KAFEDRANIN TƏDRİS VƏSAİTLƏRİ
KAFEDRANIN TƏDRİS VƏSAİTLƏRİ
Kadr məsələsinin həlli ilə yanaşı, kafedra qarşısında duran digər mühüm bir vəzifə qısa müddətdə tədris prosesinin maddi bazasının yaradılması olmuşdur. Ana dilində dərsliklərin və dərs vəsaitlərinin tərtib edilməsi xüsusilə zəruri idi. Bu mürəkkəb problemin həlli respublikamızda Azərbaycan dilində müvafiq tədris materialının olmaması ilə son dərəcədə müşkül bir işə çevrilmişdi. Müşküllük kafedra əməkdaşlarının dərslik tərtib etmək bacarığının olub-olmasında deyildi. Bütün hüquqi ədəbiyyat Moskva hüquqşünas-alimləri tərəfindən rus dilində yazılmışdı və yalnız həmin ədəbiyyatın tərcüməsinə icazə verilirdi. Ana dilində dərsliklərin yerli hüquqşünas-alimlər tərəfindən yazılmasına qeyri-rəsmi qadağa qoyulmuşdu. Tələbələr mürəkkəb tədris materialını müəllimlərin mühazirələri və qeydləri əsasında öyrənməli və mənimsəməli olurdular.
Buna görə də qarşıda tədris prosesinin təkmilləşdirilməsi, onun kafedranın əhatə etdiyi fənnlər üzrə maddi-tədris bazasının yaradılması və zənginləşməsi məsələləri kafedranın fəaliyyətinin əsas vəzifələrindən biri kimi dururdu. Bununla belə, tədris materiallarınin milli dildə nəşr edilməsinə praktiki olaraq yol verilməməsi şəraitində prof. M.F.Məlikova tərəfindən ilk dəfə olaraq azərbaycan dilində «Dövlət və hüquq nəzəriyəsi» adlı dərsliyin iki nəşrinin (1979, 1988-ci illər), 1984-cü ildə yazılmış «Azərbaycanın siyasi və hüquqi nəzəriyyələr tarixi» (h.e.n., dos.E.R.Bayramovla şərikli) kitabını, «Sovet dövlət orqanlarının bəzi funksiyalarının tədricən ictimai təşkilatların ixtiyarına keçməsi» (1961), «Sosialist qanunçuluğu və hüquq normalarının tətbiqi» (1969) dərs vəsaitlərinin, baş redaktoru və 80-dən artıq məqalənin müəllifi olduğu «Hüquq ensiklopedik lüğəti»nin (1991) dərc olunmasını qeyd etmək lazımdır. Bunlarla yanaşı, kafedra Moskva alim-hüquqşünasları tərəfindən nəşr edilən dərsliklərin tərcüməsi işlərinə diqqətini yönəltmiş, 1977-ci ildə «İstoriə qosudarstva i prava SSSR» (prof.O.İ.Çistyakovun red. ilə, M., 1971) dərsliyinin 2-ci hissəsinin ana dilinə tərcüməsini və nəşrini təşkil edə bilmişdir.
Kafedra bu sahədə milli dildə dərslik və dərs vəsaitlərinin hazırlanması və dərc edilməsinə əsasən Azərbaycan öz müstəqilliyini əldə etməsindən sonra başlamışdır. Müasir dövrdə kafedranın əməkdaşları dövlət və hüquq nəzəriyyəsi problemlərinin, xarici ölkələrin və Azərbaycanın dövlət və hüquq tarixinin, Azərbaycan mütəfəkkirlərinin siyasi və hüquqi təlimlərinin tədqiqinə, beynəlxalq hüquq normalarının Azərbaycan qanunvericiliyində implementasiyasının nəzəri və təcrübi məsələlərinin araşdırılmasına xüsusi diqqət yetirmiş və yeni dərsliklər tərtib edərək dərc etdirmişlər.
Son 10 il ərzində kafedra müəllimləri tərəfindən bakalavr təhsil pilləsində tədris olunan demək olar ki, bütün fənlər üzrə dərsliklər, dərs vəsaitləri, tədris metodik vəsaitləri, tədris proqramları yazılaraq nəşr etdirilmişdir. Bununla yanaşı, tələbələrin ana dilində dərsliklərlə təmin edilməsini sürətləndirmək məqsədilə kafedra Moskva alimlərinin dərsliklərinin tərcüməsi və nəşrini təşkil etmişdir. Hazırda magistratura pilləsində təhsil alanlar üçün kitabların, dərsliklərin yazılması sahəsində müəyyən işlər aparılır. Bununla əlaqədar müvafiq sahələr üzrə bəzi kitab və broşürlər hazırlanaraq nəşr olunmuşdur və bu istiqamətdə kafedra öz fəaliyyətini davam etdirir.
Bakalavr təhsil pilləsi üzrə aşağıdakı dərslik və dərs vəsaitləri nəşr olunmuşdur:
1. M.F.Məlikova, E.Q.Nəbiyev. Xarici ölkələrin dövlət və hüquq tarixi. Dərslik. Bakı, 1997 (26 ç.v.)
2. M.F.Məlikova, E.Q.Nəbiyev. Xarici ölkələrin dövlət və hüquq tarixi. Dərslik, dəyişiklik və əlavələrlə 2-ci nəşri. Bakı, 2005. (29 ç.v.)
3. M.F.Məlikova, E.Q.Nəbiyev. Müasir dövlət və hüquq tarixi. Dərslik. Bakı, 2003. (40 ç.v.).
4. M.F.Məlikova, X.C.İsmayılov. Qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycanın dövlət və hüququ. Dərs vəsaiti. Bakı, 2001. (11,5 ç.v.).
5. X.C.İsmayılov. Azərbaycanın dövlət və hüquq tarixi. Dərslik. Bakı, 2006. (45 ç.v.).
Tərcümə olunan dərsliklər: 1) Dövlət və hüquq nəzəriyyəsi (prof. V.V.Lazarevin redaktəsi ilə, M., 2004); 2) Siyasi və hüquqi təlimlər tarixi (prof. O.E.Leystin redaktəsi ilə, M., 2006), (tərcüməçi kafedranın müəllimi və baş laborantı T.Zeynalova).
Magistr təhsil pilləsi üçün:
1. M.F.Məlikova. «Kitabi-Dədə Qorqud» da ictimai-siyasi ideyalar. Bakı, 2000. (2,5 ç.v.)
2. X.C.İsmayılov. X1X əsrdə Azərbaycanda məhkəmə sistemi. Bakı, 2004. (14 ç.v.).
3. M.N.Səmədov. Dövlətlərin yurisdiksiyası çərçivəsində beynəlxalq hüquq normalarının implementasiyası (rus dilində). Bakı, 2002. (10 ç.v.).
Hazırda prof.M.F.Məlikova, h.e.n., dosent əvəzi K.V.Talıbova və h.e.n., dos.E.Q.Nəbiyev tərəfindən magistratura pilləsində təhsil alanlar üçün «Müqayisəli hüquqşünaslıq» adlı kitab nəşrə hazırlanır.
Xüsusilə də təhsil islahatlarının aparıldığı, yeni təhsil sisteminə keçidin şərtləndirildiyi son dövrlərdə kafedrada ayrı-ayrı fənnlər üzrə dərsliklərin yazılması işinə məxsusi önəm verilməsi təqdirəlayiq bir haldır və müasir bəşər sivilizasiyasında dövlətlərin və onların qanunvericiliyinin inkişafı və təkmilləşdirilməsi baxımından dövlət və hüquqla bağlı ümumi məsələlərin, eləcə də bu sahədəki tarixi təcrübənin araşdırılması və dərk edilməsini şərtləndirir. Belə ki, M.F.Məlikovanın və E.Q.Nəbiyevin respublikada ilk dəfə olaraq yazdıqları və nəşr etdirdikləri «Xarici ölkələrin dövlət və hüquq tarixi» və «Müasir dövlət və hüquq tarixi» dərslikləri ayrı-ayrı dünya ölkələrinin dövlət və hüququnun onların tarixi prosesləri və siyasi hadisələri ilə qarşılıqlı əlaqədə öyrənilməsini, xarici ölkələrin dövlətçiliyinin və hüquq sisteminin təşəkkülü və inkişaf prosesinin onların bütövlükdə müxtəlifliyi, mürəkkəbliyi və ziddiyyətləri ilə həmahəng tədqiq olunmasını ehtiva edir. Dərsliklərin əhəmiyyətini artıran ən ümdə cəhətlərdən biri onların əhatəliliyi, dolğunluğu və qoyulan məsələlərin yeniliyi, əksəriyyətinin ilk dəfə işıqlandırılması nöqteyi-nəzərindən tələbələrlə yanaşı, elmi və təcrübi işçilər, həmçinin geniş oxucu kütləsi üçün dərin maraq kəsb edə biləcək zəruri kitablar olmasıdır.
X.C.İsmayılov tərəfindən respublikada ilk dəfə «Azərbaycanın dövlət və hüquq tarixi» fənni üzrə dərslik hazırlanaraq nəşr olunmuşdur. Dərslikdə qədim dövrlərdən indiyə qədər Azərbaycanda mövcud olmuş dövlət-hüquqi proseslər tam şəkildə əks etdirilmiş, mövzuların məzmun və mahiyyəti geniş və əhatəli şəkildə ifadə edilmişdir. Dövlət-hüquqi proseslərin formalaşması və inkişafı baxımından dərslikdə mövzular müəyyən dövrləşmə süzgəcindən keçirilmişdir. Proqrama müvafiq olaraq dərslikdə də bütün mövzular iki böyük hissədə cəmlənmişdir. Birinci hissə Azərbaycan ərazisində ilk dövlətlərin və ilkin hüququn yaranmasından başlamış 20-ci əsrin əvvəllərinə qədər olan mərhələni, dərsliyin ikinci hissəsi isə 20-ci əsrin əvvəllərindən başlayaraq müasir dövrümüzə qədərki mərhələni əhatə edir.