938-ci ildə isə Azərbaycan SSR Ədliyyə Nazirliyində məsləhətçi vəzifələrində işləmişdir. 1938-1941-ci illərdə Şəmkir rayon birinci dairəsinin xalq hakimi olmuşdur. 1941-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmişdir.
1941-1945-ci illərdə Naxçıvan MSSR Ali Məhkəməsinin sədri işləmişdir. Həmin vəzifədən azad olunduqdan sonra 1945-ci ildə qısa bir müddət ərzində respublika Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsini icra etmişdir. 1945-1951-ci illər ərçində Azərbaycan SSR Ədliyyə Nazirinin müavini olmuşdur.
10 aprel 1951-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuş və 12 mart 1957-ci ilədək həmin vəzifədə işləmişdir.
1957-ci ilin mart ayının 12-də Ali Məhkəməyə yeni seçkilərin keçirilməsi ilə əlaqədar Məhərrəm Hüseynov Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsindən azad edilmişdir. Həmin vaxt o, Ali Məhkəmənin üzvü seçilərək Ali Məhkəmənin sədr müavini vəzifəsinə təsdiq olunmuş və 1962-ci il martın 17-dək həmin vəzifədə işləmişdir. Bundan sonra Məhərrəm Hüseynov 1 sentyabr 1971-ci ilədək müxtəlif məsul vəzifələrdə çalışmışdır.
1971-ci il avqust ayının 31-də Məhərrəm Hüseynov Azərbaycan SSR Ədliyyə Naçirliyi Notariat və VVAQ idarəsinin rəisi və nazirliyin kollegiya üzvü təyin olunmuşdur. 1976-cı ilin mart ayında həmin vəzifədən təqaüdə çıxmışdır.

SƏNAN  MUSAYEV
1957-1962-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur.
Sənan Hüseynoviç Musayev 1923-cü ildə Qusar şəhərində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1941-1942-ci illərdə istehsalatda işləmiş, 1942-1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1949-cu ildə oranı bitirmişdir. 1949-1951-ci illərdə Azərbaycan Dövlət Universitetində elmi katib və mülki hüquq kafedrasının baş müəllimi vəzifələrində işləmişdir.
Sənan Musayev 1951-52-ci illərdə Azərbaycan KP MK-nın mühazirəçilər qrupunun rəhbəri, 1952-1954-cü illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur. 1954-57-ci illərdə Azərbaycan Respublikası Prokurorunun müavini, 1957-1962-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri, 1974-1980-cı illərdə isə Bakı şəhər Nərimanov rayon xalq məhkəməsinin sədri vəzifələrində işləmişdir.
1962-1974-cü illərdə Sənan Musayev Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda direktor müavini vəzifəsində çalışmışdır. Dəfələrlə Bakı şəhər Sovetinə, Bakı Vilayət Sovetinə, Nərimanov rayon Sovetinə deputat seçilmişdir.
Sənan Musayev məhkəmə ekspertizasının təşkili və metodikası sahəsində çoxsaylı elmi məqalə və məcmuələrin müəllifidir. Onun elmi məqalələri Bakı, Moskva, Macarıstan, Bolqarıstan və digər ölkələrdə çap olunmuşdur.
Sənan Musayev Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, bir sıra medallarla təltif olunmuşdur.

İBRAHİM  İSMAYILOV
1980-1986-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin cədri olmuşdur.
İbrahim İsa oğlu İsmayılov 1921-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1942-ci ildə qiyabi Ümumittifaq Ali Hüquq İnstituna daxil olmuş və 1948-ci ildə oranı bitirmişdir.
İbrahim İsmayılov 1939-1941-ci illərdə Naxçıvan MSSR prokurorluğunda işlər idarəsinin katibi, 1943-1948-ci illərdə Naxçıvan MSSR prokurorluğunda prokuror köməkçisi və Muxtar Respublika prokurorunun müavini olmuşdur. 1948-1962-ci illərdə Azərbaycan SSR prokurorluğunun sistemində İstintaq şöbəsinin rəisi, Gəncə vilayət prokuroru, Respublika prokuroru, Respublika prokurorunun köməkçisi, Azərbaycan SSR prokurorunun müavini və Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifələrində işləmişdir.
1962-1980-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Respublika Ədliyyə Nazirliyi məhkəmə orqanları idarəsinin rəisi, Bakı Şəhər Məhkəməsinin sədri vəzifələrində çalışmışdır. 1980-cı ildən 1986-cı ilədək Azərbaycan SSR Ali Məhkəməsinin cədri vəzifəsində işləmişdir. 1987-1989-cu illərdə Dövlət Aqrar-Sənaye birliyində hüquq idarəsinin rəisi olmuşdur.
1989-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti işləmişdir. 1992-ci ildən Azərbaycan Pedaqoji Universitetinin professorudur. Həm də hüquq tədris mərkəzində tədris işləri üzrə direktor müavini işləmişdir. Hüquq elmləri doktorudur. 1976-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fərmanı ilə «Əməkdar hüquqşünas» fəxri adına layiq görülmüşdür. I və II dərəcəli «Böyük Vətən müharibəsi» və «Xalqlar dostluğu» ordenləri, həmçinin bir çox medallarla təltif olunmuşdur.


HÜSEYN  TALIBOV
1987-ci ilin mayından 1992-ci ilin iyununadək Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur.
Hüseyn Heydər oğlu Talıbov 1937-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1958-1963-cü illərdə BDU-nun Hüquq fakültəsində oxumuşdur. 1963-1964-cü illərdə Bakı şəhəri Səbayıl rayon xalq məhkəməsində stajor olmuşdur. 1964-1965-ci illərdə Xanlar rayonunun, 1965-1970-ci illərdə Qax rayonunun, 1970-1971-ci illərdə Zaqatala rayonunun xalq məhkəmələrində xalq hakimi işləmişdir.
Hüseyn Talıbov 1971-1986-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, sədrinin müavini və sədrinin birinci müavini, 1987-1992-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur.
1992-ci ildən 2000-ci il avqustun 28-dək Sumqayıt şəhər məhkəməsinin sədri işləmişdir. 2000-ci il avqustun 28-dən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimidir. Hüquq elmləri namizədidir. 1986-cı ildə SSRİ Ali Sovetinin Fərmanı ilə Hüseyn Talıbov «Şərəf nişanı» ordeni ilə təltif edilmişdir.
Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

TAHİR  KƏRİMLİ
2 iyul 1992-ci ildən 29 iyul 1993-cü ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur.
Tahir Zayıdağa oğlu Kərimli 1956-cı ildə Ağsu şəhərində anadan olmuşdur. 1982-1987-ci illərdə Ağsu rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi işləmiş, xalq hakimi əvəzi və xalq iclasçısı olmuşdur.
1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş, 1987-ci ildə İsmayıllı rayon xalq hakimi seçilmişdir, 1990-cı ilədək bu vəzifədə çalışmışdır. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. 1992-ci ilin iyul ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilmişdir.
29 iyul 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Ali Məhkəmənin sədri vəzifəsindən vaxtından əvvəl azad edilmişdir.

XANLAR  HACIYEV
29 iyul 1993-cü ildən 16 iyul 1998-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur.
Xanlar İrşad-Faiq oğlu Hacıyev 1956-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1973-1978-ci illərdə ADU-nun Hüquq fakültəsində oxumuş və həmin fakültəni bitirərək hüquqşünas ixtisası almışdır. 1978-1980-ci illərdə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq institutunda işləmiş, 1980-1983-cü illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur.
1983-1985-ci illərdə RSFSR Ali Məhkəməsinin məsləhətçisi, 1988-1990-cı illərdə isə SSRİ Ali Məhkəməsində baş məsləhətçi, 1985-1988-ci illər ərzində «Sovetskaya yustisiya» jurnalının şöbə redaktoru olmuşdur.
1990-1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, Ali Məhkəmə sədrinin birinci müavini vəzifələrində işləmişdir. 1993-cü ilin iyul ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Ali Məhkəmənin sədri vəzifəsinə seçilmişdir və 1998-ci ilin iyul ayınadək həmin vəzifədə işləmişdir.
1995-ci ildən Konstitusiya layihəsini hazırlayan dövlət komissiyasının və hüquq islahat komissiyasının üzvü olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının üzvüdür. 1998-ci ilin iyul ayından 2003-cü ilin may ayınadək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsində çalışmışdır.
2003-cü il aprel ayında Avropa Şurası Parlament Assambleyası Xanlar Hacıyevi Azərbaycan Respublikasından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi təsdiq etmişdir.
1996-cı ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Hüquq Vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyasında Azərbaycan Respublikasının nümayəndəsi təyin edilmişdir. Hüquq elmləri doktorudur.

SÜDABƏ  HƏSƏNOVA
2000-ci ildən 2005-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur.
Südabə Cəmşid qızı Həsənova 1947-ci ildə Naxçıvan MSSR-nin Şərur rayonunda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1971-1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları idarəsində məsləhətçi işləmişdir. 1973-cü ildə Bakı şəhər Kirov rayon xalq məhkəməsinin hakimi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə Südabə Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmişdir.1980-ci ilin 27 martında Südabə Həsənova Azərbaycan SSR Ali Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmiş, Ali Məhkəmənin intizam kollegiyasının sədri təsdiq edilmişdir.
Südabə Həsənova 1980-ci ildə Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinə təlimatçı vəzifəsinə təyin edilmiş və 1987-ci ilədək orada işləmişdir. 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirinin birinci müavini vəzifəsinə təyin olunmuş, 1992-ci ilin yayınadək bu vəzifədə işləmiş, sonra heç bir əsas göstərilmədən tutduğu vəzifədən azad edilmişdir. 1993-cü ilin noyabr ayında yenidən əvvəlki vəzifəsinə bərpa olunmuşdur. 1995-1998-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə naziri vəzifəsini icra etmişdir.
10 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilmiş və 18 aprel 2000-ci ilədək həmin vəzifədə işləmişdir.
1998-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti Yanında Məhkəmə-Hüquq Şurasının sədri olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan Dövlət Komissiyasının, respublika hüquq islahat komissiyasının, əfv, təhsil, səhiyyə və digər komissiyaların üzvü, «Qanunçuluq» jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin baş redaktorudur. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur.
1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Südabə Həsənovaya II dərəcəli Dövlət Ədliyyə müşaviri rütbəsi verilmişdir.

GÜLZAR  RZAYEVA
16 iyul 1998-ci ildən 18 aprel 2000-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr əvəzi olmuşdur.
Gölzar Lətif qızı Rzayeva 1950-ci ildə Yevlax rayonunun Səmədabad kəndində anadan olmuş, 1966-cı ildə orta məktəbi bitirmişdir. 1968-ci ildə BDU-nun Hüquq fakültəsinə daxil olmuş və 1973-cü ildə oranı bitirmişdir.
1973-1977-ci illərdə Bakı şəhəri 1 №-li hüquq məsləhətxanasında vəkil, 1977-1981-ci illərdə Bakı şəhərinin Əzizbəyov rayonunda prokuror köməkçisi işləmişdir. 1981-1985-ci illərdə Əzizbəyov rayon xalq məhkəməsinin xalq hakimi, 1985-1987-ci illərdə həmin məhkəmənin sədri olmuşdur.
21 may 1987-ci ildən 16 iyul 1998-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini – mülki işlər üzrə məhkəmə kollegiyasının sədri olmuşdur. 16 iyul 1998-ci ildən 18 aprel 2000-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının üzvüdür.
19 aprel 2000-ci ildən 2007-ci ilədək ilədək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədri işləmişdir.

RAMİZ  RZAYEV
19 aprel 2005-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.
Ramiz Yaqub oğlu Rzayev 25 fevral 1953-cü ildə anadan olmuşdur. 1971-ci ildə BDU-nun Hüquq fakültəsinə daxil olmuş, 1977-ci ildə oranı bitirmişdir. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1979-1981-ci illərdə Bakı şəhəri Nərimanov rayon prokurorluğunda müstəntiq, 1981-1983-cü illərdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində baş müstəntiq, 1983-1991-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə istintaq şöbəsinin böyük prokuroru, 1992-1993-cü illərdə Dəvəçi rayon prokuroru, 1993-1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini işləmişdir.
19 aprel 2005-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilmiş və hazırda da bu vəzifədə çalışır.
Üçüncü dərəcəli Dövlət Ədliyyə müşaviridir. «Azərbaycan bayrağı» ordeni və «Prokurorluğun fəxri işçisi» döş nişanı ilə təltif olunmuşdur.


SONA  SALMANOVA
Sona Sadıx qızı Salmanova 12 may 1956-cı ildə Qərbi Azərbaycanın Spitak rayonunda anadan olmuş, 1973-cü ildə Gəncə şəhərində orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirmə kurslarını bitirmiş, 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçmişdir. 1979-1980-ci illərdə Bakı şəhər məhkəməsində məhkəmə iclas katibi, 1980-1983-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyətinin və Plenumu katibliyinin müdiri vəzifələrində işləmişdir. 1983-1998-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olmuşdur.
14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilmişdir.
Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli sərəncamına əsasən «Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq görülmüşdür.

VİDADİ  MİRKAMİL
Mirkamil Vidadi Mircəlil oğlu 1954-cü ilin 25 dekabrında Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Gəncə şəhəri 5 №-li orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1977-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. 1978-2001-ci illərdə hüquq fakültəsinin baş müəllimi, 1990-1992-ci illərdə hüquq fakültəsinin dekan müavini işləmişdir.
1992-2000-ci illərdə Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin sədr müavini, təsərrüfat mübahisələrinin həlli üzrə kollegiyasının sədri olmuşdur. 2000-ci ildə «Arbitr» hüquq şirkəti təsis etmiş və onun prezidenti olmuşdur. 2004-cü ildən Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin sədridir. Ədliyyə generalıdır.
Mülki prosessual hüquq, arbitraj prosesi, kommersiya hüququ üzrə 70-dən artıq elmi məqalənin və bir sıra qanunvericilik aktlarının müəllifidir. «Azərbaycan hüquq ensiklopediyası», «Kommersiya hüququ», «Kommersiya hüququ üzrə praktikum», «Azərbaycanda hüquq təhsili», «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin elmi-praktiki kommentariyası», «Ailə Məcəlləsinin yozumu», «Hakimliyə namizədlər üçün testlər» kitablarının müəlliflərindən biri, «Beynəlxalq arbitraj. Qanunvericilik və şərhlər» kitabının elmi redaktoru və müəlliflərindən biri, «Müqavilə hüququ: şərhlər və nümunələr» kitabının layihə rəhbəri və müəlliflərindən biri, «Arbitraj prosesi», «Arbitraj sazişi» kitablarının müəllifidir.


İKRAM  KƏRİMOV
İkram Heydər oğlu Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş, həmin ildən 1987-ci ilədək respublikanın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir – müstəntiq, mühüm işlər üzrə müstəntiq, Bakı şəhəri Əzizbəyov rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini olmuşdur. 1987-2000-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, 2000-2007-ci illərdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində işləmişdir. 2007-ci ildən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin sədridir.
Baş ədliyyə müşaviri, I ixtisas dərəcəli hakimdir.
İşlədiyi müddətdə orden və medallarla, fəxri fərmanlarla təltif edilmiş, adı prokurorluğun fəxri müstəntiqi kitabına yazılmış, istintaqını apardığı bir çox cinayət işləri üzrə təcrübəsi ittifaq və respublika miqyasında yayılmışdır.
Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.

AZƏR TAĞIYEV
1995-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədridir.
Azər Cabir oğlu Tağıyev 1948-ci il aprelin 25-də Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra fəhlə işləmiş, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1973-cü ildə oranı bitirmişdir. Təhsillə yanaşı, Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda işləmişdir. 1973-1974-cü illərdə hərbi xidmətdə olmuşdur.
Azər Tağıyev 1974-cü ildə Azərbaycan Vəkillər Kollegiyasına üzv qəbul olunmuş və vəkillik fəaliyyətinə başlamışdır. 1980-ci ildə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasına müdir təyin edilmiş və Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinə üzv seçilmişdir. 1989-1991-ci illərdə SSRİ Vəkillər İttifaqının katibi olmuşdur. 1987-1995-ci illərdə Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini işləmiş, 1995-ci ildə isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmiş və indiyə qədər bu məsul vəzifəni uğurla yerinə yetirir.
Azər Tağıyev Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq İslahatı Komissiyasının üzvü kimi yeni qanunvericiliyin işlənib hazırlanmasında fəal iştirak edir, eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Beynəlxalq Vəkillik Birliyinin Ali Şurasının üzvüdür. 1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvüdür.
Azər Tağıyev səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin fəxri döş nişanı ilə təltif edilmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə insan hüquqlarının müdafiəsi sahəsində xidmətlərinə görə fəxri hüquq doktoru adına layiq görülmüşdür.


SABİR  RƏZZAQOV
Sabir Yusif oğlu Rəzzaqov 1926-cı il dekabrın 26-da Salyan rayonunun Xıllı qəsəbəsində anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş 1953-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1953-1957-ci illərdə Respublika Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində müfəttiş işləmiş, 1957-ci ildə Bakı şəhəri Kirov (indiki Binəqədi) rayon xalq məhkəməsinə xalq hakimi, 1962-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinə üzv seçilmişdir. Ömrünün sonunadək bu vəzifədə çalışmış, 1972-ci ildən həm də Ali Məhkəmənin Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərmiş, gənc hakimlərin formalaşmasına, təcrübəsinin artmasına xüsusi qayğı göstərmişdir. Hələ öz sağlığında hüquq sahəsində çoxlarının «Sabir məktəbi» adlandırdığı məktəb yaratmışdır.
Sabir Rəzzaqov 1973-cü ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə «əməkdar hüquqşünas» fəxri adına layiq görülmüşdür. O, uzun müddət SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun elmi-nəzəri orqanı olan «Sovet dövləti və hüququ» jurnalının ştatdankənar müxbiri olmuş, özünün yüksək peşəkarlığını bu sahədə də nümayiş etdirə bilmişdir.
Azərbaycan SSR Ali Məhkəməsinin elmi-nəzəri və praktiki fəaliyyətinin formalaşması uzun müddət Sabir Rəzzaqovun iş təcrübəsi ilə bağlı olmuşdu. Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun qərarlarının son variantının işlənib hazırlanması, habelə SSRİ Ali Məhkəməsi Plenumunun qərarlarına rəy verilməsi, bir qayda olaraq, ona həvalə edilmiş və təklifləri SSRİ Ali Məhkəməsi tərəfindən, bir qayda olaraq, bütünlüklə qəbul edilmişdir.
Sabir Rəzzaqov dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, SSRİ Ədliyyə Nazirliyinin fəxri fərmanlarına, «Böyük Vətən müharibəsində fədakar əməyə görə» medalına layiq görülmüşdür.