BDU-nun Tələbələri ELSA 63-cü Beynəlxalq Şura Toplantısında

15/04/2013

ELSA (Avropa Hüquq Tələbələri Assosiasiyası) tələbələr  tərəfindən yaradılan və idarə olunan beynəlxalq, müstəqil, qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır. Bu təşkilat ali təhsil ilə yanaşı akademik və şəxsi mükəmməllik istəyən tələbə və məzunlarından təşkil olunmuşdur. ELSA hüquqşünas tələbələrə mövcud bacarıqlarını inkişaf etdirmək, yeni bilik əldə etmək və Avropada tələbə yoldaşları və hüquq mütəxəssisləri ilə görüşmək üçün mükəmməl platforma təklif edir.

ELSA 1981-ci ildə Avstriya, Macarıstan, Polşa və Qərbi Almaniyadan olan beş hüquq tələbəsi tərəfindən yaradılıb. Bu gün ELSA dünyanın ən böyük müstəqil hüquq tələbələri assosiasiyasıdır və o Avropa üzrə 41 ölkədə 38 000-dən çox tələbə və gənc hüquqşünasın üzvlüyü ilə yanaşı 300-ə yaxın hüquq fakültəsində təmsil olunur.

ELSA fəaliyyətləri müxtəlif növ akademik və  professional tədbir və layihələrdən ibarətdir. Bunlar  həm ELSA-nın vizyonunu yerinə yetirmək, həm  üzvlərimizin şəxsi bacarıqlarının artırılması, həm də bir-biri ilə qarşılıqlı müzakirə imkanları təmin etmək məqsədilə təşkil edilir. Bundan əlavə ELSA hüquq tələbələrinə staj proqramı vasitəsilə öz bacarıqlarını inkişaf etdirmək imkanları, habelə nəşrlərdə dəstək təqdim edir.

ELSA-nın Azərbaycanda təşəbbüs qrupunun əsası bir neçə hüquq tələbəsi tərəfindən 2010-ci ilin iyununda qoyulmuşdur. Elə həmin ayda təşəbbüs qrupu tərəfindən təşkil edilən prezentasiyalardan aydın müşahidə etmək olar ki, hüquq tələbələrinin əksəriyyəti ELSA-nın Avropada təşkil olunmuş müxtəlif beynəlxalq tədbirlərində iştirak etməkdə, habelə bu təşkilatın digər üzvləri ilə möhkəm qarşılıqlı münasibətlər quraraq öz əlaqələrini genişləndirməkdə maraqlıdırlar.

Azərbaycan ELSA-nın Türkiyənin Alanya şəhərində keçirilən 58-ci Beynəlxalq Şuranın İclasında müşahidəçi üzv statusunu qazandı, beləki Azərbaycan səslərin çoxluğu ilə ELSA ailəsinə qəbul olundu və növbəti Beynəlxalq Şura İclaslarında artıq səs vermə hüququ olan nümayəndə kimi iştirak etdi.

07-14 aprel 2013 tarixində Almaniyanın Köln şəhərində növbəti, 63-cü ELSA Beynəlxalq Şurasının İclası keçirildi. Azərbaycan nümayəndə heyəti Almaniyadakı iclasda iştirak etdilər. Nümayəndə heyətimiz ikisi Bakı Dövlət Universiteti, yeddisi Prezident yaninda İdarəçilik Akademiyasının Hüquq Fakültəsinin tələbəsi olan 9 nəfərdən ibarət idi. Universitetimizi Hüquq Fakultəsinin 3-cü kurs tələbələri olan Yavər Məmmədova və Əsgər Həsənov təmsil etmişdir.

İclas böyük önəm kəsb edirdi. Beləki hər il olduğu kimi Elsa Beynəlxalq İdarə Heyətinin seçilməsi, İrlandiya, Luxemburg və Ermənistanın üzvlüyə qəbul məsələləri müzakirə olunacaqdı.

Azərbaycan qrupu seminarlarda ötən ildə ölkəmizdə həyata keçirdiyimiz layihə və tədbirlərə dair çıxış edib, hesabat vermişdir. Gündəmdə olan məsələlərə münasibət bildirilmişdir. Və Ermənistanın üzvlüyə qəbul edilməsi barədə təşəbbüsü hər nümayəndə heyətinin hər çıxışında pislənilmiş və etirazlarmızı bildirilmişdir. Bu məsələyə qardaş ölkə Türkiyənin də etirazı böyük olmuşdur. Və nəhayət aparılan təbliğat nəticəsində yekun konfransda Ermənistanın təşkilata üzvlüyü 96 səsin 76-sı əleyhinə olaraq rədd edilmişdir.

Bundan əlavə Beynəlxalq İdarə Heyətinə daxil olan yeni 9 üzv seçildi. Azərbaycan tərəfi seçkilərdə iştirak etmiş və hər məsələyə fikir bildirərək onların saf çürük edilməsinə öz fikrini bildirmişdr. Ümumiyyətlə ELSA da Azərbaycana münasibət yüksək səviyyədədir. ELSA Azərbaycanın Beynəlxalq ELSA-da olan nüfuzunun nəticəsində məhz Ermənistanın üzvlüyünü ləğv etməyə nail olundu.

Beləliklə, Azərbaycanın nümayəndə heyəti təkcə Universitetimizi deyil, Azərbaycanımızı yüksək səviyyədə təmsil edib geri qayıtmışdır.

 

 

Bookmark and Share