Vürçburq Universitetinin professoru BDU-da mühazirələr oxudu
16/04/2013Almaniyanın Vürçburq Universitetinin Avropa Əmək Hüququ üzrə professoru KristofKerver 8-12 aprel 2013-cü il tarixində Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Avropa Hüququ üzrə magistr tələbələrinə mühazirələr oxumuşdur. Professor Kerverin Bakıya səfəri Bakı Dövlət vəVürçburq Universitetlərinin birgə həyata keçirdiyi Avropa Hüququ ikili diplom magistr proqramı çərçivəsində mümkün olmuşdur.
Prof.Kerverin 20 akademik saat ərzində Avropa Əmək Hüququ fənni üzrə ingilis dilində interaktiv mühazirələri birinci və ikinci kurs tələbələri tərəfindən böyük maraqla qarşılanmışdır. Tələbələr Avropa Birliyinin müvafiq direktivləri (qanunları), Avropa Birliyi ölkələrində əmək münasibəti tərəflərinin qarşılıqlı hüquq və vəzifələri, həmçinin Avropa Ədalət Məhkəməsinin əmək mübahisələrinə dair çıxardığı qərarlar ilə yaxından tanış olmuşdular.
Alman Professoru bu birgə layihədə Bakıda mühazirələr oxuyan ilk professor olmuşdur və sentyabr-oktyabr aylarında daha iki professorun BDU tələbələrinə mühazirələr oxuması planlaşdırılır.
Professor Kerferin mühazirələri üçün fakültə rəhbərliyi tərəfindən bütün şərait yaradılmışdır.
16 aprel 2013-cü il
