Son illər ərzində Hüquq fakültəsində insan hüquqları sahəsində ixtisaslaşmış mütəxəssislər hazırlanmış, bir sıra dərslik və dərs vəsaitləri nəşr edilmişdir. Belə ki, artıq 5 ildir ki, əvvəlcə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində, 2011-ci ildən isə Hüquq fakültəsində “İnsan hüquqları” ixtisaslaşması üzrə magistr hazırlığı həyata keçirilir. Yuxarıda qeyd olunanların nəticəsi olaraq 2013-cü ildə Hüquq fakültəsində İnsan hüquqları kafedrası yaradılmışdır. Kafedranın yaradılmasından dərhal sonra onun YUNESKO kafedrası adlandırılması ilə bağlı Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasına müraciət edilmişdir. Komissiya BDU-da YUNESKO statuslu kafedranın açılması təklifinə müsbət yanaşmışdır. Hazırda kafedra İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrası adı altıda fəaliyyət göstərir. Yarandığı andan etibarən kafedraya h.e.d., professor Əmir İbrahim oğlu Əliyev rəhbərlik edir.
Hazırda kafedrada 3 ştat müəllim, 7 əvəzçi və 10-dan çox saathesabı müəllim çalışır. Kafedraya daim nüfuzlu xarici ali təhsil müəssisələrini müvəffəqiyyətlə bitirən gənc mütəxəssislər cəlb edilir. Kafedra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatı və AMEA Hüquq və İnsan Haqları İnstitutu ilə sıx əməkdaşlıq edir.
Kafedra aşağıdakı tərkibdə fəaliyyət göstərir: h.e.d., professor Əmir İbrahim oğlu Əliyev, hüquq üzrə fəlsəfə doktorları – Nigar Ələddin qızı Ələkbərova, Gülnaz Rəfail qızı Ələsgərova, Daşqın Məcid oğlu Qənbərov, Pərvanə Adilxan qızı Bayramova, Bəhruz Abdurrəhman oğlu Məhərrəmov, Zaur Hümbət oğlu Əliyev, Nigar Hüseyn qızı Kələntərli, Elnur Akif oğlu Hümbətov və baş laborant Şəhrəbanu İbrahimova.
Hazırda insan hüquqları fənni bakalavr səviyyəsində hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya və digər fakültələrdə tədris olunur. Magistratura pilləsində “İnsan hüquqları”, “Beynəlxalq hüquq”, “Transmilli cinayət hüququ” ixtisaslaşmalarında tədrisi həyata keçirilir. 2016/2017-ci tədris ilində magistratura tədris pilləsində əsas etibarilə İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının bazasında tədrisi həyata keçirilən “İnformasiya hüququ” üzrə yeni ixtisaslaşma açılmışdır. Magistratura səviyyəsində “İnsan hüquqlarının Avropa sistemi”, “Beynəlxalq insan hüquqları hüququ (nəzəriyyə)”, “Gender və uşaq hüquqları”, Beynəlxalq insan hüquqları hüququ (praktika)”, “İnsan hüquqlarının iqtisadi aspektləri”, “Beynəlxalq insan hüquqlarının ekoloji aspektləri”, “İnsan hüquqları və informasiya azadlığı”, “Ayrı-ayrı qrupların hüquqları”, “Beynəlxalq insan hüquqları və qeyri-hökumət təşkilatları”, “Miqrant və qaçqınların hüquqları”, “Beynəlxalq insan hüquqları və humanitar hüquq normaları”, “İnsan hüquqları sahəsində milli fəaliyyət”, “İnkişaf və sosial hüquqlar”, “İnsan hüquqlarının beynəlxalq hüquqi müdafiəsinin aktual problemləri”, “İnsan alverinə qarşı beynəlxalq və milli mübarizə”, “Müasir beynəlxalq hüquqda əhali və miqrasiya problemləri”, “İnformasiya hüququ: nəzəriyyə və təcrübə”, “İnformasiya hüququnun beynəlxalq aspektləri”, “İnformasiya cəmiyyəti, hüquq və insan hüquqları” və s. kimi 20-dən çox fənn tədris olunur.
İnsan hüquqları kafedrasının az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, kafedra bir çox yeniliklərə imza atmışdır. Belə ki, prof. Əmir Əliyevin “İnsan hüquqları” kitabı 2013-cü ildə dərslik kimi çap edilmiş, fənnlər üzrə tədris proqramları tərtib olunmuşdur.