BDU-nun Hüquq fakültəsinin müəllimi Rusiya Federasiyasında keçirilən konfransda iştirak edib
07/06/2017Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Martens mütaliələri – 2017: böhran və dəyişikliklər şəraitində beynəlxalq humanitar hüquq” mövzusunda XII beynəlxalq konfrans keçirilib. Bakı Dövlət Universitetini Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının müəllimi Elnur Aslanov təmsil edib. Tədbirdə beynəlxalq humanitar hüquq normalarının realizəsi kontekstində terrorçuluqla mübarizə, əhalinin sıx məskunlaşdığı yerlərdə hərbi əməliyyatların aparılması, çoxmilli əməliyyatlar və hüquq normalarının tətbiqi, silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması, beynəlxalq humanitar hüquq sahəsində təhsil və biliklərin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb. Konfrans çərçivəsində Qlazqo Universitetinin professoru, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəzalar üzrə xüsusi məruzəçisi Nils Melserin müəllifi olduğu “Beynəlxalq humanitar hüquq: ümumi kurs” adlı dərsliyin rus dilinə tərcüməsinin təqdimatı da olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının təşkilatçılığı, habelə Sankt-Peterburq Dövlət Universitetinin dəstəyi ilə keçirilən konfransın hesabat və materiallarının “Rusiyanın beynəlxalq hüquq üzrə illik məcmuəsi” adlı nəşrdə çap olunması nəzərdə tutulub.
Qeyd edək ki, konfransda müxtəlif xarici ölkələrdən məşhur alimlər, ekspertlər, ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri, habelə Beynəlxalq Cinayət Məhkəməsi, BMT Beynəlxalq Ədalət Məhkəməsi və beynəlxalq cinayət tribunallarının hakimləri iştirak ediblər.
