Azərbaycan Respublikasında Dəniz və enerji hüququ: beynəlxalq və milli perspektivlər mövzusunda beynəlxalq konfrans

24/05/2013

Bakı Dövlət Universiteti və BP şirkətinin birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycanda Enerji və Dəniz hüququ: beynəlxalq və milli perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın digər təşkilatçıları yerli hüquq şirkəti olan EKVITA və USAİD-in dəstəklədiyi Dəniz və Enerji hüququ üzrə Magistratura programı çərçivəsində ABA CEELİ İnc (ABŞ) təşkilatıdır.

Amerika Hüquqşünaslar Assosiasiyasının enerji və ətraf mühit hüququ üzrə mütəxəssis Meri Tompson konfransı açaraq məruzəçiləri təqdim etmiş və müzakirə olunacaq məsələlərin hüquqi əhəmiyyətini diqqətə çatdırmışdır.

Konfransın əsas məruzəçilərindən biri, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Riçard Morninqstar çıxış edərək bildirmişdir ki, bu tədbirdə dənizçilik və enerji məsələlərinin müzakirəsi mühüm əhəmiyyətə malikdir. Belə sahələrin artıq BDU-da tədris olunacağını vurğulayan səfir bunun təqdirəlayiq hal olduğunu demişdir. O qeyd etmişdir ki, Xəzər dənizinin statusuna və mübahisəli yataqlar üzrə bütün məsələlərə hüquqi aspektdən yanaşılmalıdır.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov isə məruzəsində neft sənayesinin vətəni olan Bakı şəhərində bu cür konfransın ilk dəfə keçirildiyini diqqətə çatdırmışdır. O demişdir ki, konfransda çıxış etmək üçün biz çoxsaylı yerli və beynəlxalq mütəxəssislər dəvət etmişik. Çox məmnunuq ki, konfrans iştirakçıları arasında enerji və dənizçilik hüququ sahəsində ixtisaslaşmış yerli və beynəlxalq şirkətlərin, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri də vardır. Azərbaycanın neft-qaz siyasəti və “Əsrin müqaviləsi” çərçivəsində görülən işlərdən, qazanılan nailiyyətlərdən bəhs edən rektor bildirmişdir ki, əldə olunan razılığa əsasən, BDU da ABŞ-ın Tuleyn Universiteti ilə birgə gələn tədris ilindən dəniz və enerji hüququ üzrə mütəxəssislər hazırlanacaqdır. Məqsədimiz odur ki, dünyada az sayda olan belə bir elmi məktəbi Azərbaycanda da yaradaq.

BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev isə “Hüququn yeni bir istiqaməti kimi dəniz və enerji hüququnun inkişafı: tarixi aspektlər, dünya dövlətlərinin praktikası və Azərbaycan Respublikası” mövzusunda çıxış edərək bildirdi ki, dünya nə qədər sürətlə inkişaf etsə və nə qədər inteqrasiyaya məruz qalsa, yeni problemlər ortaya çıxaraq yeni istiqamətlərin müzakirəsinə başlayacağıq. Onun sözlərinə görə, belə istiqamətlərdən biri də hüququn yeni bir istiqaməti kimi dəniz və enerji hüququnun inkişafıdır. Hazırda Hüquq fakültəsinin bakalavr pilləsində dəniz və enerji hüququ üzrə seçmə fənlərin tədris olunduğunu deyən Ə.Əliyev növbəti tədris ilindən bu sahə üzrə magistr hazırlığı aparılacağını qeyd etdi: “Hesab edirəm ki, bu istiqamət çox uğurlu nəticələrə gətirib çıxaracaq. Belə ki, bu sahədə təhsildə Amerika və Qərb modelinin formalaşması eyni zamanda həmin dövlətlərlə əməkdaşlıq formalarının və xüsusiyyətlərinin inkişafına, daha sonra elmi məktəblərin formalaşmasına və inkişafına gətirib çıxaracaq”.

Konfransda müzakirə edilən digər məsələlərə hasilatın pay bölgüsü haqqında sazişlərin icrası və həyata keçirilməsində hüquqi və vergi aspektləri, enerji sahəsində investisiya mübahisələrinin həlli və s. daxildir.

Bookmark and Share