Hüquq fakültəsinin profesor-müəllim heyətinin Tbilisi şəhərində cinayət hüququ üzrə beynəlxalq konfransda iştirakı
18/05/201218 - 19 may 2012-ci il tarixlərində Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (Deutsche Stiftung Für Internationale Rechtliche Zusammenarbeit E.V. - IRZ) və Almaniyanın Maks Planke adına Beynəlxalq və Xarici Cinayət Hüququ İnstitutu (Max-Planck-Institut für auslandisches und internationales Strafrecht) tərəfindən Tbilisi şəhərində “Müstəqillik qazanıldıqdan sonra Cənubi Qafqaz ölkələrində cinayət və cinayət prosessual hüququ” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi konfransda Hüquq fakültəsinin dekan müavini, dos. Gündüz Kərimov, “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının müdiri, prof. Kamil Səlimov və “Beynəlxalq ümumi hüquq” kafedrasının müdiri, prof. Rüstəm Məmmədov tərəfindən təmsil olunmuşdur. Dos. Gündüz Kərimov “Azərbaycanda siyasi və sosial dəyişikliklər və cinayət hüququnun islahatları” movzusunda, Prof. Rüstəm Məmmədov “Beynəlxalq hüquqda korrupsiya ilə mübarizə”, Prof. Kamil Səlimov isə “Azərbaycan penitensiar sistemində islahatlar” mövzusunda məruzə ilə çıxış etmişlər.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimləri Əli Seyfəliyev və İmran Hacıqayıbov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov, Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri İlham Mahmudov, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnsitutunun dövlət hüququ və nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri prof. Habil Qurbanov və həmin şöbənin baş elmi işçici, dos. Bəxtiyar Əliyev, İRZ-nin Azərbaycan üzrə nümayəndəsi Rəşad Hüseynli iştirak etmişlər.
