Mülki Hüquq kafedrasının Proyekti

                     Bakı Dövlət Universitetində Kommersiya Hüququ üzrə LL.M. Proqramı

 

Bakı Dövlət Universitetinin Kommersiya Hüququ üzrə LL.M. Proqramı tələbələri beynəlxalq biznes dünyasında karyeraya hazırlayan unikal və innovasiya ilə dolu bir proqramdır.

 

Kommersiya Hüququ üzrə iki illik magistratura proqramını bitirdikdən sonra, tələbələr qlobal biznes bazarında hüquqşünaslardan tələb olunan bilik və praktik bacarıqlara malik olurlar.

 

Proqram fənləri biznes və ticarətə dair başlıca məsələləri müqayisəli şəkildə öyrədir. Tələbələr sadəcə hüququn nə olduğunu deyil, həm də onun Azərbaycan, Avropa və ABŞ-da biznes işlərinə və mübahisələrə hansı qaydada tətbiq olunduğunu öyrənirlər. Bundan başqa, tələbələr hərtərəfli analitik bacarıqlarını, düzgün hüquqi yazı vərdişlərini, mükəmməl hüquqi İngilis dilini, mübahisələrin alternativ həlli üsulları üzrə təcrübəni və beynəlxalq və müxtəlif mədəniyyətli kontekstlərdə işləmə bacarıqlarını inkişaf etdirirlər.

 

Ən əhəmiyyətlisi ondan ibarətdir ki, Proqramın müəllimləri kommersiya hüququ sahəsində öz karyeralarını qurduqlarına görə tələbərə əvəzolunmaz yardım göstərirlər. Bütün müəllimlər Azərbaycanın ən məşhur hüquq firmaları, neft konsernləri, bank və biznes sahələrində fəaliyyət göstərən hüquqşünaslardır. Onlar bank və ya vergi hüququ kimi sahələrdə sadəcə dərs demirlər, eyni zamanda həmin sahələrdə gündəlik işləyirlər. Beləliklə, müəllimlər tələbələrin hüquq nəzəriyyəsi və iş yerindəki reallıq arasında olan fərqi anladıqlarını təmin edirlər.

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Amerika Hüquqşünaslar Assosiasiyası vasitəsilə Kommersiya Hüququ üzrə LL.M. Proqramının inkişafında, təlim və seminarların keçirilməsində, tələbələr üçün illik kommersiya hüququ üzrə intensiv İngilis dili kurslarının aparılmasında, dərslik və materialların alınmasında, tələbələr üçün karyera seçimində, o cümlədən təcrübə keçmək üçün müraciət edərkən yardımın göstərilməsində öz dəstəyini təmin edir.

 

Hər il qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələr təhsil haqlarından azad olunurlar. Kommersiya Hüququ üzrə LL.M. Proqramını bitirən bütün məzunlar Bakı Dövlət Universitetindən ixtisas dərəcəsini alırlar.

 

 

 

Bu Proqramın özəlliyi nədədir?

 

Kommersiya Hüququ üzrə LL.M. Proqramı hüquq və ya beynəlxalq hüquq sahəsində nəzəri təhsil ilə qlobal biznes mühitindəki gələcək karyera arasında körpü rolunu oynayır.

 

Universitetin genişlənməkdə olan Kommersiya Hüququ kitabxanasının İngilis dilli kitablarından faydalanaraq dərslər tamamilə İngilis dilində aparılır.

 

Proqramın müəllimləri öz sahəsində peşəkar olan, biznes dünyası ilə yaxından tanış olan və beynəlxalq təcrübəyə malik mütəxəssislərdir.

 

Hər bir kurs yeni və dəyişkən biznes dünyasının, xüsusilə beynəlxalq arenada uğur qazanmağın praktik bacarıqlarının öyrədilməsini əhatə edir.

 

Proqrama hüquq və beynəlxalq hüquq fakültələrinin həm Azərbaycan, həm də Rus bölmələrinin məzunları sənəd verə bilərlər.

 

LL.M. nədir?

 

LL.M. (Hüquq üzrə Magistratura) kommersiya hüququ kimi konkret hüquq sahəsində beynəlxalq səviyyədə tanınan yüksək ali təhsil pilləsidir.

 

Fənlərin siyahısı

 

§       Müqavilə hüququ

§       Korporativ hüquq

§       Beynəlxalq biznes əqdləri

§       Bank hüququ

§       Mübahisələrin alternativ həlli

§       Əqli mülkiyyət hüququ

§       Vergi hüququ

§       Antiinhisar hüququ

§       Daşınmaz əmlak və girov

§       Beynəlxalq xüsusi hüquq

§       Hüquq elminin müasir problemləri

§       Hüquqi yazı və tədqiqatlar

§       Hüquqi İngilis dili

§       Hüquqşünaslar üçün biznesin əsasları

§       Biznesin maliyyələşdirilməsi

§       Korporativ maliyyə

§       İnsan hüquqları

§       Elm və təhsildə kompüter texnologiyası

§       Ali məktəb pedaqogikası

§       Hüquq psixologiyasının aktual problemləri

 

 

Tələbələrə fənlər Proqramın birinci, ikinci və üçüncü semestrlərində tədris olunur.

 

Son semestrdə tələbələr müvafiq sahə üzrə mütəxəssisin nəzarəti altında magistr dissertasiyaları üzərində işləyirlər.