BMT Günü münasibəti ilə Hüquq fakültəsində görüş keçirilib

27/10/2017

BMT Günü münasibəti ilə Hüquq fakültəsində tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Furio De Anqelis görüşün zəruriliyindən, habelə tələbələr üçün praktiki aspektlərin aşılanmasında onun rolundan danışıb. Bakı Dövlət Universitetinin Xarici tələbələrlə üş üzrə dekanı Gülheyran Rəhimova BMT və BDU əlaqələrinin vacibliyi və bunun mühüm rola malik olduğunu vurğulayıb. Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev isə fakültə barədə qısa məlumat verərək, keçirilən görüşün tələbələrin nəzəri biliklərinin təcrübi məlumatla tamamlanmasının vacibliyini qeyd edib.

Sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Furio De Anqelis “Köçürülmə və vətəndaşsızlıq: problemlər, nailiyyətlər və perspektivlər”, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri Sərhan Aktoprak “BMT-nin Azərbaycanda strateji prioritet istiqamətləri”, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəsinin müavini Fərid Babayev “BMT-nin Əhali Fondu Azərbaycanda: əməkdaşlıq və tərəfdaşlığın 25 ili” mövzusunda təqdimatlarla çıxış ediblər. Mövzu ətrafında tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Sonda iştirakçılara BMT-nin müvafiq təsisatlarının fəaliyyətinə dair maarifləndirici vəsaitlər paylanılıb.

Bookmark and Share