HÜQUQ FAKÜLTƏSİNİN MƏZUNLARI AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORU VƏZİFƏSİNDƏ

ADİL  BABAYEV
1954-1958-ci illərdə Azərbaycan SSR Prokuroru olmuşdur.
Adil Salman oğlu Babayev 14 oktyabr 1921-ci idə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1939-cu ildə Bakı şəhərinin 1 saylı orta məktəbini bitirdikdən sonra, N.E.Bauman adına Moskva Mexanika-Maşınqayırma İnstitutunun silah-sursat fakültəsinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra Moskva şəhərinin 530 saylı silah-sursat zavodunda usta və planlaşdırıcı vəzifələrində çalışmış, bununla yanaşı partiya və komsomol orqanlarında da müxtəlif vəzifələrdə işləmişdir. 1944-cü ildə Adil Babayev Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1948-ci ildə oranı bitirmişdir. Adil Babayev 30 aprel 1954-cü ildə Azərbaycan SSR Prokuroru vəzifəsinə təyin olunmuş, 8 iyul 1958-ci ilədək həmin vəzifədə işləmişdir. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

ABBAS  ZAMANOV
1976-1986-cı illərdə Azərbaycan SSR Prokuroru olmuşdur.
Abbas Məmmədtağı oğlu Zamanov 1924-cü il martın 22-də Bakı şəhərində anadan olmuş, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyasına) daxil olmuş, eyni çamanda hərbi zavodda işləmişdir. 1944-cü ildə Azərbaycan SSR Milli Təhlükəsizlik Xalq Komissarlığına işə göndərilmiş, 1944-1945-ci illərdə SSRİ Milli Təhlükəsizlik Xalq Komissarlığının Bakıdakı məktəbinin kursantı olmuşdur. 1945-1947-ci illərdə respublikanın təhlükəsizlik orqanlarında əməliyyatçı işləmiş, 1947-ci ildə Moskva şəhərinə SSRİ Milli Təhlükəsizlik Nazirliyinin İstintaq işçilərinin məktəbinə göndərilmişdir. 1949-cu ildə təhsilini başa vurduqdan sonra 1949-1955-ci illərdə respublika Milli Təhlükəsizlik Nazirliyində baş müstəntiq, bölmə rəisinin müavini, bölmə rəisi işləməklə yanaşı, Moskva Hüquq İnstitutunda qiyabi təhsil almış və 1953-cü ildə BDU-nun Hüquq fakültəsində ekstern yolu ilə buraxılış imtahanlarını vermişdir. 1955-ci ildə işdə irəli çəkilərək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir. 1959-cu ilə kimi bu vəzifədə çalışmış, 1959-1962-ci illərdə Zaqafqaziya Sərhəd Qoşunları idarəsində işləmişdir. 1962-1969-cu illərdə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ildə yenidən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir, 1970-ci ildə ona general-mayor rütbəsi verilmişdir. 1976-cı ildə Abbas Zamanova daha məsul vəzifə – Azərbaycan SSR Prokuroru vəzifəsi etibar edilmişdir. O, uzun müddət respublika prokurorluğuna rəhbərlik etmiş, II dərəcəli Dövlət Ədliyyə müşaviri ali rütbəsinə layiq görülmüş, 1986-cı ildə təqaüdə çıxmışdır. Ancaq yenə fəaliyyətini davam etdirmiş, Respublika Plan Komitəsində birinci şöbənin rəisi olmuşdur.
Abbas Zamanov respublikanın ictimai-siyasi həyatında da yaxından iştirak etmişdir: üç çağırış Azərbaycan SSR Ali Sovetinin, iki çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.
Abbas Zamanovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir: O, Qırmızı Əmək Bayrağı ordeni, «Döyüş xidmətlərinə görə», «Qafqazın müdafiəsinə görə», «Almaniya üzərində qələbəyə görə» və bir çox digər medallarla təltif edilmiş, «Dövlət təhlükəsizliyinin fəxri işçisi» adına layiq görülmüşdür.

İLYAS  İSMAYILOV
1985-1990-cı illərdə Azərbaycan Respublikasının Baş Prokuroru, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Ədliyyə Naziri olmuşdur.
İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Hüquq elmləri doktorudur. 10 monoqrafiyanın və broşürün, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir.1962-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə bölməsində kiçik elmi işçi olmuşdur. 1966-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi, 1970-ci ildən Azərbaycan Respublikası prokurorunun köməkçisi, 1972-ci ildən Azərbaycan KP MK-nın təlimatçısı işləmişdir. 1978-ci ildən Azərbaycan Respublikası prokurorunun müavini, 1985-ci ildən Azərbaycan Respublikasının Prokuroru, 1990-cı ildən SSRİ Prokurorluğunda şöbə rəisi, 1992-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Naziri, 1996-1998-ci illərdə Ali Diplomatiya Kollecində beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışmışdır. Ədalət Partiyasının sədridir. 2006-cı il mayın 13-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İtaliya, Azərbaycan-Latviya, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, habelə Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.

İSMƏT QAYIBOV

1990-1991-ci illərdə Azərbaycan Respublikasının ilk Baş Prokuroru olmuşdur.

Qaibov İsmət İsmayıl oğlu 1942-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1965-ci ildən Sovet İttifaqının Kommunist Partiyasının üzvü olub. 1969-cu ildə Əli- Bayramlı şəhər komsomol komitəsinin birinci katibi seçilmişdir. 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. 1975-ci ilin iyun ayında Bakı şəhəri prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunmuşdur. 1976-cı ilin fevral ayından isə Bakı prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1978-ci ildən İsmayıllı rayonun prokuroru, 1982-ci ildən isə Əli-Bayramlı şəhərinin prokuroru vəzifəsinə təyin olunmuşdur. 1987-ci ildən 1990-cı ilə qədər Sumqayıt şəhərinin prokuroru vəzifəsində çalışmışdır.

20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir neçə dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olmuşdur.

MURAD  BABAYEV
1991-1992-ci illərdə Azərbaycan Respublikasının Baş Prokuroru olmuşdur.
Murad Köçəri oğlu Babayev 1951-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1973-cü ildən respublikanın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 1987-1991-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun I müavini – istintaq idarəsinin rəisi olmuşdur. 1991-ci ildə Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilmiş 1992-ci ilədək bu vəzifədə işləmişdir. Üçüncü dərəcəli Dövlət Ədliyyə müşaviridir.
Murad Babayev hal-hazırda elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Elm-tədris Mərkəzi «Təfəkkür» Universitetində hüquq elmləri kafedrasının müdiridir.

ƏLİ  ÖMƏROV
1993-1995-ci illərdə Azərbaycan Respublikasının Baş Prokuroru olmuşdur.
Əli Ömərov 1947-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Göllü kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra respublikanın prokurorluq orqanlarında işləmiş, 1984-1993-cü illərdə Gəncə nəqliyyat prokuroru olmuşdur.
1993-cü ildə Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilmiş 1995-ci ilədək bu vəzifədə işləmişdir. 1991-ci il parlament seçkilərində millət vəkili seçilmişdir. Həqiqi Dövlət Ədliyyə müşaviridir.

ZAKİR  QARALOV
25 aprel 2000-ci ildən Azərbaycan Respublikasının Baş Prokurorudur.
Zakir Bəkir oğlu Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarında müxtəlif vəzifələrdə – 1981-ci ilədək Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhər Nəsimi rayon prokuroru, Baş Prokurorluğun milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, ümumi nəzarət idarəsinin prokuroru, 1998-ci ildən 2000-ci ilədək isə Gəncə şəhər prokuroru vəzifələrində işləmişdir.
25 aprel 2000-ci ildə Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin edilmiş və hazırda bu vəzifəni daşıyır.
Həqiqi dövlət ədliyyə müşaviridir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən «İgidliyə görə» medalı ilə, 29 sentyabr 2006-cı ildə isə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir.

TOFIQ  DADAŞOV
Dünyanın ən güclü parapsixoloqlarından biri Tofiq Həsənağa oğlu Dadaşov 1947-ci il aprelin 11-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Dövlət Universitetinin Hüquq  fakültəsini bitirmişdir. Tofiq Dadaşov qeyri-adi qabiliyyətinə görə 1967-ci ildə Moskvaya dəvət olunmuş, 1969-cu ildən psixoloji təcrübələrlə Sovet İttifaqının şəhərlərində çıxış etmişdir. 1973-cü ildə Çexoslovakiyanın paytaxtı Praqa şəhərində 22 ölkənin alimlərinin iştirak etdiyi psixotronika problemlərinin tədqiqinə həsr olunmuş I Beynəlxalq konfransa dəvət olunmuş, burada birinci dəfə beynəlxalq səviyyədə 300 nəfərdən artıq alimin iştirakı ilə məsafədən telepatik təcrübə aparmışdır. Yalan detektorunun banisi K.Bakster və başqa alimlər onun qabiliyyətini yüksək qiymətləndirmişlər. 1989-cu ildə qaçırılmış təyyarənin sərnişinlərinin təhlükəsizliyinin təmin edilməsi və quldurların zərərsizləşdirilməsi işinə kömək etmişdir. Buna görə o, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüşdür.
Əhaliyə yardım məqsədi ilə 1988-ci ildə Bakıda "Psi-Eks" xeyriyyəçi parapsixoloji məsləhət mərkəzi açmışdır. "Psi-Eks" məsləhət mərkəzi 2000-ci ildən Moskvada da fəaliyyət göstərir.
1980-ci illərdə dünya şahmat tacı uğrunda Anatoli Karpovla matçında Harri Kasparov 0:5 hesabı ilə məğlubiyyətin bir addımlığında olarkən (ümumi qələbə üçün 6 qələbə tələb olunurdu) Tofiq Dadaşov işə qarışmış, nəticədə Harri Kasparov dünya çempionu olmuşdu.
Tofiq Dadaşovun proqnozları demək olar ki, həmişə özünü doğruldur. Belə ki, 1983-cü ildə Sov. İKP MK-nın Baş katibi Konstantin Çernenkonun tezliklə öləcəyini bildirmiş, hətta həmin tarixi dəqiq göstərmişdi. ABŞ-ın İraqa hərbi müdaxiləsindən çox-çox əvvəl Səddam Hüseynin siyasi arenadan gedəcəyini bildirmiş və bu özünü doğrultmuşdu. Boris Yeltsinin 2000-ci ildə hakimiyyətdən gedəcəyini bildirməsi əsl sensasiyaya səbəb olmuşdu.