HÜQUQ FAKÜLTƏSİNİN GÖRKƏMLİ MƏZUNLARI

Hüquq fakültəsi fəaliyyət göstərdiyi 80 il ərzində onun məzunları respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, xalqa və Vətənə şərəflə xidmət göstərmişlər. 1941-ci ildə Böyük Vətən müharibəsi başladıqda Hüquq fakültəsinin müəllim, aspirant və tələbələrinin çoxu könüllü olaraq cəbhəyə yollanmış, düşmənə qarşı ölüm-dirim vuruşlarında iştirak etmiş, qəhrəmanlıqlar göstərmiş və çox təəssüf ki, tam əksəriyyəti həlak olmuşdur.
Müharibənin odlu-alovlu cəbhələrindən keçərək geri qayıtmış və taleyini Hüquq fakültəsi ilə bağlamış alimlərimiz hüquq elminin inkişafında və hüquqşünas kadrların hazırlanmasında böyük xidmət göstərmişlər. Bu insanların çoxu artıq bu gün həyatda yoxdur. Biz onların xatirəsini hörmətlə yad edirik: hüquq elmləri doktoru, professor Məmməd Xələfov, hüquq elmləri doktoru, professor Əziz Əsədov, hüquq elmləri doktoru, professor Qasım Manayev, hüquq elmləri namizədi, dosent İbrahim Kərimov, hüquq elmləri namizədi, dosent Marat Altman, hüquq elmləri namizədi, dosent Əli Əliyev, baş müəllim Georgi Savoskin, hüquq elmləri namizədi, dosent Mehdi Mehdiyev…