Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən "Birləşmiş Millətlər Təşkilatı: yaranması, prinsipləri, iş mexanizmi" adlı onlayn elmi-praktiki tədbir keçirilmişdir.
02/03/2021
02.03.2021-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən "Birləşmiş Millətlər Təşkilatı: yaranması, prinsipləri, iş mexanizmi" adlı onlayn elmi-praktiki tədbir keçirilmişdir. Tədbirdə Hüquq fakültəsinin Sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimova açılış nitqi ilə çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışmış, ötən 29 ildə Azərbaycan-BMT münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini, ölkəmizin dünyanın ən mötəbər beynəlxalq qurumunun ali kürsüsündən xalqımızın haqq səsini kifayət qədər ucadan səsləndirməyə nail olduğunu vurğulamışdır. Tədbirdə qonaq qismində iştirak edən Hüquq klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynov Birləşmiş Millətlər Təşkilatının məqsədləri, prinsipləri, əsas orqanları haqqında məlumat vermiş, Azərbaycanın BMT-yə üzvlüyü haqqında məlumatları tələbələrin diqqətinə çatdırmışdır. Daha sonra Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadənin moderatorluğu ilə Fakültənin tələbələri Vahid Alıyev, Tural Həsənov, Səyad Ələkbərov, Siyavuş Bağırov, Rüstəm Əzimzadə və Ləman Alməmmədovanın təqdimatında "BMT-nin sələfi- Millətlər Cəmiyyəti və onun uğursuzluğu", "BMT-nin yaradılması səbəbləri", "BMT-nin iş mexanizmi və prinsipləri", "BMT Soyuq Müharibə dövründə və hal-hazırda tarazlaşdırıcı qurum kimi", "BMT-nin nəznində ixtisaslaşmış təşkilatlar", "BMT və Azərbaycan əlaqələri" mövzularında çıxışlar baş tutmuşdur. Çıxışlarda Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan münasibətlərinin həm xronoloji aspekti, həm də konkret nəzəri tərəfləri təhlil edilmişdir. Qeyd etmək istərdik ki, 1992-ci il martın 2-si Azərbaycanın diplomatiya tarixində yeni bir səhifə açmışdır. Məhz bu tarixdə müstəqil dövlətimiz beynəlxalq birliyin tamhüquqlu üzvü olmuşdur.
