Kriminalistika laboratoriyası

Hüquq fakültəsində 1948-ci ildə Kriminalistika fənninin tədrisi başlanması Kriminalistika və məhkəmə ekspertizası kafedrasının nəzdində Kriminalistika laboratoriyasının fəaliyyətinin zəruriliyini şərtləndirmişdir. Məhz həmin ildən etibarən Kriminalistika laboratoriyası fəaliyyətə başlamışdır. Kriminalistika laboratoriyasında trasoloji izlərin (əl, ayaq, nəqliyyat vasitələri, sındırma alət və vasitələri) aşkar edilməsi, qeyd edilməsi və götürülməsi; daktiloskopik qeydiyyatın aparılması; istintaq hərəkətlərinin aparılması zamanı kriminalistik fotoqrafiyanın tətbiqi; məhkəmə ekspertizasının təyin edilməsi və aparılması və s. kimi məsələlərin öyrənilməsi həyata keçirilir. Tələbələr laboratoriyada sübutların yaranma qanunauyğunluqları, onların aşkar edilməsi, qeyd olunması, götürülməsi, qablaşdırılması, saxlanılması, tədqiqi, qiymətləndirilməsi və əldə edilən nəticələrdən istintaqın bu və ya digər hallarının araşdırılmasında istifadə edilməsi problemləri üzrə təcrübə mübadiləsi aparır, onların sınaqdan keçirilməsi məsələlərini öyrənirlər. Laboratoriyada aparılan təcrübi işlərin əsas məqsədi tələbələrin tədrisdə aldıqları nəzəri biliklərinin möhkəmləndirilməsi, yoxlanılması, təcrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsindən ibarətdir.

Kriminalistika laboratoriyasına müxtəlif dövrlərdə Bilal Zeynalov, Rasim Mirzəzadə, İlham Mirzəyev, Yaqub Şamayev, Akif Babayev, Mübariz Mustafayev və Nərgiz Abasova rəhbərlik etmişlər. 2008-ci ildən laboratoriya müdiri Nəriman Hüseynovdur.