kAFEDRANIN 40 İLLİK YUBİLEYİ QEYD EDİLDİ.

Hüquq fakültəsinin “Dövlət və hüquq nəzəriyyəsi kafedrası”nın 40 illik yubleyi ilə bağlı

 Bakı Dövlət Universitetinin rektoru Azərbaycan Respublikası Milli Məclisinin üzvü, akademik Abel Məhərrəmovun təbriki.

 

 

                                                                                   90 il öncə Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması ilə Azərbaycanda ali təhsilin təşkilinin əsası qoyuldu. İlk Respublika – Azərbaycan Xalq Cümhuriyyəti  dövründə təşəkkül tapan bu ilk ali təhsil ocağının ictimai həyatın müxtəlif sahələri üzrə milli kadr hazırlığını həyata keçirən bir təsisat olması kimi mühüm əhəmiyyəti, həm də onun Azərbaycan xalqının gələcək taleyini, onun maariflənməsinin əsas istiqamətlərini müəyyənləşdirən böyük bir elm - təhsil məbədi olması ilə də şərtləndirilir.

            Ölkəmizin ictimai-siyasi, hüquqi həyatında olduqca mühüm rol oynamış və hazırki çoxcəhətli fəaliyyəti ilə bunu bir daha sübut edən Bakı Dövlət Universiteti Azərbaycanda ondan sonra fəaliyyətə başlamış ali təhsil ocaqlarının mənbəyini təşkil etməklə yanaşı, onların istinadgahı olmuşdur.

            Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, «Azərbaycan xalqının milli sərvəti olan» Bakı Dövlət Unviersiteti bütün bu illər ərzində daim inkişafda olmuş, maddi-texniki bazası və elmi potensialı güclənmiş, onun yetişdirdiyi mütəxəssislər Azərbaycan xalqının maariflənməsində, elmin, iqtisadiyyatın, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərərək, ölkəmizin hərtərəfli tərəqqisinə öz layiqli töhfələrini vermişlər.

            Bakı Dövlət Universitetinin yarandığı vaxt onun tərkibində fəaliyyət göstərməli olan dörd fakültədən (onlardan biri də hüquq fakültəsi idi) yalnız ikisinə – tarix-filologiya və tibb fakültələrinə tələbə qəbulu həyata keçirilmişdi. Mövcud ictimai-siyasi şəraitin çətinliklərinə baxmayaraq, əcnəbi alimlər hesabına professor-müəllim heyətini formalaşdıran Universitet elə həmin dövrdə müəyyən nailiyyətlərə imza atmışdır. Mövcud olduğu ilk günlərdən elm, bilik, təhsil bayrağını yüksəklərə qaldıran Universitet elmin məşəli kimi onun zirvələrinə doğru yolu nura qərq etmiş, bir mədəniyyət, sivilizasiya ocağı kimi sonralar elmin pionerləri olaraq milli təhsilin ilk cığırını açmış yüksək ixtisaslı, istedadlı elmi və praktiki işçilərin yetişdirilməsinin əsas özülünə çevrildi.

Müstəqil Azərbaycanın sivill, demokratik dövlət quruculuğu yoluna qədəm qoyması elmin inkişafı, təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş üfüqlər açmış oldu. Bu gün Bakı Dövlət Universiteti bütün dünya miqyasında elmin və ictimai həyatın müxtəlif sferaları üzrə gənc mütəxəssis kadrların, bacarıqlı elm tədqiqatçılarının hazırlığının beynəlxalq mərkəzlərindən biri kimi bu sahədə əməli fəaliyyətini daim gücləndirir. Bakı Dövlət Universiteti özünün struktur bölmələri ilə elm və tədrisin nümunəvi əsaslar üzərində qurulmasına daim səy göstərir. Elmin və təhsilin tarixinin xalqın, vətənin tarixi olması danılmaz bir faktdır və onların arasıkəsilməz tərəqqisi qanunauyğun bir haldır. Tarixin Universitet kimi elm və mədəniyyət ocaqlarına mühüm rol ayırması buna şəhadət verir.

Ölkəmizdə dövlət-hüquq quruculuğu sahəsində həyata keçirilən islahatlar demokratik zəminlər üzərində yeni qanunvericilik bazasının formalaşdırılmasına əsaslanır. Hüquqi dövlətin formalaşdırılması cəmiyyətin hüquqi əsaslarının, yeni qanunvericiliyin yaradılmasını, müasir dövrün tələblərinə cavab verən, müvafiq bilgilərlə «silahlandırılmış» gənc mütəxəssislərin – qanunun keşiyində ləyaqətlə dura biləcək savadlı kadrların yetişdirilməsini tələb edir. Belə kadrları yetişdirən, tərbiyələndirən mərkəzlərdən biri də BDU-nun hüquq fakültəsi və onun aparıcı kafedralarından biri olan Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasıdır.1928-ci ildə hüquq fakültəsinin fəaliyyətə başlaması ölkəmizin hüquq kadrlarına olan kəskin ehtiyacını təmin etmək istiqamətində mühüm əhəmiyyətə malik bir hadisə olmuşdur. Qısa bir zaman kəsiyində hüquq fakültəsinin tərkibinin formalaşdırılması başa çatdırılmış, müvafiq kafedraların işinin təşkili, ilk növbədə elmi kadrlarla təmin olunması ilə bağlı tədbirlər həyata keçirilmişdi. Fəaliyyətinin ilk vaxtlarında hüquq fakültəsində milli elmi kadrların təmsilçiliyinin son dərəcədə aşağı səviyədə olması nəzərə alınaraq bu məsələyə xüsusi diqqət yetirilmiş və inkişafının sonrakı dövrlərində fakültədə həm elm, həm də təhsil sahəsində görkəmli azərbaycanlı alimlər yetişərək fəaliyyət göstərmişlər. Hüquq fakültəsinin tərkibində ilkin olaraq fəaliyyət göstərən kafedraların içərisində Dövlət və hüquq nəzəriyyəsi kafedrasına önəmli yer ayrılmışdı. Lakin 1928-ci ildə bu sahədə hələ kifayət edəcək səviyyədə kadrların olmaması kafedranın səmərəli formada fəaliyyətində müəyən maneələrin üzə çıxmasına və sonradan bu kafedra ilə dövlət hüququ kafedrasının birləşməsinə gətirib çıxarmışdı.

1968-ci ildə Dövlət hüququ kafedrasından ayrılaraq müstəqil fəaliyyətə başlamış Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası ötən 40 il ərzində böyük inkişaf yolu keçmişdir. Çoxsaylı yetirmələri respublikamızın hakimiyyət orqanlarında, ələxüsüs da ədalət məhkəməsi və prokurorluq orqanlarında təmsil olunan keçmiş tələbələri  bu gün də hüquq nəzəriyyəsinin müxtəlif problemləri ilə bağlı məsələlərdə öz müəllimlərinin yardımına müraciət edirlər. Universitetin bütün elm-tədris strukturları kimi Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası da özünün fəaliyyətini iki istiqamətdə – elmin inkişafı və tədris prosesinin təkmilləşdirilməsi yönümündə qurmuşdur. Mövcud olduğu illər ərzində kafedranın əməkdaşları tərəfindən müvafiq sahələr üzrə çoxsaylı elmi tədqiqatların aparılması və onların nəticələrinin tədris prosesində istifadə olunmasına səy göstərilməsi onu göstərir ki, kafedra qarşısına qoyduğu məqsədlərə nail olmaq istiqamətində əzmkarlıqla çalışır.  

Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası bu gün sahəvi fənnlərin təməlində duran əsas hüquqi kateqoriyaların işlənib hazırlanması funksiyasını həyata keçirən fundamental fənnləri özündə birləşdirir. Milli hüquq elminin inkişafına xidməti özlərinə deviz seçən kafedra əməkdaşları suveren Azərbaycanın dövlət-hüquqi quruculuğunun ən mühüm problemlərinin işlənib hazırlanması üçün səylərini birləşdirmişlər.

Azərbaycanın müasir tarixində ictimai həyatın bütün sahələrində nəhəng proqramların həyata keçirilməsini diqtə edən yeni mərhələnin,  dünya ölkələrində elmin, təhsilin qloballaşdırılması dövrünün başlanması hüquqşünas alimlər qarşısında gənc istedadlı mütəxəssislərin hazırlığı və elmin inkişafı sahəsində yeni vəzifələr qoymuşdur. Müasir dövrdə hüquqşünaslıq sosial funksiyaların yeni spektrini əhatə edir. Hüququn sivil, demokratik cəmiyyət quruculuğunun mühüm vasitəsi kimi sosial təyinatı yeni məzmun kəsb edir. Əvvəllər mücərrəd səciyyə daşımış və sosial gerçəklikllərdən kənara düşmüş hüquqşünaslıq artıq hazırki dövrdə tətbiqi əhəmiyyətə malik olması ilə seçilir. Onun qarşısında dövlətin hüquqi siyasəti ilə bağlı qlobal problemlər durur.

Əminik  ki, bu, ölkə üçün son dərəcə gərəkli, dövlət əhəmiyyətli problemlərin öhdəsindən BDU-nun hüquq fakültəsinin digər kafedraları kimi Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası da layiqincə gələcək və həmişə ön sıralarda olacaqdır. Həmçinin ölkə rəhbərliyi tərəfindən kafedraya, onun əməkdaşlarına göstərilən qayğı və diqqət müqabilində onların elmin bayrağını daim yüksəkdə tutacaq və gənc nəslin təhsilində, tərbiyələndirilməsində, onların peşəkar hüquqşünaslar kimi yetişdirilməsində bundan sonra da öz səylərini birləşdirəcəklər.

Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası 40 il ərzində ən qabaqcıl kafedralardan olmuşdur. Kafedranın müdiri, AMEA-nı müxbir üzvü, prof. M.F.Məlikovanın əməyi ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmiş, o, dövlətin ali mükafatları olan «Şərəf nişanı» «Şöhrət» ordenləri ilə təlitif edilmişdir. Təqdirəlayiq haldır ki, 2007-ci ildə Universitet üzrə keçirilən müsabiqədə Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası ən yaxşı kafedra hesab edilmiş, kafedranın müdiri AMEA-nın müxbir üzvü, h.e.d., professor Məsumə Fazil qızı  Məlikova  isə 2006/2007-ci tədris ilinin nəticələrinə görə Bakı Dövlət Universiteti üzrə ilin müəllimi fəxri adı ilə təltif olunmuşdur.

Kafedranın 40 yaşının tamam olması münasibəti ilə kafedranın müdiri AMEA-nı müxbir üzvü, h.e.d., professor M.F.Məlikova başda olmaqla onun bütün əməkdaşlarını təbrik edir, yeni-yeni elmi nailiyyətlər arzulayıram.