Kafedranın tarixi

Hüquq fakültəsi yarandığı zaman onun nəzdində formalaşdırılması nəzərdə tutulan aparıcı kafedralardan biri də Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası idi. Hətta fakültənin dekanı prof. A.O.Mişel, eyni zamanda, həmin kafedranın ilk müdiri seçilmişdir. 1968-ci ildən etibarən Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasına AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Fazil qızı Məlikova rəhbərlik edir. M.F.Məlikova 200-ə yaxın elmi əsərin müəllifidir. Dövlətimiz prof. M.F.Məlikovanın elmi-pedaqoji sahədəki xidmətlərini nəzərə alaraq ona 1969-cu ildə “Azərbaycan SSR əməkdar hüquqşünası” fəxri adını vermiş, 1976-cı ildə “Şərəf nişanı” ordeni ilə, 1985-ci ildə “Əmək veteranı” medalı ilə, 2000-ci ildə “Şöhrət” ordeni ilə, bir neçə fəxri fərmanla təltif etmişdir. О, 2007-ci ildə 2006/07-ci tədris ilinin, 2013-cü ildə isə 2012/13-cü tədris ilinin yekunlarına görə BDU üzrə “İlin müəllimi” fəxri adı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fərqlənməyə görə” döş nişanı ilə təltif edilmişdir. 2009-cu ildən Prezident təqaüdçüsüdür.

Kafedra təşkil olunan zaman onun tərkibində dosentlər Ə.H.Əliyev, İ.Tariqpeyma, V.Hacıyev, Y.Rəhimzadə, M.M.Altman, E.R.Bayramov olmuşlar. Tədricən кafedra yeni mütəxəssislərlə zənginləşmiş, onun tərkibində gənc, istedadlı hüquqşünas-mütəxəssislər – S.A.Mirzəyev, Ş.M.Əliyev, D.M.Məmmədova, L.H.Hüseynov və b. fəaliyyət göstərmişlər. Ötən əsrin 90-cı illərindən kafedranın müəllimləri sırasına istedadlı, elmə, pedaqoji fәaliyyәtə böyük marağı olan şəxslərin (N.H.Cəfərli, X.C.İsmayılov, M.N.Səmədov, K.V.Talıbova, T.Z.Əliyev, E.R.Quliyev) daxil olması kafedranın elmi potensialının daim yüksəlməsinə dəlalət edir.

Hazırda kafedra aşağıdakı tərkibdə fəaliyyət göstərir: AMEA-nın müxbir üzvü, prof. Məsumə Fazil qızı Məlikova, dosentlər Xəyyam Cəbrayıl oğlu İsmayılov, Elbay Qara oğlu Nəbiyev, Mehman Novruzəli oğlu Səmədov, Səfa Abbas oğlu Mirzəyev, Emin Ramiz oğlu Quliyev, hüquq üzrə fəlsəfə doktorları Tuqay Zakir oğlu Əliyev, Təranə Kamil qızı Zeynalova, Zaur Nəriman oğlu Əzimov, Fərrux Ənvər oğlu Seyidov, Əli Abdulhüseyn oğlu Hüseynov, müəllimlər Cavidan Şahvələd oğlu İbrahimov, Seymur Eldar oğlu Muradov, baş laborantlar – Aydan Yaşar qızı Talıbova və Aida Faiq qızı Həmidova.

Hazırda kafedrada bakalavr və magistratura təhsil pillələri üzrə hüquq nəzəriyyəsi, Azərbaycanın hüquq tarixi, xarici ölkələrin hüquq tarixi, dövlət və hüquqi təlimlər tarixi, Azərbaycanın siyasi və hüquqi təlimlər tarixi, hüquq və siyasət, müsəlman hüququnun əsasları, Müqayisəli hüquqşünaslıq və s. kimi fənlər tədris olunur. Fəaliyyət göstərdiyi andan etibarən kafedra müxtəlif təhsil pillələri üzrə nəinki ölkə daxilində, habelə xarici ölkələr üçün də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında fəal iştirak etmişdir. Belə ki, prof. M.F.Məlikovanın elmi rəhbərliyi ilə 4 doktorluq və 30-dan artıq namizədlik dissertasiyası müdafiə edilmiş, həmçinin Suriya, İordaniya, Fələstin, Vyetnam və s. ölkələr üçün elmi kadrlar yetişdirilmişdir.

Kafedrada tədris olunan bütün fənlər üzrə milli dildə kafedranın əməkdaşları tərəfindən dərslik və dərs vəsaitləri hazırlanaraq nəşr edilmişdir: dövlət və hüquq nəzəriyyəsi (M.F.Məlikova); Azərbaycanın siyasi və hüquqi təlimlər tarixi (M.F.Məlikova, E.R.Bayramov); xarici ölkələrin dövlət və hüquq tarixi (M.F.Məlikova, E.Q.Nəbiyev); müasir dövlət və hüquq tarixi (M.F.Məlikova, E.Q.Nəbiyev); qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycanın dövlət və hüququ (M.F.Məlikova, X.C.İsmayılov); антология правовых памятников Азербайджана (M.F.Məlikova, X.C.İsmayılov); Azərbaycanın dövlət və hüquq tarixi (X.C.İsmayılov); организация и деятельность судебных органов в Азербайджане в XIX в. (X.C.İsmayılov); Azərbaycanda yerli özünüidarəetmənin normativ hüquqi əsasları (genezisi və təkamülü) (X.C.İsmayılov); имплементация международно-правовых норм в пределах юрисдикции государства (M.N.Səmədov); siyasi və hüquqi təlimlər tarixi (O.E.Leystdən tərcümə - T.K.Zeynalova); Azərbaycanda qanunvericiliyin məcəllələşdirilməsi: tarixi-nəzəri aspektlər (E.R.Quliyev). Həmçinin M.F.Məlikova respublikada ilk dəfə olaraq 1991-ci ildə dərc edilmiş “Hüquq ensiklopedik lüğəti”nin baş redaktoru kimi böyük müəlliflər kollektivinə rəhbərlik etmiş və lüğətdə onun 80-dən artıq məqaləsi dərc olunmuşdur. Bununla yanaşı, tədris olunan bütün fənlər üzrə proqram və tədris-metodiki vəsaitlərin tərtib olunmasını, kafedra müəllimlərinin əsərlərinin respublikadan kənarda nəşr edilməsini də qeyd etmək lazımdır.

Kafedra üzvləri respublikanın ictimai həyatında fəal iştirak edirlər. Azərbaycanın dövlət-hüquqi quruculuğu, ölkə qanunvericiliyinin intensiv formalaşması və inkişafı dövründə kafedra üzvləri bu tarixi prosesdən kənarda qalmamışlar. Belə ki, prof. M.F.Məlikova Azərbaycanın suverenliyi haqqında 23 sentyabr 1989-cu il Konstitusiya qanununu tərtib edənlərdən biri, Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi 1978-ci il Azərbaycan SSR Konstitusiyasının və 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması üzrə Komissiyanın üzvü olmuşdur. M.F.Məlikova hazırda AMEA-nın nəzdində fəaliyyət göstərən Hüquq problemləri əlaqələndirmə şurasının sədridir. O, 20 ildən artıq müddətdə “Bakı Universitetinin Xəbərləri” jurnalının sosial-siyasi elmlər seriyasının redaktoru, “AMEA-nın Xəbərləri” jurnalının tarix və hüquq elmləri seriyasının redaksiya şurasının və s. üzvüdür.