Hüquq fakültəsində Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi

25/02/2013

Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində Xocalı soyqırımının anım mərasimi ilə bağlı “XOCALI SOYQIRIMI BEYNƏLXALQ MÜSTƏVİDƏ” adlı tədbir keçirildi. Tədbirdə Hüquq fakültəsinin əməkdaşları və tələbələri iştirak etdilər.

Tədbirdə Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal etməsi adi işğal faktı deyil. Belə ki, 1948-ci il “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən, Xocalıda törədilənlər soyqırım kimi xarakterizə edilməlidir. Hətta Ermənistanın hazırkı rəhbəri, Xocalı soyqırımın törədilməsinə birbaşa rəhbərlik etmiş Serj Sərkisyan müsahibəsində özü etiraf edir ki, azərbaycanlılar heç vaxt biməzdilər ki, biz mülki əhaliyə qarşı belə bir plan həyata keçirərik. Digər ermənilər də öz əsərlərində kifayət qədər insanları qətlə yetirdiklərini, onlara amansız divan tutduqlarını yazıblar. Məsələn, Zori Balayan özünün “Ruhun dirçəlişi” kitabında bunları etiraf edir.”

BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədovun sözlərinə görə, 1948-ci il Konvensiyasında soyqırımın konkret əməllər hesabına baş verməsi nəzərdə tutulur: “Say əsas deyil. Əsas onun motividir, fəaliyyət və tətbiqolunma metodudur. Ona görə də soyqırmını Ruanda, Kamboca, alman faşistlərinin II Dünya müharibəsində yəhudilərə qarşı törətdiyi soyqırım səviyyəsində yanaşı qoyardım.” Rüstəm Məmmədov  Xocalıda Erməni vəhşiliklərini ümumən bəşəriyyətə qarşə hörmətsizlik kimi qiymətləndirdi və qeyd etdi ki, Xocalı ilə bağlı hərbi tribunal yaradılmalıdır: “İnanıram ki, nə vaxtsa olacaq. Bu, mütləq olmalıdır. Çünki belə cinayətlər qiymətsiz keçərsə, onun qarşısı alınmazsa, bu cinayətlər davam edəcək. Biz müxtəlif ölkələrdə Xocalı soyqırımını sübut etməkdə davam edirik. Mən bu anım günündə bu cinayəti törədənlərə ölüm şüarını irəli sürürəm: “İstərdim ki, onlar öz cəzalarını alsın, bu cinayət öz qiymətini tapsın və Azərbaycan xalqının başına gətirilən bu müsibətlərin əks-sədası dünyaya səpələnsin

Hüquq elmləri üzrə fəlsəfə doktoru Rahim Məmmədov isə bildirdi ki, Xocalı soyqırımını beynəlxalq cinayət kimi tanınması üçün kifayət qədər normativ sənədlər var. Hüquqşünas hesab edir ki, məsələyə hüquqi qiymət verilməlidir. “2007-ci ildə hərbi prokurorluq Xocalı soyqırımı ilə bağlı təqsirli bilinən şəxslərin cinayət məsuliyyətinə cəlb edilib cəzalandırmasına dair qərar qəbul edib. 26 nəfər barəsində axtarış elan olunub. İnterpolun Milli Mərkəzi Bürosu onlar barədə axtarış elan etsə də, onlar tutulub Azərbaycana verilmir”.

Hüquq elmləri doktoru Əfsər Sadıqov isə bildirdi ki, Xocalı soyqırımına BMT Beynəlxalq Məhkəməsi çərçivəsində hüquqi qiymət verilməsinə nail olmalıyıq. Onun sözlərinə görə, BMT Beynəlxalq Məhkəməsi beynəlxalq hüququn istənilən məsələsinə hüquqi qiymət vermək səlahiyyətinə malikdir.

Sonda çıxış edən professor Əmir Əliyev bildirdi ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında Hüquq fakültəsi də öz töhfəsini verə bilər. Belə ki, Xocalı soyqırımının elmi nöqtedən izahı hüquqşünaslar, tarixçilər, politoloqlar tərəfindən verilməli və bu, xarici ölkələrdə yayılmalıdır. Dekan bildirdi ki, Hüquq fakültəsində “Xocalı faciəsi beynəlxalq müstəvidə: tarixi, siyasi və hüquqi təhlil” adlı toplum hazırlanacaqdır.

 

 

Bookmark and Share