ŞƏRQ FAKÜLTƏSİNİN HÜQUQ ŞÖBƏSİNİN TƏŞKİLİ

Milli kadr çatışmazlığı özünü ictimai həyatın bütün sahələrində büruzə verirdi. Bununla belə hüquqşünas kadrların çatışmazlığı özünü daha kəskin şəkildə göstərirdi. Və elə bu səbəbdən də Xalq Maarif Komissarlığı ölkədə ali hüquq təhsili verən bir elm-tədris ocağının yaradılması və hüquqşünas kadrların hazırlanması məsələsinə 1920-ci illərin ortalarından başlayaraq xüsusi diqqət ayırmağa başlamışdı. Bu məsələdə respublikanın ədliyyə orqanları işçilərinin 1926-cı ilin fevralında keçirilmiş II qurultayının da böyük rolu olmuşdu. Belə ki, qurultay iştirakçıları universitetin hüquq fakültəsinin təşkil edilməsinin zəruriliyini yüksək kürsüdən bir daha bəyan etmişdilər. Qurultayda bu məsələ ilə bağlı ayrıca qətnamə də qəbul olunmuşdu. Sənəddə deyilirdi ki, qısamüddətl kurslar vasitəsilə milli hüquqşünas kadrların hazırlanması praktikası müasir tələblərə cavab verməyərək özünü doğrultmur və yalnız hüquq fakültəsinin təşkili ixtisaslı müstəntiqlər, hakimlər və məhkəmə-prokurorluq aparatı və digər orqanlar üçün işçilər hazırlanması vəzifəsini həll edə bilər.
Aydın idi ki, bu məsələ universitet çərçivəsində həll edilməli idi, çünki bunun üçün lazım olan ən böyük elmi-intellektual potensial və pedaqoji imkanlar məhz universitetdə idi. Doğrudur, o illərdə müstəqil hüquq fakültəsinin yaradılması problematik məsələ sayılırdı. Səbəb sadə və əvvəlki idi: bunun üçün lazım olan hüquqşünas kadrlar yox idi. Deməli, söhbət hansısa fakültənin tərkibində hüquq şöbəsinin yaradılmasından gedə bilərdi. Bunun üçünsə uyğun profilli fakültə lazım idi. O da yox idi. Universitetin «həmyaşıdı» olan tarix-filologiya fakültəsi belə bir baza rolunu oynaya bilərdi. O isə 1923-cü ildə ictimai elmlər fakültəsinə, ictimai elmlər fakültəsi də öz növbəsində 1924-cü ildə pedaqoji fakültəyə çevrilmişdi.
Yalnız 1922-ci il iyulun 13-də tarix-filologiya fakültəsinin şərq şöbəsi əsasında yaradılmış şərq fakültəsinin imkanlarından istifadə etmək mümkün görünürdü. Yalnız şərq fakültəsi hüquq şöbəsinin yaradılması üçün uyğun profilli qurum idi. Yuxarı direktiv orqanlar belə də etdilər. Azərbaycan K(b)P MK-nın 1927-ci ildə verdiyi göstərişə müvafiq olaraq Azərbaycan Dövlət Universiteti İdarə Heyətininvə Xalq Maarif Komissarlığı Dövlət Elmi Şurasının qərarına əsasən 1927/28-ci dərs ilində şərq fakültəsində hüquq şöbəsi fəaliyyətə başladı. Bu, Azərbaycan xalqının tarixində ilk dəfə olaraq məhkəmə və inzibati-dövlət aparatı orqanlarında çalışa bilən milli hüquqşünas kadrların hazırlanmasının başlanğıcı idi.