Bügun 26 Fevral Xocalıda Soyqırımının törədilməsindən 21 il ötür
26/02/20131992-ci ilin 26 Fevralı Azərbaycan xalqının tarixində silinməz izlər qoymuşdur. Həmin günü Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər vəhşicəsinə və amansızlıqla ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Ermənilər sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər həyata keçirmişdilər. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. "Soyqırım" anlayışının hüquqi mənası həmin Konvensiya ilə müəyyən edilmişdir. Konvensiyaya əsasən, “Soqırım” hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə,
-belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;
- belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;
- hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;
- belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;
- uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi kimi törədilmiş əməllərdir.
Soyqırım cinayətinin zəruri elementi spesifik niyyətin olmasıdır. Məhv etmək niyyəti ilə yuxarıda göstərilmiş hərəkətlərdən biri hətta bir şəxsə qarşı törədildikdə belə həmin əməl soyqırım kimi tövsif edilməlidir.
Xocalı hadisələrinin beynəlxalq sferada soyqırım cinayəti aktı kimi tanınmasının digər hüquqi əsaslarına daxildir:
-Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə 4);
- Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə 1);
- Beynəlxalq Cinayət Məhkəməsinin Statutu (maddə 6);
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103);
- Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.
