BDU Hüquq fakültəsinin müəlliminin iki kitabı çap olunub
22/09/2017Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müəllimi Elnur Aslanovun müəllifliyi ilə “Polis haqqında qanunvericiliyə və Beynəlxalq Cinayət Polisi Təşkilatının (İNTERPOL) qaydalarına dair testlər toplusu” və “Beynəlxalq humanitar hüquq (testlər toplusu)” adlı iki kitabı nəşr olunub.
Test topluları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasına ictimai dəstək məqsədi ilə hazırlanıb. Həmçinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Gənc Hüquqşünaslar Birliyi tərəfindən həyata keçirilən “Gənclərin hüquqi maarifləndirilməsində innovativ metodların vasitəsi ilə dəstək” layihəsi çərçivəsində çap olunub.
Nəşrlər gənc hüquqşünaslar, dövlət qulluğu və hüquq-mühafizə orqanlarına imtahana hazırlaşan şəxslər, habelə praktiki fəaliyyətlə məşğul olan şəxslər üçün nəzərdə tutulub.
Bununla E.Aslanovun müəllifi olduğu kitablarının sayı dördə çatıb.
![]() |
![]() |
