HÜQUQ FAKÜLTƏSİNİN MƏZUNLARI HƏYAT YOLLARINDA

Hüquq fakültəsi fəaliyyət göstərdiyi 80 il ərzində onun məzunları respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, xalqa və Vətənə şərəflə xidmət göstərmişlər. 1941-ci ildə Böyük Vətən müharibəsi başladıqda Hüquq fakültəsinin müəllim, aspirant və tələbələrinin çoxu könüllü olaraq cəbhəyə yollanmış, düşmənə qarşı ölüm-dirim vuruşlarında iştirak etmiş, qəhrəmanlıqlar göstərmiş və çox təəssüf ki, tam əksəriyyəti həlak olmuşdur.
Müharibənin odlu-alovlu cəbhələrindən keçərək geri qayıtmış və taleyini Hüquq fakültəsi ilə bağlamış alimlərimiz hüquq elminin inkişafında və hüquqşünas kadrların hazırlanmasında böyük xidmət göstərmişlər. Bu insanların çoxu artıq bu gün həyatda yoxdur. Biz onların xatirəsini hörmətlə yad edirik: hüquq elmləri doktoru, professor Məmməd Xələfov, hüquq elmləri doktoru, professor Əziz Əsədov, hüquq elmləri doktoru, professor Qasım Manayev, hüquq elmləri namizədi, dosent İbrahim Kərimov, hüquq elmləri namizədi, dosent Marat Altman, hüquq elmləri namizədi, dosent Əli Əliyev, baş müəllim Georgi Savoskin, hüquq elmləri namizədi, dosent Mehdi Mehdiyev…

MARAT ALTMAN
Hüquq elmləri namizədi, dosent Marat Mixayloviç Altman müharibə dövründə hərbi qırıcı təyyarəçi olmuş, 1944-cü ilə qədər vuruşmuşdur. Döyüşlərin birində ağır yaralandığına görə ordudan tərxis olunmuş, müalicə olunub sağaldıqdan sonra bütün sonrakı həyatını ADU-nun Hüquq fakültəsi ilə bağlamışdır.

ƏLİ ƏLİYEV
Hüquq elmləri namizədi, dosent Əli Əliyev Krım cəbhəsində vuruşmuş, ordudan qayıtdıqdan sonra ADU-nun Hüquq fakültəsinə daxil olaraq 1949-cu ildə oranı bitirmiş, fakültədə elmi-pedaqoji fəaliyyət göstərmişdir.

GEORGİ SAVOSKİN
Baş müəllim Georgi Tixonoviç Savoskin 1923-cü il mayın 10-da anadan olmuş, müharibə vaxtı Stalinqrad uğrunda gedən amansız döyüşlərdə iştirak etmiş, müharibədən sonra DTK sistemində işləmiş, Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında elmi-pedaqoji fəaliyyətilə məşğul olmuşdur.

QASIM MANAYEV
Hüquq elmləri doktoru, professor Qasım Manayev 1940-cı ildə BDU-nun hüquq şöbəsinə daxil olmuş və 1941-ci il iyunun 22-də ordu sıralarına çağırılmışdır. O, 1077-ci zenit-artilleriya polkunun 2-ci diviziyasında vzvod komandiri kimi 1942-ci ilin yayında Stalinqrad vuruşmalarında iştirak etmişdir…
Onun cəbhə həyatından bir məqama nəzər salaq. 1942-ci il avqustun 23-də sübh tezdən düşmənin 16-cı tank və 3-cü motorlu diviziyaları şimaldan Stalinqrada daxil olmağa cəhd göstərdi, lakin onların yolnun 1077-ci ilin zenit-artilleriya polku kəsdi. Burada düşmənin 500 minlik ordusuna qarşı dəhşətli döyüşlər 1943-cü il fevralın 3-dək, yəni düşmənin Stalinqrad cəbhəsində məğlub olmasınadək davam etdi. Minlərlə sovet əsgəri və zabiti kimi Qasım Manayev də bu döyüşlərdə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirdi.
Qasım Manayev müharibəni cənub cəbhəsində, Ukrayna torpağında gedən dəhşətli vuruşmalarda zenit-artilleriya batareyasının komandiri kimi başa vuraraq 1945-ci ilin sentyabrında universitetin hüquq fakültəsinə daxil oldu. 1949-cu ildə universiteti fərqlənmə diplomu ilə bitrdi və aspiranturada saxlanıldı. Sonra məzmunlu elmi-pedaqoji yol keçərək elmlər doktoru, professor, kafedra müdiri oldu.
Qasım Manayev cəbhədəki xidmətlərinə görə Vətən müharibəsi ordeni, bir sıra medallarla və fəxri fərmanlarla təltifedilmişdir.

İBRAHİM KƏRİMOV
Hüquq elmləri namizədi, dosent İbrahim Əhməd oğlu Kərimov 1923-cü il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. 1939-cu ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1941-ci ildə müharibə başlayarkən təhsilini yarımçıq qoyub könüllü cəbhəyə getmişdir. 1944-cü ildə ağır yaralanaraq ordudan tərxis edilmişdir. Müharibədə göstərdiyi igidliyə görə «Böyük Vətən müharibəsi» ordeninə, «Qafqazın müdafiəsinə görə», «İgidliyə görə», «Böyük Vətən müharibəsində qələbəyə görə» və başqa medallara layiq görülmüşdür. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək Sovet dövlət hüququ kafedrasında müəllim saxlanılmışdır. 1953-cü ildə Tbilisidə namizədlik dissertasiyası müdafiə etmişdir. «Sovet dövlət orqanları», «Sovet quruculuğu» və s. dərs kitablarının müəllifi olmuşdur. 1988-ci il iyunun 15-də dünyasını dəyişmişdir.

MEHDİ MEHDİYEV
Hüquq elmləri namizədi, dosent Mehdi Səməd oğlu Mehdiyev 1924-cü il sentyabrın 15-də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1942-ci orduya yollanmış, müharibənin odlu-alovlu cəbhələrindən keçmiş, göstərdiyi igidliklərə görə müxtəlif orden və medallarla təltif edilmişdir. 1943-cü ildə ağır yaralanaraq ordudan tərxis olunmuşdur. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsiə daxil olmuş, 1949-cu ildə oranı bitirmişdir. Həmin il Azərbaycan SSR Daxili İşlər Nazirliyinə işə göndərilmişdir. 1954-1960-cı illərdə Dağıstan Daxili İşlər Nazirliyində işləmişdir. 1960-cı ildə yenidən Azərbaycanın daxili işlər sistemində işini davam etdirmiş 1976-cı ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxmışdır.
1976-cı ildən elmi fəaliyyətə başlamış, ADU-nun Hüquq fakültəsinin dissertantı olmuş, 1980-ci ildən müəllimlik fəaliyyətinə başlamışdır. 1984-cü ildə Xarkovda namizədlik diseertasiyası müdafiə edərək hüquq elmləri namizədi adını almış, 1985-ci ildə Hüquq fakültəsinin dosenti olmuşdur. 1994-cü ildə «Təfəkkür» Universitetinin hüquq fakültəsinin dekanı olmuş və 2007-ci ilə qədər bu vəzifədə işləmişdir. Hazırda təqaüddədir.