Kafedranın tarixi
1985-ci ildə “Mülki proses və maliyyə hüququ” kafedrası yaradılmışdır. 1986-cı ildən 1991-ci ilədək kafedraya h.e.d., prof. Məmməd Xələfov rəhbərlik etmişdir. 1990-cı ildə “Əmək, kənd təsərrüfatı və təbiəti mühafizə hüququ” kafedrası “Mülki proses və maliyyə hüququ” kafedrasına birləşdirildiyindən kafedra “Mülki proses və əmək-ailə hüququ” kafedrası adlandırılmışdır. 1991-ci ildən 2000-ci ilədək kafedraya prof. Arif Cəmil oğlu Abasquliyev rəhbərlik etmişdir. Sonralar kafedranın adında qismən dəyişiklik edilərək ”Mülki proses, əmək və ekologiya hüququ” adlandırılmış və 2011-ci ilin iyul ayınadək bu ad altında fəaliyyət göstərmişdir. 2011-ci ildə “Mülki proses, əmək və ekologiya hüququ” və “Mülki hüquq” kafedralarının bazası əsasında “Mülki proses və kommersiya hüququ” kafedrası yaradıldığından və mülki-prosessual hüquq fənninin tədrisinin yeni yaradılmış kafedraya keçirilməsi ilə əlaqədar olaraq “Mülki proses, əmək və ekologiya hüququ” kafedrasının adı dəyişdirilərək “Əmək və ekologiya hüququ” adlandırılmışdır.
2001-ci ildən 2002-ci ilədək kafedra müdiri h.f.d., dosent Mövsüm Allahverdi oğlu Mövsümov olmuşdur. 2002-ci ildən kafedraya h.e.d., prof. Alış Məmiş oğlu Qasımov rəhbərlik edir. Hazırda kafedra aşağıdakı tərkibdə fəliyyət göstərir: professorlar – Alış Məmiş oğlu Qasımov, Mayis Nəbi oğlu Əliyev, Zahid İsa oğlu Cəfərov, Əbülfəz İbrahim oğlu Hüseynov, dos. Lalə Hacıbala qızı Ələsgərova, müəllim Mahir Oqtay oğlu Əliyev, böyük laborantlar Fəridə Məmmədəli qızı Əliyeva və Vüsalə Arif qızı Musazadə.
Kafedra üzrə bakalavr təhsil pilləsində əmək hüququ, ekologiya hüququ, sosial təminat hüququ, torpaq hüququ, aqrar hüquq, magistratura təhsil pilləsində isə əmək mübahisələri və onların həlli qaydası, sosial təminat hüququnun problemləri və təbii ehtiyatlar hüququ kimi fənlər tədris olunur. Müxtəlif illərdə kafedrada görkəmli hüquqşünas alimlər prof. Məmməd Xələfov, prof. Qasım Manayev, prof. Məmmədxan Rəsulov, prof. Arif Abasquliyev, dos. Mehdi Mehdiyev, dos. Zubeyir Sadıqov, dos. Mövsüm Mövsümov, dos. Afət Mirzəyeva və b. dərs aparmışlar.
Kafedrada elmi kadrların hazırlanmasına xüsusi diqqət göstərilir. Belə ki, son 10 ildə kafedranın 4 əməkdaşı (prof. A.M.Qasımov, prof. M.N.Əliyev, prof. Z.İ.Cəfərov, dos. Ə.İ.Hüseynov) doktorluq və dos. L.H.Ələsgərova fəlsəfə doktoru dissertasiyaları müdafiə etmişlər. Hazırda kafedranın 10-dan çox doktorantı və dissertantı müvafiq elmi tədqiqat işlərinə dair araşdırma aparırlar.
Kafedra əməkdaşları tərəfindən hər il təsdiq olunmuş elmi-tədqiqat işlərinin planına uyğun olaraq elmi-tədqiqat işləri aparılır. Kafedranın elmi istiqamətləri aşağıdakılardır:
- kollektiv əmək mübahisələrinin hüquqi tənzimlənməsi problemləri;
- pensiya təminatı sisteminin hüquqi tənzimlənməsi problemləri;
- istirahət vaxtının hüquqi tənzimlənməsi problemləri;
- əmək hüququnun vahidliyi və diferensiasiyası problemləri;
- əmək hüququnda məsuliyyət problemləri və s.
Kafedra əməkdaşlarından prof. A.M.Qasımov, prof. M.N.Əliyev, prof. Z.İ.Cəfərov, dos. L.H.Ələsgərova dəfələrlə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun iclaslarında ekspert qismində iştirak etmiş və müzakirə olunan məsələlərə dair rəylər vermişlər. Kafedra əməkdaşları müntəzəm olaraq Türkiyə Respublikasında, Rusiya Federasiyasında, Ukraynada və Belarus Respublikasında keçirilmiş beynəlxalq elmi tədbirlərdə fəal iştirak etmiş, habelə xarici ölkələrdəki nüfuzlu elmi jurnallarda məqalələrlə çıxış etmişlər.