Kafedranın tarixi

Konstitusiya hüququ kafedrası 1928-ci ildə yaradılmışdır. Kafedra 1966-cı ildən “Dövlət hüququ” kafedrası adı altında fəaliyyət göstərmişdir. 1991-ci ildən isə “Konstitusiya hüququ” kafedrası adlandırılmışdır. O zaman kafedrada dörd fənn üzrə elmi araşdırmalar həyata keçirilmişdir:

-          Sovet dövlət hüququ;

-          İnzibati hüquq;

-          Sovet quruculuğu;

-          Sovet hüququnun əsasları.

İndi isə 20-yə yaxın fənn tədris olunur. Onlardan konstitusiya hüququ, inzibati hüquq, parlament hüququ, inzibati proses, xarici ölkələrin konstitusiya hüququ, bələdiyyə hüququ, Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları fənləri bakalavr təhsil pilləsində, müqayisəli konstitusiya hüququ, müqayisəli inzibati hüquq, konstitusiya nəzarəti, informasiya hüququ, seçki sistemi, parlament hüququ, inzibati məsuliyyət, konstitusion məsuliyyət, bələdiyyə hüququnun müasir problemləri, dövlət qulluğu, konstitusiya quruluşunun əsasları fənləri və s. magistratura təhsil pilləsində tədris olunur.

Hazırda Konstitusiya hüququ kafedrasında professorlar Ziyafət Abbas oğlu Əsgərov, Əli Heydər oğlu Rzayev, dosentlər – Ramil Mahir oğlu Aslanov, Nəsib Heybət oğlu Şükürov, Sübhan Fərmayıl oğlu Əliyev, Fuad Mikayıl oğlu Məhərrəmov, Rövşən Rəhim oğlu İsmayılov, Ceyhun Yasinəli oğlu Qaracayev, baş müəllimlər – Qulamhüseyn Surxay oğlu Əlibəyli, Elşad Haqverdi oğlu Nəsirov, müəllimlər – Şiraslan Teymur oğlu Usubov, Leyla Şahin qızı Əliyeva, Aytəkin Nazim qızı İbrahimova, Pərvanə Arif qızı Rzayeva, Yunis Dilqəm oğlu İsmayılov, baş laborant Şərqiyə Şirvan qızı Mirzəyeva çalışır.

Kafedranın yaranmasında və inkişafında əməkdar hüquqşünas, mərhum professor Murtuz Nəcəf oğlu Ələsgərovun əvəzsiz rolu olmuşdur. O, 1965-ci ildən 2012-ci ilədək kafedraya rəhbərlik etmişdir. 200-dən artıq elmi əsərin, onlarla monoqrafiyanın və dərs vəsaitinin müəllifi olmuşdur. O, Beynəlxalq Hüquq Assosiasiyasının, Respublika Hüquqşünaslar İttifaqı İdarə Heyətinin, Respublika Prokurorluğu və Ali Məhkəməsinin Elmi Məsləhət şuralarının üzvü vəzifələrini daşımışdır. Azərbaycanda hüquq elminin və təhsilin inkişafındakı böyük xidmətlərinə görə Y.Məmmədəliyev adına mükafata layiq görülmüşdür. Prof. M.N.Ələsgərovun elmi rəhbərliyi ilə 50-dən çox hüquq üzrə fəlsəfə doktoru və 3 elmlər doktoru hazırlanmışdır.

Tanınmış alim Murtuz Ələsgərov həm də görkəmli dövlət xadimi idi. O, Yeni Azərbaycan Partiyasının sədr müavini, Partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvü olmuş, 4 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, II və III çağırış Milli Məclisin sədri seçilmişdir. “İstiqlal” ordeni, o cümlədən Müstəqil Dövlətlər Birliyinin «Содружество» ordeni və s. ali dövlət mükafatları ilə təltif olunmuşdur.

2013-cü ildən kafedraya professor Ziyafət Əsgərov rəhbərlik edir. Z.A.Əsgərov 100-ə yaxın elmi əsərin, o cümlədən “Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusu” adlı monoqrafiyanın, “Konstitusiya hüququ”, “Azərbaycanın dövlət və hüququnun əsasları”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” və s. dərsliklərin müəllifidir. Z.Əsgərov 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyasını işləyib hazırlayan işçi qrupunun üzvü olmuşdur. Z.A.Əsgərov Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə  təltif edilmişdir. Tanınmış hüquqşünas-alim Z.A.Əsgərov həm də dövlət xadimdir. Z.A.Əsgərov dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Hazırda Milli Məclis sədrinin birinci müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədridir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Z.A.Əsgərov Azərbaycan Respublikası Milli Məclisinin NATO Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvü kimi də geniş ictimai fəaliyyət göstərir.

Konstitusiya hüququ kafedrası Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə işgüzar əlaqələr saxlayır, milli qanunvericilik sisteminin formalaşdırılmasında yaxından iştirak edir. Yazılan elmi-tədqiqat işlərində verilən təkliflər bir sıra yeni qanunlarda nəzərə alınır. Kafedranın əməkdaşları beynəlxalq və respublika miqyaslı elmi tədbirlərdə, konfrans və seminarda müntəzəm iştirak edir, respublikamızda hüquq islahatının həyata keçirilməsi ilə bağlı tədbirlərdə yaxından fəallıq göstərirlər. Təkcə son illər ərzində kafedranın 7 doktorantı fəlsəfə doktoru, dosent R.M.Aslanov isə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə etmişlər.