Professor Arif Quliyevin yeni kitabının təqdimatı
10/04/2013Bugün Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının professoru, Ukrayna Hüquq Assosiasiyasının həqiqi üzvü, hüquq elmləri doktoru, professor Arif Cəmil oğlu Quliyevin “Beynəlxalq terrorizmlə mübarizədə Prezidentlik institutu (Ukrayna və Azərbaycan Respublikasının qanunvericiliyinin müqayisəli hüquqi təhlili)” adlı kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə Azərbaycanda hüquq ictimaiyyətinin görkəmli nümayəndələri və Hüquq fakültəsinin tələbələri iştirak etmişdirlər.
Tədbirdə giriş sözü verilən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov professor Arif Quliyevin yeni kitabının mövzusunun aktuallığını vurğulayaraq onu yüksək qiymətləndirdi.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev Arif Quliyevin Ukraynada qazandığı elmi nailiyyətlərdən bəhs etdi və təqdim olunan kitabın həmin elmi nəaliyyətlərin nəticəsi olduğunu qeyd etdi.
Milli Məclisin Komitə sədri, millət vəkili Eldar İbrahimov, Millət vəkilləri Tahir Rzayev və Azər Badamov, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, professor Bəhram Zahidov, Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev və kitabın redaktoru Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” kafedrasının müdiri, professor İbrahim Quliyev ərsəyə gətirdiyi dəyərli monoqrafiyaya görə Arif Quliyevi təbrik etdilər.
Sonda çıxış edən professor Arif Quliyev “Beynəlxalq terrorizmlə mübarizədə Prezidentlik institutu (Ukrayna və Azərbaycan Respublikasının qanunvericiliyinin müqayisəli hüquqi təhlili)” adlı kitabını vaxtilə məzun olduğu Bakı Dövlət Universitetinə 35 ildən sonra bir hesabat kimi qiymətləndirdi və Hüquq fakültəsinin tələbələrinə müraciət edərək onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzuladı. Professor Arif Quliyev kitabın ərsəyə gətirilməsində ona dəstək olan hər kəsə təşəkkürünü ifadə etdi.
Qeyd edək ki, kitabda dövrümüzdə çox geniş vüsət almış beynəlxalq terrorizmlə mübarizə sahəsində prezidentlik institunun əhəmiyyətindən bəhs edilir. Eyni zamanda Azərbaycan Respublikası və Ukrayna milli qanunvericiliyi müqayisəli hüquqi təhlil edilir. Kitab Azərbaycan Respublikasında terrorizmlə mübarizədə forma və metodların müəyyən edilməsi və gələcək elmi-tədqiqat işləri üçün dəyərli vasitə hesab olunur.
