HÜQUQ FAKÜLTƏSİNİN UNİVERSİTETDƏN KƏNARDA FƏALİYYƏTİ

Göründüyü kimi, 1920-ci illərin sonlarında hüquq fakültəsi əməkdaşlarının elmi yaradıcılıq fəaliyyəti də məhsuldar idi. Bu isə fakültənin gələcək inkişaf perspektivləri barədə nikbinliklə danışmağa hər cür əsaslar verirdi. Lakin əvvəlki fəsildə də göstərdiyimiz kimi, 1930-cu ilin əvvəllərində universitetin bağlanması məsələsi meydana çıxdı. Bu isə öz təsirini hüquq fakültəsinin fəaliyyətinə də labüdən göstərirdi.
1930-cu il yanvarın sonlarında universitetin yenidən təşkil edilməsi layihəsi hazırlandı və həmin layihə fevralın 1-də Xalq Maarif Komissarlığının kollegiyasında müzakirə olundu. Layihənin hazırlanmasının gedişində fakültələrin funksiyaları, onların hər birinin məqsədləri daha dəqiq müəyyənləşdirilmiş, yeni fakültələrin, məsələn, iqtisad fakültəsinin təşkili nəzərdə tutulmuş, yeni tədris planı da hazırlanmışdı. İqtisad fakültəsində əvvəlcə hüquq fakültəsinin inzibati-təsərrüfat şöbəsini ayırıb yeni fakültəyə birləşdirmək hesabına üç semestr – ikinci, üçüncü və beşinci semestrlər açmaq planlaşdırılmışdı. Birinci semestr açılmayacaqdı, çünki ikinci dərəcəli məktəblərdə və texnikumlarda yalnız 1930-cu ilin yayında buraxılış olmalı idi.
Hüquq fakültəsinin özünə gəlincə isə onu iki şöbədən – sovet aparatı üçün kadrlar hazırlayan inzibati şöbədən və sırf hüquqşünaslar hazırlayan məhkəmə şöbəsindən ibarət tərkibdə təşkil etmək nəzərdə tutulmuşdu. Hüquq fakültəsində təhsil müddəti 6-7 semestr, yəni 3-3,5 il müəyyən edilmişdi.
Lakin bu planlar yarımçıq qaldı. Proseslər işi universitetin bağlanmasına doğru aparırdı. Yuxarı direktiv orqanlar elm və təhsil ocaqlarının fəaliyyətini sırf təsərrüfat maraqlarına tabe etmək planını var gücləri ilə reallaşdırmağa çalışırdılar. Bu istiqamətdə ilk addım 1930-cu il fevralın sonlarında atıldı. Fasiləsiz istehsal təliminin təşkili, ali məktəblərin və texnikumların tədris işinə təsərrüfat orqanlarının həlledici təsirinin təmin edilməsi, müəssisələrlə tədris ocaqlarının üzvi əlaqəsinin yaradılması və bu tədris ocaqlarının məzunlarından daha səmərəli istifadə olunması üçün Azərbaycan SSR Xalq Komissarları Soveti 1930-cu il fevralın 25-də «Ali məktəblərin və texnikumların idarələrə və təsərrüfat orqanlarına təhkim edilməsi haqqında» qərar qəbul etmişdi. Qərara görə, universitetin bir sıra fakültələri müvafiq təsərrüfat orqanlarına təhkim edilməli idi. Məsələn, ADU-nun tibb fakültəsi Xalq Səhiyyə Komissarlığına və Bakı Səhiyyə Şöbəsinə, pedaqoji fakültə Xalq Maarif Komissarlığına təhkim edilirdi. Hüquq fakültəsi isə konkret olaraq heç bir yerə təhkim olunmamışdı. O, iqtisad fakültəsi ilə birlikdə ixtisaslaşmadan asılı olaraq praktikanı və kontraktasiyanı bütün idarələrdə və müəssisələrdə təşkil etməli idi.
1930-cu il fevralın 20-də AK(b)P MK-nın Rəyasət Heyəti universitetin yenidən təşkil edilməsi haqqında rektorun məruzəsini dinləmiş və bu məruzə əsasında da ADU-nun yenidən təşkilinin geniş layihəsi hazırlanmışdı. Bu layihə ADU-nun tam şəkildə saxlanmasını, hətta bir qədər də inkişaf etdirilməsini təklif edirdi. Orada fakültələrə hətta geniş hüquqların, məsələn, şöbələrə, bölmələrə və ixtisaslara bölünmək hüququnun verilməsi də nəzərdə tutulurdu. Lakin respublika Dövlət Plan Komitəsi sosial-mədəniyyət bölməsinin 11 aprel 1930-cu il tarixli müşavirəsində bu layihə müzakirə olunarkən fakültələrə həsr edilmiş bölmə sənəddən silinmişdi. Bunun səbəbi belə təqdim edilirdi: «ADU-nun əsaslı surətdə yenidən təşkil edilməsi nəzərdə tutulduğuna görə ayrı-ayrı fakültələrin müstəqil ali məktəblər kimi ayrılması».
Azərbaycan SSR Dövlət Plan Komitəsinin 1930-cu il aprelin 15-də keçirilmiş müşavirəsinin protokolunda isə qeyd olunurdu ki, «ayrı-ayrı fakültələr institutlar kimi ayrılmaqla universitet əsaslı surətdə yenidən təşkil ediləcəyi üçün I bölmə («fakültələr üzrə» bölmə) oradan köhnəlmiş bölmə kimi çıxarılsın».
Beləliklə, 1930-cu ilin aprelində artıq bəlli oldu ki, universitet bağlanacaq və onun ayrı-ayrı fakültələri əsasında müvafiq profilli ali məktəblər təşkil ediləcək. Halbuki ADU-nun ləğvi məsələsi Dövlət Plan Komitəsinin 15 aprel müşavirəsinə qədər hətta gündəlikdə də dayanmamışdı.
Universitetin ləğvinə aparan yoldakı həlledici addım Dövlət Plan Komitəsi Rəyasət Heyətinin 21 aprel 1930-cu il tarixli iclasında qəbul olunmuş «Bəzi tədris müəssisələrinin bu tədris müəssisələrinin məhsulunun istehlakçısı olan idarələrin ixtiyarına verilməsi haqqında» qərar oldu. Sənəddə bunlar nəzərdə tutulmuşdu: ADU-nun tibb fakültəsi Xalq Səhiyyə Komissarlığına verilərək Azərbaycan Tibb İnstitutuna çevrilsin; ADU-nun pedaqoji fakültəsi Ali Pedaqoji İnstituta çevrilsin; pedaqoji institut müəllimlərin hazırlanması və yenidən hazırlanması üçün Ali Pedaqoji İnstitutun nəzdində şöbəyə çevrilsin; ADU-nun hüquq və iqtisad fakültələri isə bu məsələ ittifaq miqyasında həll olunana qədər Xalq Maarif Komissarlığının ixtiyarında saxlanılsın.
1930-cu il mayın 5-də Xalq Komissarları Sovetinin iclasında «Ali məktəblərin və texnikumların yenidən təşkil edilməsi və onların təsərrüfat orqanlarına təhkim olunması haqqında» qərar qəbul olundu. Dövlət Plan Komitəsinin təqdimatı ilə qəbul olunmuş bu qərar universitetin yenidən təşkili prosesini sentyabrın 1-dək başa çatdırmağı tələb edirdi. Sənədə görə, ADU-nun hüquq fakültəsi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sərəncamına verilməklə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutuna çevrilməli idi.
Nəhayət, Azərbaycan SSR Xalq Komissarları Soveti 1930-cu il iyunun 19-da «Azərbaycan SSR ali məktəblərini və ali texniki məktəblərini yenidən təşkil etmək və rayonlaşdırmaq, onları müvafiq təsərrüfat orqanlarının və xalq komissarlıqlarının ixtiyarına vermək haqqında» yekun qərar qəbul etdi. Bununla da universitet müstəqil institutlara ayrıldı və onun mövcudluğuna son qoyuldu. Elə həmin ilin iyununda ADU-nun hüquq fakültəsinin bazasında Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu (SDQHİ) yaradıldı və o, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ixtiyarına verildi. Hüquq fakültəsi tarixinin universitet mərhələsinin birinci hissəsi belə yekunlaşdı.
Hüquq fakültəsinin 1930-cu ildən 1941-ci ildə yenidən ADU-nun tərkibinə qaytarılana qədərki dövr tarixi barədə danışarkən bircə onu söyləmək olar ki, hüquq fakültəsi o dövrdə öz müstəqilliyini və sırf elm-tədris ocağı funksiyasını itirmiş və partiya-sovet orqanlarının əsasən ideoloji və inzibati-təsərrüfat kadrları hazırlayan əlavəsinə çevrilmişdi. Bu isə o dövrdə cəmiyyətin həyatının istisnasız olaraq bütün sahələrində həyata keçirilən total dövlətləşdirmə siyasətinin acı nəticəsi idi. İş hətta o yerə çatmışdı ki, hüquq fakültəsinin bazasında yaradılmış instituta da elmlə, təhsil və tədrislə qətiyyən bağlı olmayan şəxslər, daha dəqiq desək, dövlət adamları, siyasi xadimlər, inzibatçılar və aparatçılar başçılıq edirdilər. Belə ki, Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun direktoru vəzifəsinə hüquq elmindən və ümumiyyətlə, elmi-pedaqoji fəaliyyətdən çox uzaq olan bir şəxs – o vaxtın görkəmli sovet dövlət xadimi B.M.Talıblı təyin olunmuşdu.
Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun bir elm-tədris ocağı kimi heç bir müstəqilliyi də yox idi. O, yalnız yuxarılardan, yəni AK(b)P MK-dan, Xalq Komissarları Sovetindən, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsindən gələn göstəriş və direktivləri, əmr və təlimatları yerinə yetirməyə məcbur idi. İnstitutda həyata keçirilən elmi-tədqiqat işlərinin bütün istiqamətləri və tematikası da ali dövlət və hökumət orqanları tərəfindən müəyyənləşdirilirdi ki, bu da son nəticədə ciddi çətinliklər törədirdi. Bu baxımdan heç də təsadüfi deyil ki, SDQHİ-nin mövcud olduğu və fəaliyyət göstərdiyi 3 il ərzində burada birbaşa hüquq elminin inkişafına xidmət edən heç bir nəzərəçarpacaq və fundamental elmi-tədqiqat işi aparılmamış, heç bir namizədlik və doktorluq dissertasiyası müdafiə edilməmiş, hətta heç bir monoqrafiya, kitab, dərslik də yazılmamışdı. İnstitut sırf hüquqşünaslar – məhkəmə, prokurorluq, ədliyyə işçiləri, elmi kadrlar yox, əsasən inzibatçılar, təsərrüfatçılar və aparatçılar hazırlayırdı.
Lakin bütün bunlar Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun bir qurum kimi tamamilə əhəmiyyətsiz olduğunu deməyə əsas vermir və verə də bilməz. Onun mövcudluğunun və fəaliyyətinin faydalı cəhətləri də var idi. Əvvəla, institut yaradılandan sonra ora qəbul artırıldı, yəni instituta cəlb edilən gənclərin sayı inzibati yollarla da olsa, hər halda xeyli çoxalmışdı. İkincisi, kütləvi savadsızlığın və milli kadr defisitinin yaşandığı bir mərhələdə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu dövlət aparatı üçün yüzlərlə mütəxəssis və dövlət qulluqçusu yetişdirmişdi. Onların hər halda mütləq əksəriyyəti azərbaycanlılar idi ki, bu da Azərbaycanda həm hüquq elminin gələcək inkişafı, həm də bütövlükdə cəmiyyətin intellektual potensialının yüksəlməsi nöqteyi-nəzərindən çox əhəmiyyətli faktor rolunda çıxış edirdi.
1930-1933-cü illərdə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu şəklində fəaliyyət göstərən hüquq fakültəsinin tarixindəki növbəti mərhələ 1933-cü ildə xırda institutların ləğv edilməsi ilə başlayır. Belə ki, Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu həmin ildə təşkil olunmuş İctimai-İqtisadi İnstitutun tərkibinə qatıldı və köklü struktur islahatlarına məruz qaldı. Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun tələbə və müəllim kontingenti də təbii ki, İctimai-İqtisadi İnstitutun tərkibinə verildi və Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu özünün bu kontingenti ilə birlikdə İctimai-İqtisadi İnstitutun hüquq fakültəsinə çevrildi.
Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun yenidən ayrıca hüquq fakültəsinə çevrilməsi hüquq elmi sahəsində elmi-tədqiqat işlərinin vüsət alacağına inam yaradırdı. Çünki bir tərəfdən, fakültənin profilində, funksiyalarında və tədris planında müvafiq dəyişikliklər edilmiş, o, partiya-sovet orqanlarının əlavəsi olmaqdan qurtulmuşdu, ikinci tərəfdən isə fakültəyə rəhbərlik işi peşəkar hüquqşünasa – hələ 1927-ci ildə ADU-nun şərq fakültəsinin hüquq şöbəsinə müəllim qismində işə cəlb edilmiş görkəmli hüquqşünas-alim, böyük pedaqoq, azərbaycanlı hüquqşünasların ilk dəstəsinin nümayəndəsi, dosent M.Y.Quliyevə həvalə edilmişdi. Məhz fakültə dekanı M.Y.Quliyevin bacarıqlı təşkilatçı və istedadlı pedaqoq kimi fəaliyyətinin nəticəsində hüquq fakültəsinin əvvəlki siması özünə qayıtdı. Hüquq fakültəsinin tarixinə onun ilk azərbaycanlı dekanı kimi (B.M.Talıblının Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun direktoru kimi fəaliyyəti nəzərə alınmasa) daxil olmuş dosent M.Y.Quliyev İctimai-İqtisadi İnstitutun hüquq fakültəsinə 3 il başçılıq etdi. Onun dekan olduğu müddətdə – 1933-1936-cı illərdə fakültəyə tələbə qəbulu məsələsi qaydaya salındı, kafedraların təşkili işində və elm ocağı kimi fəaliyyətində nizam yaradıldı, elmi-tədqiqat işləri bərpa edilib sürətləndirildi və s.
Bu illərdə fakültənin birinci kursuna hər il 25 tələbə qəbul edilirdi. Tələbələr əsasən ədliyyə orqanlarının təcrübəli işçiləri arasından seçilir və onların peşəkar hüquqşünaslar kimi yetişməsi dekanlıq tərəfindən xüsusi nəzarətə götürülürdü. Hüquq fakültəsində oxuyan tələbələr üçün heç bir məhdudiyyət, o cümlədən yaş məhdudiyyəti qoyulmurdu. Onların hətta təhsildən ayrılmamaqla işlə təminatı məsələsi də dekanlıq tərəfindən tənzimlənirdi. Belə ki, dekanlığın təşəbbüsü və təqdimatı ilə yuxarı kursların daha hazırlıqlı və bacarıqlı tələbələri təhsildən ayrılmamaq şərtilə məhkəmə və ədliyyə orqanlarına məsul vəzifələrə göndərilirdi. Məhz dosent M.Y.Quliyevin fakültəyə rəhbərlik etdiyi vaxtlarda hüquq fakültəsində dərslər ilk dəfə olaraq rus dili ilə yanaşı həm də Azərbaycan dilində keçirilməyə başlamışdı.
O dövrdə Azərbaycan dilində hüquqa dair dərsliklər və dərs vəsaitləri yox idi. Hüquq fakültəsinin dekanlığı bu çətinliyin aradan qaldırılması məsələsinə də xüsusi diqqət yetirirdi. Fakültənin professor-müəllim heyətinin səyləri ilə 3 il ərzində hüquq elminin ən müxtəlif sahələrinə dair 13 dərslik və dərs vəsaiti Azərbaycan dilinə tərcümə edilərək çap olunmuşdu. Bundan əlavə, fakültənin azərbaycanlı müəllimlərinin elmi əsərləri də nəşr olunmuşdu. Dosent M.Y.Quliyevin «Cinayət nədir?», «Sənaye kapitalizmi dövründə cəza siyasəti», M.M.Vəkilovun «Azərbaycanda inqilaba qədər ailə hüququ», «Əxlaq və hüquq», dosent Q.Cəfərovun «Hüquqda normativizm» və «İctimai kənd məhkəmələri» adlı elmi əsərlərinin nəşri bu dövrə aiddir.
Həmin illərdə fakültənin digər müəllimlərinin də əsərləri çap olunmuşdu. Professor N.N.Pçelinin «Azərbaycanda mülkiyyət hüququ məsələsinə dair», dosent B.N.Xatuntsevin «Azərbaycan SSR Konstitusiyası» əsərləri həmin dövrdə işıq üzü görmüşdü.
İctimai-İqtisadi İnstitut bu ad altında 1936-cı ilə qədər fəaliyyət göstərdi və həmin ildən etibarən K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adlandırılmağa başlandı. İctimai-İqtisadi İnstitutun Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna çevrilməsi ilə əlaqədar olaraq burada bir sıra kadr islahatları da aparılmış, bəzi vəzifələrə yeni şəxslər təyin edilmişdi.
Hüquq fakültəsində də belə dəyişiklik oldu. Belə ki, hələ 1928-ci ildə ADU-nun şərq fakültəsinin hüquq şöbəsinə müəllim kimi işə cəlb edilən dosent Qasım Cəfərov 1936-cı ildə Xalq Təsərrüfatı İnstitutunun hüquq fakültəsinin dekanı seçildi. Beləliklə, Petroqrad Universitetinin hüquq fakültəsinin 1916-cı il məzunu və mülki hüquq üzrə görkəmli alim olan professor Q.Cəfərov müstəqil hüquq fakültəsinin tarixinə onun ikinci azərbaycanlı dekanı kimi daxil oldu. Qeyd edək ki, Q.Cəfərov hüquq fakültəsinə qısa fasilələrlə 16 il ərzində – 1936-1952-ci illərdə rəhbərlik edib (1948-ci ildə fakültə dekanı vəzifəsini müvəqqəti olaraq hüquq elmləri namizədi Vahid Qəhrəmanov icra etmişdi).
Hüquq fakültəsinin Azərbaycan Dövlət Universitetindən kənardakı tarixi 1941-ci ilə qədər davam etdi. Əvvəlki fəsildə də qeyd etdiyimiz kimi, 1941-ci ildə müharibənin başlanması və ali məktəb müəllimlərinin və tələbələrinin əksəriyyətinin cəbhəyə getməsi ilə əlaqədar olaraq bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ADU-ya birləşdirildi. Hüquq fakültəsi o vaxtdan etibarən universitetlə birdəfəlik «qovuşdu». Xalq Təsərrüfatı İnstitutu 1944-cü ilin sonlarında bərpa ediləndə hüquq fakültəsi ADU-nun tərkibində saxlanıldı.