HÜQUQ FAKÜLTƏSİNİN MÜSTƏQİL FƏALİYYƏTİ

Hüquq fakültəsi müstəqil fakültə kimi fəaliyyətə başlayanda burada tədris rus dilində idi ki, bu da mövcud obyektiv çətinliklərlə, ilk növbədə isə milli hüquqşünas kadrların və lazımi ədəbiyyatın, dərsliklərin və dərs vəsaitlərinin olmaması ilə şərtlənirdi. Fakültədə Azərbaycan dilində mühazirə oxumaq, məşğələlər aparmaq iqtidarında olan yerli müəllimlər yox dərəcəsində idi. Hüquq fakültəsinin professor-müəllim heyətinin mütləq əksəriyyətini qeyri-azərbaycanlılar, əsasən də Rusiya universitetlərindən dəvət olunmuş hüquqşünas-alimlər və pedaqoqlar təşkil edirdi. Belə ki, 1929/30-cu dərs ilində Hüquq fakültəsinin 6 professordan, 3 dosentdən, 1 privat-dosentdən, 2 müəllimdən və 7 elmi işçidən ibarət 19 nəfərlik professor-müəllim heyətində biri müəllim, dördü elmi işçi olmaqla cəmi 5 azərbaycanlı var idi ki, bu da bütün müəllimlərin 26,3 faizini təşkil edirdi.
Bir tərəfdən bu amil, digər tərəfdən isə fakültəyə qəbulun yuxarı direktiv orqanlar tərəfindən müəyyən edilmiş sosial normativləşdirmə əsasında aparılması hüquqşünas tələbələrin müvəffəqiyyət dərəcəsinə mənfi təsir göstərirdi. Başqa sözlə desək, təhsil prosesi tələbələrin səviyyəsinin qeyri-qənaətbəxş olduğunu göstərirdi. 1928/29-cu dərs ilində ADU-da tələbələrin müvəffəqiyyət dərəcəsini göstərən rəqəmlərə baxanda bəlli olur ki, burada nisbətən yaxşı vəziyyət tibb fakültəsində idi.
Qalan fakültələrdə, o cümlədən hüquq fakültəsində isə vəziyyət o qədər də qaneedici deyildi. Belə ki, 1928/29-cu tədris ilində hüquq fakültəsində tələbələr üç fənn üzrə imtahan verməli idilər. Bunun öhdəsindən yalnız 11 tələbə gəlmiş və kursu uğurla başa vurmuşdu. 23 tələbə yalnız iki fənn üzrə imtahan vermişdi, 3 tələbə isə yalnız bir imtahan verməklə kifayətlənmişdi. Daha 1 tələbə isə ümumiyyətlə imtahan verə bilməmişdi. Tələbələrin müvəffəqiyyət dərəcəsinin belə aşağı olmasının səbəbləri çox idi. Bir qədər yuxarıda onların ikisinə səthi olaraq toxunduq. Digər amillərin də rolu var idi. Bütün bu faktorları belə ümumiləşdirmək olar: 1) sosial normativləşdirmə əsasında seçilən, əslində isə yuxarıların göstərişi ilə hüquq fakültəsinə oxumağa göndərilən abituriyentlərin hazırlıq səviyyəsinin yüksək olmaması; 2) həmin abituriyentlərin rus dilini bilməməsi; 3) maddi cəhətdən pis təmin olunan əyani oxuyan tələbələrin işləmək məcburiyyəti qarşısında qalması; 4) müvafiq dərsliklərin və dərs vəsaitlərinin çatışmaması, kitabxana və yataqxana probleminin mövcudluğu və s.
Yeri gəlmişkən onu da deyək ki, hüquq fakültəsinin dekanı, professor A.O.Mişel bu vəziyyəti ADU-nun və APİ-nin elmi işçilərinin Xalq Maarif Komissarlığı tərəfindən 1929-cu il mayın 12-də keçirilmiş ümumi yığıncağında da tənqid etmiş, mövcud çətinliklərin səbəblərini göstərmiş və təhsilin Azərbaycan dilində olmasının vacibliyini söyləmişdi: «Əgər türklər əlverişli şəraitdə məşğul olurlarsa, onda başqalarından geri qalmırlar. Onlar çox vaxt pis, əlverişsiz şəraitdə məşğul olurlar. Tədris rus dilində aparılır, rus dilini isə az adam bilir. Türk dili universitetdə təhsil alanlar üçün gərəkdir. Türk dilində isə vəsait yoxdur və universitetin buraxdığı məhsul bizə ondan nəsə seçib götürmək üçün çox az imkan verir».
Hüquq fakültəsi üçün səciyyəvi olan problem tələbə kontingentinin sosial normativ və şərtlərə görə seçilib komplektləşdirilməsi idi ki, bu da təhsilin keyfiyyəti amilinə mənfi təsir göstərirdi. Başqa sözlə, yuxarı orqanlar hüquq fakültəsinə bilik meyarı ilə seçim əsasında tələbə qəbuluna əslində imkan vermirdilər. Özünə lazımi kadrları hazırlamaq istəyən sovet hakimiyyəti orqanlarının universiteti tam şəkildə proletarlaşdırmaq niyyəti açıq ifadə olunmuşdu. Respublika Xalq Komissarları Soveti 1928-ci il iyulun 28-də «ADU-ya və APİ-yə qəbul normaları haqqında» xüsusi qərar qəbul edərək tələbə qəbulu prosesini də əslində öz nəzarətinə keçirmişdi. Həmin qərar universitet üçün 350 nəfərlik bir limit müəyyənləşdirir, eyni zamanda tələbə qəbulunun sosial normativlərini təyin edirdi. Həmin limitə görə, hüquq fakültəsi tələbələrinin 70 faizini fəhlələr və muzdurlar, 20 faizini yoxsul və ortabab kəndlilər, yalnız 10 faizini «zəhmətkeş ziyalılar» deyilən zümrənin nümayəndələri təşkil etməli idi. Bu isə təbii ki, sırf sosial ayrıseçkilik xəttinin təzahürü idi.
Üstəlik, tələbə kontingentinin süni yollarla, kampaniya xarakterli inzibati tədbirlərlə proletarlaşdırılması xətti tələbələrin bilik səviyyəsi və tədrisin keyfiyyəti məsələlərini avtomatik olaraq arxa plana keçirirdi. Fəhlə fakültəsini bitirənlərin universitetin istənilən fakültəsinə imtahansız qəbul edilməsi praktikası da təhsilin keyfiyyətinə, tələbələrin müvəffəqiyyət dərəcəsinin səviyyəsinə çox ciddi zərbə demək idi.
Bütövlükdə götürsək, 1920-ci illərin ikinci yarısından etibarən universitetə tələbə qəbulu prosesində ciddi qüsurlar meydana çıxmağa başlamışdı. O vaxtlar universitetdə sürətlə aparılan proletarlaşdırma siyasəti ümumi işə xeyli əngəllər törədirdi. Vəziyyəti hüquq fakültəsinin timsalında nəzərdən keçirəndə bu təmayülü açıq-aydın görmək olar. Belə ki, hüquq fakültəsinin mövcudluğunun birinci ilində, yəni 1927/28-ci tədris ilində onun tələbələrinin 54 faizi azərbaycanlılar idi. 1930-cu ildə isə onların sayı cəmi 42 faiz təşkil edirdi. Azalmanın əsas səbəbi azad dinləyicilərin hüquq fakültəsinə daha çox sayda qəbul edilməsinə dair yuxarıdan gələn göstərişlərlə bağlı idi. Azad dinləyicilərin arasında isə azərbaycanlılar həmişə azlıq təşkil edib. Bir sözlə, tələbə qəbuluna yuxarılardan müdaxilələrin başlanması təhsilin və tədrisin keyfiyyətinə öldürücü təsir göstərirdi.
Təşkilindən az vaxt keçməsinə baxmayaraq hüquq fakültəsi universitetin ən aparıcı fakültələrindən birinə çevrilirdi. Bunun bir sübutu da fakültə əməkdaşlarının universitetdə aparılan elmi-tədqiqat işlərindəki və ictimai işlərdəki fəallığı idi. O dövrdə ADU respublikamızda əsas elmi mərkəz idi və bu elm-təhsil ocağı elmin təşəkkülündə, ictimai fikrin və mədəniyyətin inkişafında əhəmiyyətli rol oynamışdı. Universitetin elmi institutları olmadığı üçün elmi-tədqiqat işləri kafedralarda, elmi cəmiyyətlərdə, laboratoriya və klinikalarda aparılırdı. Elmi cəmiyyətlər də universitetdə elmin inkişafının ilkin ocaqları sayılırdı. İlk elmi cəmiyyət universitetdə 1920-ci ilin dekabrında yaradılmışdı. İlkin dövrlərdə elmi cəmiyyətlər əsasən tibb və fizika-riyaziyyat fakültələrində yaradılırdı.
Hüquq fakültəsi də yeni ictimai quruluşun bərqərar olduğu bu mərhələdə üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirirdi. 1920-ci illərin ikinci yarısından etibarən respublika hökuməti ictimai-humanitar elmlərin inkişafına xüsusi diqqət yetirməyə başlayanda hüquq fakültəsinin əməkdaşları da bu şəraitdən maksimum istifadə edərək öz elmi yaradıcılıq işlərini sürətləndirirdilər.
1927-ci il dekabrın əvvəllərində universitetdə «Sosial-iqtisadi və humanitar elmləri öyrənən cəmiyyət» adlı elmi-tədqiqat mərkəzi yaradıldı. Cəmiyyət öz sıralarında pedaqoji, şərq və hüquq fakültələrinin professor-müəllim heyətinin 60-dan çox üzvünü, həmçinin o dövrün bir sıra tanınmış ictimai xadimlərini birləşdirirdi. Professorlar T.L.Berin, P.P.Fridolin, A.O.Mişel, A.O.Makovelski və başqaları cəmiyyətin rəyasət heyətinə daxil idilər. 1927-ci il dekabrın 5-dən 1929-cu il yanvarın 1-dək, yəni faktiki olaraq 13 ay ərzində cəmiyyətin 9 iclası keçirilmiş və həmin iclaslarda fəlsəfə, siyasi iqtisad, tarix, hüquq, pedaqogika məsələlərinə və digər mövzulara dair onlarla elmi məruzə oxunmuşdu. Bu elmi məruzələr arasında hüquq fakültəsinin dekanı, professor A.O.Mişelin «Oktyabr və hüquq» adlı elmi məruzəsi də var idi.
Hüquq fakültəsinin əməkdaşları universitetin dövri elmi orqanlarında da müntəzəm olaraq öz elmi əsərləri ilə çıxış edirdilər. Bəlli olduğu kimi, universitetin dövri elmi orqanları 1921-ci ildən çıxmağa başlamış «Bakı Dövlət Universitetinin xəbərləri» və 1924-cü ildə nəşrə başlayan «Nəzəri və praktik təbabət» elmi jurnalları idi. 1921-ci ildə «Xəbərlər»in iki yarımcildi buraxılmışdı. Birinci yarımcild təbiətşünaslığa və təbabətə, ikincisi isə humanitar elmlərə həsr olunmuşdu ki, orada da hüquqşünas alimlərin məqalələri dərc edilmişdi. 1922-ci il dekabrın 6-da Bakı Dövlət Universitetinin adı dəyişdirilib Azərbaycan Dövlət Universiteti qoyulandan sonra onun əsas elmi orqanı olan «Xəbərlər» şöbələr və elm sahələri üzrə nəşr edilməyə başlamışdı: hüquq, təbiətşünaslıq və təbabət, ictimai elmlər, şərqşünaslıq. Beləliklə, hüquq fakültəsinin professor-müəllim heyətinin səyləri ilə hazırlanan «Xəbərlər»in hüquq seriyası ilk dəfə 1923-cü ildə işıq üzü görmüşdü.
«Hüquq» seriyasının ilk buraxılışı təxminən 30 çap vərəqi həcmində və 4 cilddə hazırlanmışdı. Sonralar bu nəşr təkmilləşdirildi və 1928-ci ildən etibarən «Hüquq şöbəsinin xəbərləri» adlandırılmağa başlandı. «Hüquq şöbəsinin xəbərləri» 1928-ci ildə professorlar A.O.Mişel və Ə.S.Qubaydullinin redaktəsi ilə çap olunurdu. «Hüquq şöbəsinin xəbərləri»nin 4 buraxılışı nəşr edilmişdi. Birinci və ikinci buraxılışlar «Hüquq şöbəsinin xəbərləri» adlanırdı. Hüquq şöbəsi 1928-ci ildə müstəqil hüquq fakültəsinə çevriləndən sonra buraxılışın da adı dəyişdirildi və o, «Hüquq fakültəsinin xəbərləri» adlanmağa başladı.
Bu nəşrlərdə hüquq elminin ən aktual problemlərinə dair elmi əsərlər dərc edilirdi. Onlara nümunə olaraq aşağıdakı elmi əsər və məqalələri göstərmək olar: B.N.Xatuntsevin «Azərbaycan SSR-in 1927-ci il 27 mart Konstitusiyası», «ZSFSR-in 1925-ci il 14 aprel Konstitusiyası», «Azərbaycan SSR qanunvericiliyində inzibati cəza tədbirləri»; A.O.Mişelin «Zorakılıq nəzəriyyəsi və onun dövlət haqqında marksizm təliminə münasibəti»; F.V.Dyakovun «Sovet Azərbaycanında nikah-ailə hüququnun inkişaf mərhələləri», «Azərbaycan Sovet Respublikasının vərəsəlik hüququ», «Əkinlərin kontraktasiyasının iqtisadi və hüquqi təbiəti», «SSRİ-nin kooperativ məcəlləsi məsələsinə dair»; N.N.Polyanskinin «Azərbaycan SSR Cinayət Məcəlləsi üzrə vergi cinayətləri», «Yevgenika və cinayət hüququ»; K.Q.Yaiçkovun «Təsərrüfat-inzibati hüquqlar məsələsinə dair»; V.A.Udintsevin «Faktiki sahiblik», «Dövlət idarələri yanında yardımçı müəssisələr», «Kooperasiyanın hüquqi əsasları», «Alqı-satqı müqaviləsi və mülkiyyət hüququ» məqalələri və s.
Hüquq fakültəsi əməkdaşlarının bir sıra əsərləri isə ictimai-tarixi səpkidə idi. Bunlara misal olaraq professor Y.A.Ratqauzerin «Eserlər və kazak generallarının diktaturası», professor A.O.Mişelin «Napoleonun kodeksi», dosent M.K.Korbutun «Kənd təsərrüfatında muzdlu əmək haqqında çar qanunvericiliyi», dosent A.Anqarovun «Spinoza sistemində hüquq və dövlət», professor P.P. Fridolinin «XIV əsrdə fəhlələrin cəmiyyətlər yaratmaq uğrunda mübarizəsi», dosent M.V.Dovnar-Zapolskinin «I Nikolay dövründə hökumət və məhkəmə», professor A.S.Bukşpanın «Qədim türk dövlət qurumlarının tarixindən» adlı elmi-tədqiqat işlərini göstərmək olar.