Kafedranın tarixi

Kafedra 1979-cu ilin dekabr ayında təşkil olunmuşdur. 1979-1992-ci illərdə kafedraya Azərbaycan Respublikasının əməkdar hüquqşünası, professor Kamilə Qiyas qızı Sarıcalinskaya, 1992-ci ildən isə h.e.d., prof. Kamil Nazim oğlu Səlimov rəhbərlik edir. 150-yə yaxın elmi əsərin müəllifi olan prof. K.N.Səlimov 1987-ci ildə namizədlik, 2000-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 2008-ci ildən indiyədək “İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə birgə işçi qrupu”nun sədridir.

Hazırda kafedra aşağıdakı tərkibdə fəaliyyət göstərir: prof. Kamil Nazim oğlu Səlimov, dosentlər İpək Soltan qızı Abbasova, Rəna Oqtay qızı Quliyeva, Qardaş Sayadxan oğlu Hüseynov, Bəxşeyiş Məmməd oğlu Əsgərov, Mübariz Həsrət oğlu Mustafayev, müəllim Nərgiz Abas qızı Abasova, Kriminalistika laboratoriyasının müdiri Nəriman İsa oğlu Hüseynov, baş laborant Gülüş Dadaş-Şaraplı qızı Məlikova, baş laborant Vüsalə Şiraslan qızı Abbasova.

Bu dövr ərzində kafedranın müəllimi dos. Mübariz Həsrət oğlu Mustafayev hüquq üzrə elmlər doktoru, 20-dən çox kafedranın doktorantı və dissertantı isə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə etmişlər. Kafedrada “Terrorçuluğa qarşı mübarizənin beynəlxalq kriminalistik və kriminoloji problemləri”, “Cinayətlərin istintaqında qeyri-ənənəvi (hipnoz, poliqraf, bioritmologiya və s.) üsulların tətbiqinin prosessual və taktiki problemləri”, “Təftişin aparılması zamanı elektron-hesablama maşınlarının tətbiqi”, “Ballistika və məhkəmə ballistikasının yaranma tarixi və inkişafı”, “Əməliyyat-axtarış fəaliyyəti dövlətin cinayətkarlığa təsir vasitəsi kimi”, “Əl izlərinin müasir metodlarla kriminalistik tədqiqi və nanotexnologiyanın tətbiqi ilə bu sahədə açılan perspektivlər” mövzularında elmi-tədqiqat işləri yerinə yetirilir.

Kafedranın dosenti B.M.Əsgərov Rusiya Federasiyası Ali Attestasiya Akademiyasının rəsmi nəşrlər siyahısına daxil olan «Оперативник (Сыщик)» jurnalının, dosent M.H.Mustafayev isə «Пробелы в Российском законодательстве» jurnalının redaksiya heyətinin üzvüdürlər. 2013/14-cü tədris ilində tədrisin yüksək səviyyədə təşkili və elmi-pedaqoji fəaliyyətinə görə kafedra müdiri prof. K.N.Səlimov “İlin kafedra müdiri” diplomu, dos. İ.S.Abbasova isə “Gənc nəslin tərbiyəsində yüksək fəaliyyətinə görə» diplomu ilə təltif olunmuşlar. Bundan əlavə, dos. İ.S.Abbasova Azərbaycan Respublikasının ədliyyə nazirinin əmri ilə Məhkəmə Ekspertizası Mərkəzinə işə qəbul komissiyasının tərkibinə daxil edilmişdir. Dos. R.O.Quliyeva multimediya texnologiyasından istifadə etməklə yeni üsullarla maraqlı tədris metodikası tətbiq edir.