Kafedranın tarixi

Universitetdə Hüquq fakültəsi nəzdində Mülki hüquq kafedrası 1928-ci ildə təsis edilmişdir. O dövrdə kafedraya prof. V.N.Dyakov rəhbərlik etmişdir. 1937-1952-ci illərdə Mülki hüquq kafedrasına görkəmli hüquqşünas alim, mülki hüquq elminin inkişafında misilsiz xidmətləri olmuş, 1936-1952-ci illərdə Hüquq fakültəsinin dekanı işləmiş prof. Qasım Cəfərov rəhbərlik etmişdir. Sonradan kafedraya 30 ildən artıq müddətdə h.e.d., prof. Əziz İsmayıl oğlu Əsədov rəhbərlik etmişdir. Bu dövrdə mülki hüquq profili üzrə elmi-pedaqoji kadrların hazırlanmasında, tədris-metodiki işlərin təkmilləşdirilməsində, elmi-tədqiqat işlərinin təşkilində, respublikada yeni mülki hüquq qanunvericiliyinin hazırlanmasında prof. Ə.İ.Əsədovun xüsusi xidmətləri olmuşdur. Ə.İ.Əsədovun rəhbərlik etdiyi dövrdə kafedra əməkdaşları tərəfindən azərbaycan və rus dillərində bir sıra monoqrafiyalar, dərs vəsaitləri, dərsliklər və 450-dən çox elmi məqalələr çap edilmişdir. 1990-2003-cü illərdə kafedraya prof. Y.Ə.Mehdiyev rəhbərlik etmişdir. Prof. Y.Ə.Mehdiyevin elmi məqalələrinə keçmiş SSRİ məkanında və hazırkı dövrdə nəşr edilmiş dərsliklərdə və monoqrafiyalarda geniş istinad edilmişdir.

2007-ci ildən kafedraya müdir əvəzi vəzifəsini dos. R.S.Dünyamalıyeva həyata keçirmişdir. 2011-ci ildən indiyə qədər kafedraya prof. M.D.Dəmirçiyeva rəhbərlik edir.

Kafedra hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: professor Məhəbbət Dəyirman qızı Dəmirçiyeva, dosentlər İbrahim Əli oğlu Vəliyev, Rzaqulu Əhməd oğlu Bayramov, Azad Sabit oğlu Talıbov, Sərvər Süleyman oğlu Süleymanlı, Firuzə Fuad qızı Mirzəyeva, Şükür Məhəmməd oğlu Yusifov, müəllimlər – Akif Salman oğlu Rəsulov,Ülkər Asif qızı Əkbərli, baş laborantlar – Bəsti Zülfüqar qızı Əyyubova və Firuzə Müzəffər qızı Qafulova.

Mülki hüquq kafedrasında 1969-1975-ci illərdə “Azərbaycanda mülki hüququn meydana gəlməsi”, 1976-1980-cı illərdə “Sovet mülki hüququ və prosesinin problemləri”, 1981-1985-ci illərdə “Əmək münasibətlərinin aktual məsələləri”, 1986-1990-cı illərdə “Öhdəlik hüququnun problem məsələləri”, 1991-1995-ci illərdə “Bazar iqtisadiyyatına keçid dövründə mülki hüquq elmi. İctimai münasibətlərin mülki hüquqi tənzimlənməsi”, 1995-1999-cu illərdə “Bazar iqtisadiyyatına keçid dövründə öhdəliklərin ayrı-ayrı növləri”, 2000-2005-ci illərdə “Bazar iqtisadiyyatına keçid şəraitində mülki hüququn problemləri”,  2006-2008-ci illərdə “Vətəndaşların və sahibkarların hüquq və mənafelərinin müdafiəsində mülki-hüquqi vasitələrin rolu”, 2009-2014-cü illərdə isə “Vətəndaşların və sahibkarların əmlak hüquq və mənafelərinin mülki hüquqi müdafiəsi” mövzularında elmi-tədqiqat işləri aparılmışdır. Hal-hazırda isə “Azərbaycanda mülkiyyət münasibətlərinin hüquqi tənzimlənməsi problemləri” mövzusunda elmi araşdırma davam etdirilir.

Hazırda ali məktəblərdə təhsilin yenidən qurulması ilə bağlı yeni tədris planına uyğun olaraq kafedrada bakalavr və magistratura təhsil pillələri uçun tədris proqramları və metodik vasitələr hazırlanıb nəşr edilmişdir. Kafedranın əməkdaşları tərəfindən son illərdə aşağıdakı dərslik, dərs vəsaiti və monoqrafiyalar çap edilmişdir: M.D.Dəmirçiyevanın “Uşaqların tərbiyəsində valideynlərin hüquq və vəzifələri”, «Брачный договор», “Mülki məhkəmə icraatı. Ayrı-ayrı kateqoriya mülki işlərə baxılmasının prosessual xüsusiyyətləri” dərs vəsaitləri, “Ailə hüququ” dərsliyi, «Правовые проблемы имущественных отношений супругов» monoqrafiyası; İ.Ə.Vəliyevin «Основные формы залога в историческом развитии и проблемы залога недвижимости в современных условиях» dərs vəsaiti; A.S.Talıbovun «Проблемы гражданской ответственности и мер защиты за внеждоговорное нарушение авторских и смежных прав» dərs vəsaiti; F.F.Mirzəyevanın «Актуальные правовые вопросы регулирования брачно-семейных отношений с участием иностранцев и лиц без гражданства в контексте международной унификации права» monoqrafiyası; Ş.M.Yusifovun “Azərbaycan Respublikası mülki hüququnda müqavilə azadlığı prinsipi” monoqrafiyası və s.

Mülki hüquq kafedrasında elmi kadrların hazırlanması sahəsində də xeyli işlər görülmüşdür. Təkcə son beş ildə kafedranın əməkdaşlarından üç nəfəri fəlsəfə doktoru dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir (A.S.Talıbov, F.F.Mirzəyeva, Ş.M.Yusifov). Kafedrada hazırda 20-də yaxın doktorant elmi-tədqiqat işləri həyata keçirir.