Prezident Dmitri Medvedev Bakı Dövlət Universitetinin fəxri doktoru olub
03/09/2010Sentyabrın 3-də Bakı Dövlət Universitetində Rusiya Federasiyasının  Prezidenti Dmitri Medvedevə BDU-nun fəxri doktoru adının verilməsinə  həsr edilmiş mərasim keçirilib. 
 BDU-nun rektoru, millət vəkili,  akademik Abel Məhərrəmov mərasimdə çıxış edərək Rusiya Prezidenti Dmitri  Medvedevin həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat  verib. 
 Rektor ölkələrimiz arasında dinamik inkişaf etməkdə olan  münasibətlər barədə söhbət açaraq təhsil sahəsində qədim tarixi köklərə  malik olan Azərbaycan-Rusiya əməkdaşlığından danışıb. Azərbaycanın  qocaman ali məktəbi, ilk rektoru professor Razumovski olmuş Bakı  Universitetində Rusiyanın tanınmış alimləri mühazirələr oxumasını  xatırladıb. Akademik onu da qeyd edib ki, Azərbaycan alimlərinin çoxu  Rusiyanın ali məktəblərində təhsil almış, Moskvanın və Sankt-Peterburqun  elmi mərkəzlərində öz ixtisaslarını artırmışlar. 
 Son illərdə elm  və təhsil sahəsində ikitərəfli münasibətlərin fəal inkişaf etdiyini  söyləyən Abel Məhərrəmov bildirib ki, M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakıda filialının açılması buna parlaq nümunədir. Bakı  Dövlət Universitetinin də Rusiyanın ali məktəbləri ilə sıx əməkdaşlıq  etəmsinə toxunan rektor BDU-da rus dilində təhsil uğurla həyata  keçirildiyini söyləyib. 
 Akademik Abel Məhərrəmov Rusiya Prezidenti  Dmitri Medvedevin bu səfərinin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı  əməkdaşlığın daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayüıb.  ATƏT-in Minsk qrupunun həmsədri olan dost dövlətin başçısı Azərbaycan  üçün ən ağrılı problemin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və  beynəlxalq hüquq normaları əsasında tezliklə və ədalətli həll edilməsi  üçün hər cür səy göstərəcəyinə əminliyini ifadə edib. 
 Sonra  akademik Abel Məhərrəmov Rusiya Prezidentinin vahid humanitar məkanın  möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə, Rusiya Federasiyası ilə  Azərbaycan Respublikası arasında elm və təhsil sahəsində əlaqələrin  genişləndirilməsində, dostluq və qardaşlığın möhkəmləndirilməsində fəal  iştirakına görə ona BDU-nun fəxri doktoru adı verilməsi barədə  universitetin Böyük Elmi Şurasının qərarını elan edib. 
 Dmitri  Medvedevə BDU-nun fəxri doktoru mantiyası və diplomu təqdim edildikdən  sonra o çıxış edərək Azərbaycanın qocaman ali məktəbinin Elmi Şurasının  üzvlərinə ona göstərdikləri etimada görə təşəkkür edərək deyib: 
 "Burada olmaq və fəxri doktor dərəcəsini almaq mənim üçün çox xoşdur.  Mən məmnunam ki, bu hadisə səfərim çərçivəsində baş verib". Rusiya  Prezidenti bu səfərinin əlamətdar olduğunu vurğulayaraq bildirib ki, bu  gün imzalanan sənədlər Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ  açır. Rusiya Prezidenti Azərbaycan və Rusiya münasibətlərinin çoxillik  tarixə malik olduğunu və dostluq-qardaşlıq münasibətlərinə əsaslandığını  söyləyib: «Biz bundan sonra da maksimum sıx qarşılıqlı fəaliyyət  göstərməli, bir-birimizi öyrənməliyik. Çünki ümumiyyətlə, öyrənmək heç  vaxt gec və eyib deyildir. Uzun müddət birlikdə olduğumuza və indi çox  yaxın tərəfdaşlar, dost ölkələr olduğumuza görə bir-birimizi əla  tanıdığımızı düşünmək azdır». Prezident dilləri öyrənməyin əhəmiyyətli  olduğunu da bildirib: «Yeri gəlmişkən, təkcə rus dilini deyil, Rusiyada  Azərbaycan dilini də öyrənmək lazımdır. Xüsusən ona görə ki, Rusiyada  çox böyük və güclü Azərbaycan diasporu vardır. Bununla məşğul olmaq  lazımdır. Təhsil proqramları da lazımdır». 
 D.Medvedev rusiyadad da  Azərbayjan dilini inkişaf etdirməkdən bəhs edib. söyləyib ki, Rusiya  Federasiyasında Azərbaycan telekanallarından birinin pulsuz fəaliyyət  göstərməsi barədə qərar qəbul edilib və bu əhəmiyyətldiri: «Azərbaycanın  tarixi və müasir həyatı ilə maraqlananların hamısı üçün və əlbəttə,  Moskvada yaşayan və işləyən Azərbaycan vətəndaşları üçün, ümumiyyətlə,  Moskvadakı Azərbaycan diasporu üçün». 
 Bu gün Rusiyada çoxlu sayda  azərbaycanlı tələbənin təhsil aldığını deyən Dmitri Medvedev bunun  dəyərsiz kapital olduğunu qeyd edərək vurğulayıb ki, məhz bu insanlar  gələcək əməkdaşlıq üçün əsas yaradacaqlar. Rusiya Prezidenti bir qədər  əvvəl hər iki ölkənin tarixində çətin dövrün yaşandığını xatırladaraq,  bunun artıq geridə qaldığını diqqətə çatdıraraq  Rusiya Federasiyasının  Prezidenti kimi son vaxtlar üç dəfə Azərbaycana gəldiyini və bunun  ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün  vajibliyini vurğulayıb: «İlham Heydər oğlu dəfələrlə bizim ölkədə -  Moskvada, Peterburqda, başqa şəhərlərdə olub. Bunlar həm rəsmi, həm də  qeyri-rəsmi tədbirlər idi. Mən bunu çox yüksək qiymətləndirirəm. Ona  görə ki, nə gizlədim, dövlətlərin liderləri arasında mehriban  münasibətlərdən, əlbəttə, çox şey asılıdır. Bu baxımdan, əsası sizin  universitetin daha bir məzunu - müstəqil Azərbaycan dövlətinin banisi,  Azərbaycanın sədaqətli oğlu kimi sevdiyimiz və qiymətləndirdiyimiz,  mahiyyət etibarı ilə müəyyən, çox çətin dövrdə millətin birləşməsinə  şərait yaratmış və onu keyfiyyətcə yeni səviyyəyə qaldırmış Heydər  Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş ənənələr, əminəm ki, bizim  fəaliyyətimiz sayəsində davam etdiriləcək və zənginləşəcəkdir». 
 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan Dmitri Medvedev  Rusiyanın bu məsələdə öz vasitəçilik məsuliyyətini dərk etdiyini, son  zamanlar Rusiya dövlət başçısının iştirakı ilə Azərbaycan və Ermənistan  prezidentlərinin birgə görüşlərinin keçirildiyini bildirib. Rusiya bu  problemin həllində maksimum dərəcədə maraqlı olduğunu qeyd edib. Səmimi  şəkildə tələbələrə müraciət edən ali qonaq ölkəmizdə elmlə məşğul olmaq  üçün bütün şəraitin yaradıldığını söyləyib. Bildirib ki, Bakı sürətlə  gözəlləşir, eyni zamanda burada çox xoş ab-hava vardır. O, tələbələrə  Azərbaycan-Rusiya münasibətlərinin tarixini öyrənməyi tövsiyə edərək  demişdir ki, ölkələrimiz arasında gələcək münasibətlər məhz siz  gənclərdən asılıdır.
 Çıxışının sonunda Rusiya Prezidenti ona Bakı  Dövlət Universitetinin fəxri doktoru adının verilməsi münasibətilə bir  daha təşəkkürünü bildirib.
Mətbuatvəinformasiyaşöbəsi
 
			






