Hüquq fakültəsində “Ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi: Mülki hüquq və ailə hüququ” mövzusunda növbəti onlayn elmi seminar keçirilmişdir

15/02/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılğı ilə “Ər arvadın ümumi birgə mülkiyyətinin bölünməsi: Mülki hüquq və ailə hüququ” mövzusunda onlayn elmi-praktiki seminar keçirilib.

Virtual tədbir iştirakçılarını salamlayan Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev Rektor Elçin Babayevin seminarın işinə uğurlar arzuladığını diqqətə çatdıraraq mövzunun əhəmiyyətindən danışıb. Karantin dövründə keçirilən bu tip onlayn tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətinin stimullaşdırmaqdan ibarət olduğunu bildirib.

Daha sonra Mülki hüquq kafedrasının müdiri professor Məhəbbət Dəmirçiyeva “Ər arvadın ümumi birgə mülkiyyətinin bölünməsi: Mülki hüquq və ailə hüququ” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi öz çıxışında ər və arvadının ümumi birgə mülkiyyətinin müqavilə və qanuni rejimi barəsində ətraflı məlumat verərək Azərbaycan Respublikası Mülki Məcəlləsində və Azərbaycan Respublikası Ailə Məcəlləsində ər və arvadın ümumi birgə mülkiyyət hüququnu tənzimləyən normalarda, hüquq ədəbiyyatlarında və məhkəmə təcrübəsində rast gəlinən problemlərə münasibət bildirdi. Məhəbbət Dəmirçiyeva bizim qanunvericiliyimiz üçün yeni bir inistitut hesab edilən nikah kontraktının əhəmiyyətini xüsusi ilə vurğulayaraq, bu müqavilələrin bağlanması üçün cəmiyyətin maarifləndirilməsinə ciddi ehtiyac olduğunu seminar iştirakçılarının diqqətinə çatdırdı. Məhəbbət Dəmirçiyeva öz çıxışında boşanma zamanı məhkəmə təcrübəsində fərdi istifadə əşyaları və zinət əşyalarının bölüşdürülməsi ilə əlaqədar çoxsaylı mübahisələrin olduğunu vurğuladı. Mövzu kifayət qədər aktual və maraqlı olduğu üçün seminar iştirakçılarında çoxsaylı suallar yaranmışdır, məruzəçi M.Dəmirçiyeva ona ünvanlanan çoxsaylı sualları ətraflı şəkildə cavablandırmışdır.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar maraqlı müzakirələrlə yadda qalıb.

Bookmark and Share