Hüquq fakültəsində Xocalı soyqırımı anılıb

26/02/2018

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində sovet ordusuna məxsus 366-cı motoatıcı alayın əsgər və zabitləri ilə birgə ermənilərin törətdiyi soyqırım cinayəti və bu cinayətin nəticələri barədə məlumat verib. Ə.Əliyev 613 Xocalı sakininin qətlə yetirildiyi, 1275 nəfərin əsir götürüldüyü, 8 ailənin isə bütövlükdə məhv edildiyini diqqətə çatdırıb. Dekan öz çıxışında Ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində faciəyə hüquqi-siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atdığını bildirib. Həmçinin, işğal altında olan torpaqlarımızda, o cümlədən Xocalıda qalan abidələrimizin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun rolunun xüsusilə təqdirəlayiq olduğu vurğulanıb.

Xocalıda həlak olan qurbanların və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Firudin Səməndərov çıxış edərək, tarixən xalqımızın başına gətirilən müsibətlərdən danışmış, Xocalı soyqrımı da daxil olmaqla, Azərbaycanın zaman-zaman üzləşdiyi cinayətlərin cəzalandırılmasının vacibliyini nəzərə çatdırıb. Daha sonra fakültənin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müəllimi Elnur Aslanov Xocalı soyqırımının beynəlxalq-hüquqi tövsifindən söz açaraq, beynəlxalq-hüquqi sənədlər və beynəlxalq məhkəmə təcrübəsi əsasında soyqırımın ayrı-ayrı əlamətlərini xarakterizə edib, habelə niyyət və törədilən hərəkətlər baxımından Xocalıda baş verən  cinayətin soyqırım olduğunu beynəlxalq-hüquqi nöqteyi-nəzərdən tam şəkildə əsaslandırıb.

Sonda fakültənin Tələbə həmkarlar təşkilatının sədri, III kurs tələbəsi Əkbər Əliyevin çıxışı dinlənilib.

Bookmark and Share