Bakı Dövlət Universitetində Böyük Elmi Şuranın cari tədris ili üçün sonuncu iclası
09/07/20139 iyul 2013-cü il tarixində Bakı Dövlət Universitetində Böyük Elmi Şuranın “İlin Hesabatı” adlı genişləndirilmiş iclası keçirilmişdir. Iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
- 2012-2013-cü tədris ilinin yay imtahan sessiyasının nəticələri barədə hesabat
- 2012-2013-cü il yay tədrisi və istehsalat təcrübələrinin keçirilməsi və yay məktəbi barədə
- Hüquq fakültəsinin dekanı professor Əmir Əliyevin hesabatı
- Quba tədris istirahət bazası
- Cari məsələlər
Rektor, akademik Abel Məhərrəmov çıxışında Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən və bu sahənini inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.
Hüquq fakültəsinin dekanı professor Əmir Əliyevin fakültə barədə 2011-2012 və 2012-2013-cü tədris illəri üçün ikiillik hesabatı iclasın gündəliyində duran məsələlərdən idi. Professor Əmir Əliyev Hüquq fakültəsində aparılan islahatlar, xarici universitetlərlə yaradılan əməkdaşlıq, fakültənin partnyorluq əlaqələri, professor-müəllim heyətinin tərkibi, yeni yaradılan fənlər və magistratura ixtisaslaşmaları və s. barədə geniş məruzə ilə çıxış etmişdir.
Professor Əmir Əliyevin məruzəsi akademik Abel Məhərrəmov və digər Şura üzvləri tərəfindən yüksək şəkildə qiymətləndirilmişdir.
Iclasın gündəliyində duran cari məsələlərdən bir də Hüquq fakültəsində yeni bir kafedra – “İnsan hüquqları” kafedrasının yaradılması məsələsi idi. Bu məsələ iclasda müzakirə edilmiş və Şuranın üzvlərinin yekdil razılığı ilə qəbul edilmişdir.
Iclasda professor Əmir Əliyev tədris ilinin yekunları üzrə «İlin dekanı» seçilmiş və mükafatlandırılmışdır.
“Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının müdiri, AMEA-nın müxbir üzvi, hüquq elmləri doktoru, professor Məsumə Məlikova «İlin müəllimi» müsabiqəsinin qalibi seçilmiş və müvafiq qaydada mükafatlandırılmışdır.
Əldə etdiyi nailiyyətlərə görə Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev başda olmaqla fakültənin bütün əməkdaşlarını, tələbələrini təbrik edir, onlara tədris prosesində və gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.
Hüquq fakültəsinin dekanlığı
