BDU-nun Hüquq fakültəsi əməkdaşlarının RF-nın Nalçik şəhərində keçirilmiş Beynəlxalq elmi-praktiki konfransda iştirakı
22/05/20132013-cü ilin 21-22 mayında RF-nın Nalçik şəhərində “Qafqaz xalqlarının dövlət-hüquqi inkişafının tədqiqinin metodoloji problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Bakı Dövlət Universitetinin də təşkilatçı qismində iştirak etdiyi bu konfransda BDU-nun rektoru, akademik A.M.Məhərrəmovun təbrikinin videoyazısı nümayiş etdirilmişdir. İştirakçılar və qonaqlar tərəfindən böyük hərarətlə qarşılanan təbrik nitqində Bakı Dövlət Universitetinin elm və təhsilin inkişafına verdiyi töhfə qeyd olunmuş, konfransın fəaliyyətinə önəm və diqqət ifadə edilmişdir. Hüquq fakültəsinin dekanı, prof. Ə.İ.Əliyevin “İnsan hüquqları sahəsində Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq hüquq normalarının nisbəti”, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, h.e.d., professor M.F.Məlikovanın “Azərbaycan dövlətçiliyinin inkişafında tarixilik və varislik”, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, h.f.d. X.C.İsmayılovun “XIX əsrin I yarısında Azərbaycanda dini və dünyəvi qanunvericiliyin nisbəti məsələsinə dair” məruzələri konfransın gündəliyinə daxil edilmişdir. Elmi-Praktiki Konfransda məruzə ilə çıxış edən dos. X.C.İsmayılov Azərbaycanda hüquq tarixi elminin problemlərinə toxunmuş, konkret olaraq tədqiqat obyekti olan dövrlə əlaqəli qanunvericiliyin səciyyəsini özündə əks etdirən ilkin mənbələrin xarakteristikasını önə çəkməklə, həm mövcud durum, həm də dövrün inkişafına həmin mənbələrin təsiri məsələlərindən bəhs etmişdir. Məruzə konfrans iştirakçılarında maraq doğurmuş və onlar tərəfindən qoyulan suallara əhatəli və dolğun cavablar verilmişdir.
Konfransın birinci günü 1763-1846-cı illərdə baş vermiş Rusiya-Qafqaz müharibəsinin qurbanlarının anım gününə təsadüf etdiyindən konfransın işində fasilə elan edilmiş, konfrans iştirakçıları tərəfindən müharibə qurbanlarının xatirəsi yad olunmuş və həmin şəhərdə ucaldılmış abidə ziyarət olunaraq onun önünə əklil qoyulmuşdur.
Daha sonra öz işini davam etdirən elmi-praktiki konfransın istər plenar iclasında, istərsə də dəyirmi masalarda Qafqaz xalqlarının dövlət-hüquqi inkişafı məsələlərinə həsr olunmuş müxtəlif səpgili məruzələr dinlənilmiş və məruzələr ətrafında geniş elmi müzakirələr açılmışdır. Elmi-praktiki konfransın işində iştirak edən erməni əsilli nümayəndələrdən birinin “Qədim dövrlərdə erməni hüquq abidələri” mövzusuna həsr edilmiş məruzəsindən sonra əməkdaşımız, dos. Xəyyam İsmayılov replika qaydasında izahat vermiş, adı çəkilən məruzədə Qafqaz Albaniyasının hüquq mənbələrinin erməni hüquq abidəsi kimi qələmə verilməsinin yanlışlığını və bunu sübuta yetirən dəlilləri iştirakçıların diqqətinə çatdırmışdır.
Məruzələrin və onların ətrafında aparılan elmi müzakirələrin yekunu ilə bağlı qərar edilmiş və konfransın gündəliyinə daxil edilmiş digər məsələlərlə bağlı dinləmələrə başlanılmışdır. Onların içərisində Qafqaz hüquqşünasları Assosiasiyasının inkişafı və «Qafqaz xalqlarının dövlət və hüquq tarixi dərsiliyinin hazırlanması haqqında məsələlər xüsusi maraq doğurmuş və bununla bağlı geniş fikir mübadilə edilmişdir. Konfransda iştirak edən BDU-nun dosenti, h.f.d. X.C.İsmayılov Qafqaz hüquqşünasları Assosiasiyasının üzvü seçilmişdir. Özünün çıxışında X.C.İsmayılov Azərbaycanda gedən hüquqi inkişafın xarakteri və səviyyəsi haqqında, Bakı Dövlət Universitetində elm və təhsil sahəsində görülən işlər, bütövlükdə Universitetin, o cümlədən də hüquq fakültəsinin son dövrlərdə qazandığı elmi və tədrisi nailiyyətlər, xüsusən də magistratura təhsil pilləsinin təkmilləşdirilməsi, bununla bağlı dünya ölkələrinin bir sıra aparıcı universitetləri ilə əldə edilən sazişlər və bunun da nəticəsində yeni ixtisas sahələrinin açılması, həmin ixtisaslar üzrə tədris prosesinin innovativ və proqress metodlardan istifadə olunmaqla təşkili haqqında işirakçıları ətraflı məlumatlandırmışdır. Konfrasın fəaliyyətini işıqlandıran yerli televiziya kanalına da yuxarıda qeyd olunan məsələlərlə bağlı müsahibə verən X.C. İsmayılov təmsil etdiyi universitetin, o cümlədən hüquq fakültəsinin rəhbərliyinin Qafqaz universitetləri ilə hüquq elminin və tədrisinin inkişafı sahəsində əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı niyyətlərini xüsusilə vurğulamışdır.
