Bakı Dövlət Universiteti Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatı tərəfindən "Beynəlxalq Cinayət Məhkəməsi: Tərkibi, Strukturu və Yurisdiksiyası" adlı onlayn elmi-praktik tədbir keçirilmişdir
12/03/2021
11 mart 2021-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatı tərəfindən "Beynəlxalq Cinayət Məhkəməsi: Tərkibi, Strukturu və Yurisdiksiyası" adlı onlayn elmi-praktik tədbir keçirilmişdir. Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadə tədbir iştirakçılarını salamlayaraq, tədbiri açıq elan etmişdir. Müasir beynəlxalq hüququn yaranması və inkişafı nəticəsində beynəlxalq cinayət hüququ beynəlxalq hüququn ayrıca bir institutu kimi formalaşdığını qeyd edən Firavan Əlizadə Beynəlxalq cinayət hüququnun beynəlxalq cinayətlərin qarşısının alınmasında və cinayətkarların cəzalandırılmasında beynəlxalq hüquqa mühüm töhfə verdiyini vurğulamış, bunu beynəlxalq cinayətlərə görə fiziki şəxslərin məsuliyyətini müəyyən edən və ad hoc qaydasında fəaliyyət göstərən Nürnberq, Tokio, Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nümunələrində görmək mümkünlüyünü diqqətə çatdırmışdır. Tədbirdə fakültənin tələbələri Tural Həsənov, Gülsüm Hacıyeva, Siyavuş Bağırov, Rüstəm Əzimzadə, Cavid Mirzəzadənin "Hüquq pozuntusu anlayışı", "Dövlətin cəza tədbirləri", "Cəzanın tətbiq olunmasına tarixi baxış", "Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması və fəaliyyəti" , "Müharibə cinayətlərinə görə məsuliyyətin müəyyən edilməsi", "Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər və məsuliyyət tədbirləri" mövzularında təqdimatları baş tutmuşdur. Çıxışlarda cəmiyyətə qarşı "hüquq pozuntusu"na aydınlıq gətirilmiş, "cəza" anlayışına hüquqi və tarixi aspektdən yanaşılmış, ibtidai icma quruluşundan XXI əsrə qədər cəza metodları və prinsipləri sadalanmışdır. Beynəlxalq Cinayət Məhkəməsinin yaranma tarixi haqqında geniş məlumat verilərək, Məhkəmənin yurisdiksiyasına daxil olan məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Tədbirdə tələbələrin hazırladıqları təqdimatlar nümayiş olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışı, məqsəd və növlərindən bəhs edən müvafiq maddələri nəzərdən keçirilərək müzakirə olunmuşdur. Qeyd etmək istərdik ki, məhz 11 mart 2003-cü il tarixindən etibarən Beynəlxalq Cinayət Məhkəməsi fəaliyyətə başlamışdır.
