Hüquq fakültəsinin tələbələri ilə Milli Dirçəliş Gününü qeyd ediblər

17/11/2017

Hüquq fakültəsi I kurs tələbələrinin və Filologiya  fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşlarının iştirakı ilə 17 noyabr Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi İradə Məhərrəmovanın təşkilatçılığı ilə keçirilən tədbirdə kafedranın müdiri, dosent Səidə Abbasova və əməkdaşları, dosentlər – Ofelya Piriyeva, Asifə Əliyeva, Samirə Mərdanova, Əliheydər Ağakişiyev və Yeganə Qəhrəmanlı iştirak ediblər.

Aparıcılar Hüquq fakültəsinin 1500-cü qrupun tələbələri Vüqar Sadıqlı və  Aysel Həsənova tədbir iştirakçılarına bu günün tarixi ilə bağlı geniş məlumat verərək bildiriblər ki, 1988-ci ilin noyabrın 17-də Bakıda, ermənilərin Dağlıq Qarabağ iddiasına və sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin geniş etiraz mitinqləri başlayıb. Xalqın bir  yumruq kimi birləşərək milli azadlıq hərəkatına qoşulması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub. O zaman xalq hərəkatı  SSRİ-nin daxili  qoşunları tərəfindən dağılsa da, 1988-ci ilin noyabrından başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoyub.

Tələbələrdən Nərmin Quliyeva və Orxan Quliyev məruzələrlə çıxış edərək bildiriblər ki, sonrakı illərdə  öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyi ilə xalqımız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında birləşərək bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirib. Böyük və zəngin tarixə malik olan xalqımız müstəqilliyini bərpa edib. Ulu Öndərin dövlətimizin müstəqilliyi və inkişafı yolunda yürütdüyü düzgün siyasətin bu gün də prezident İlham  Əliyev tərəfindən davam etdirilməsi qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha da qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına əminlik yaradır.

Sonra tələbələrdən İsa Rəhimli özünün müəllifi olduğu “Dirçəliş”, Məmmədalı Səfərəliyev isə “Azərbaycan” şeirini söyləyiblər. Tələbələrdən Sadiq Şəfiyev, Sevda Quliyeva və başqaları da maraqlı məruzələrlə çıxışlar ediblər.

 

Bookmark and Share