Hüquq fakültəsində beynəlxalq səviyyəli elmi-praktiki konfrans keçirildi
13/12/201213 dekabr 2012-ci il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 64-cü ildönümünə həsr edilmiş «QLOBALLAŞMA DÖVRÜNDƏ İNSAN HÜQUQLARI VƏ MİLLİ HÜQUQ SİSTEMLƏRİ» mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, AMEA İnsan Hüquqları İnstitutu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının tərəfindən yüksək səviyyədə təşkil edilmişdir. Konfransa Rusiyadan, Ukraynadan, Türkiyədən, Polşadan, Milli Aviasiya Akademiyasından, Qafqaz Universitetindən xüsusi qonaqlar dəvət olunmuşdur. Hüquq fakültəsinin professor-müəllim heyəti, doktorantlar və magistrantlarla birgə konfransa 250-dən çox insan iştirakçı qatılmışdır.
Konfransda ilk öncə çıxış edən Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov konfransın mövzusunun aktuallığına xüsusilə toxunaraq insan hüquqları sahəsində aparılan islahatların qlobal səviyyədə olduğunu və Bakı Dövlət bin artıq formalaşdığını qeyd etmişdir. Rektor insan hüquqları ideyasını ilkin müstəviyə keçirən institutların fəaliyyətini və Bakı Dövlət Univesitetində bu istiqamətdə həyata keçirilən islahatları yüksək qiymətləndirmişdir.
Akademik Abel Məhərrəmov Hüquq fakültəsində baş verən müsbət canlanma, təhsil və kafedra islahatlarının əhəmiyyətini vurğulayaraq konfransın təşkilində xüsusi təşəbbüs və əməyi olan Hüquq Fakültəsinin dekanı professor Əmir Əliyevə, daha sonra AMEA İnsan Hüquqları İnstitutuna, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə təşəkkür edərək konfransı açıq elan etmişdir.
Konfransda AMEA İnsan Hüquqları İnstitutunun direktoru hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayevanın, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı adından hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyevin, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini professor Ziyafət Əsgərovun, Ukrayna Milli Elmlər Akademiyası Dövlət və Hüquq İnstitutunun şöbə müdiri, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü professor V.N.Denisovun, Azərbaycan Milli Aviasiya Akademiyası “Hüquqşünaslıq” kafedrasınınmüdiri professor İbrahim Quliyevin, Kazan Federal Universitetinin professoru R.M.Valeyevin, Ukrayna Dövlət Vergi Xidməti Milli Akademiyasının professoru L.D.Timçenkonun, Krakov Universitetinin professoru A.A.Merejkonun, Qafqaz Universitetinin tədris işləri prorektoru Cihan Bulutun, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini hüquq üzrə fəlsəfə doktoru dosent Anar Məhərrəmovun və Bakı Dövlət Universitetin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyevin məruzələri dinlənilmişdir.
Bakı Dövlət Universitetin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev Bakı Dövlət Universitetində insan hüquqları siyasətindən bəhs etmişdir: Hüquq fakültəsində insan hüquqları üzrə magistratura programı mövcuddur və bu sahəyə dair tədris programları, dərs vəsaitləri hazırlanmışdır. Hüquq fakültəsi AMEA İnsan hüquqları İnstitutu və Azərbaycan Respublikası Ombudsman Aparatı ilə sıx əməkdaşlıq edir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsi tezliklə beynəlxalq elmi mərkəzə çevriləcəkdir.
Professor Əmir Əliyev beynəlxalq konfransın təşkilində göstərdiyi dəstəyə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, xüsusilə də, akademik Abel Məhərrəmova, AMEA İnsan Hüquqları İnstitutuna və Azərbaycan Respublikasının Ombudsman Aparatına və konfransın digər iştirakçılarına öz təşəkkürünü bildirmişdir.
