Fakültənin nəşrləri

Hüquq fakültəsində redaksiya heyəti nüfuzlu yerli və xarici alimlərdən ibarət “Beynəlxalq hüquq və inteqrasiya problemləri” (ingilis dilində) və “Azərbaycan hüquq jurnalı” adlı xüsusi elmi-analitik və praktiki jurnal buraxılır. İldə 3 və 4 dəfə buraxılan bu jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına (hüquq, iqtisadiyyat və siyasi elmlər üzrə) daxildir. Elmi məqalələr yalnız nüfuzlu təşkilat və alimlərin rəyləri nəzərə alınmaqla Redaksiya heyətinin qərarı ilə çap edilir. Hər iki jurnalın redaktoru professor Əmir Əliyevdir. Eyni zamanda, “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının xüsusi buraxılışları nəşr edilmişdir. Məsələn, Xocalı soyqırımı ilə əlaqədar xüsusi buraxılış, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə həsr edilmiş xüsusi buraxılış və s.

  1. 2012-ci ildən başlayaraq hər il may ayında fakültədə Ümummilli lider Heydər Əliyevin anadan olması ilə əlaqədar olaraq beynəlxalq elmi-praktiki konfranslar keçirilir və çox həcmli konfrans materialları 2 cilddə nəşr edilir. 2017-ci ildən isə fakültədə “İnsan hüquqları və informasiya hüququ”   YUNESKO kafedrasının bilavasitə təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq insan hüquqları gününə həsr olunan dəyirmi masa keçirilir. Dəyirmi masada  “Müasir dövrdə insan hüquqlarının inkişafi: beynəlxalq və milli təcrübə” mövzusunda  “İnsan hüquqları və informasiya hüququ” YUNESKO kafedrası müəllimləri ilə yanaşı digər tədqiqatçıların da (Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Azərbaycan Respublikası Prokurorluğunun, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının, Dövlət Neft Şirkətinin, AMEA Hüquq və İnsan haqları üzrə Elmi-Tədqiqat İnstitununun, beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil hüquqşünaslar, magistrantlar və tələbələrin) elmi məruzələri dinlənilir. Məruzələr yekun olaraq “İnsan hüquqları və informasiya hüququ” elmi məqalələr toplusunda nəşr olunmuşdur.

Fakültədə mütəmadi olaraq beynəlxalq və respublika səviyyəli elmi-praktiki konfranslar keçirilir və onların materialları dərc edilir. Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, son 5 ildə Hüquq fakültəsi 20-dən artıq beynəlxalq elmi-praktiki konfransın təşkilatçılarından olmuşdur.

1)"Beynəlxalq hüquq və inteqrasiya problemləri" adlı ildə 4 dəfə buraxılışı olan elmi-analitik və praktiki jurnal – Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ı tərəfindən tövsiyə olunan siyahıya daxildir.

2) “Tələbə Hüquq Jurnalı” – 2015-ci ildən Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən nəşr olunur, "Hein Online" məlumat bazasına daxildir.

3) İki cilddə gənc alimlərin və magistrantların elmi əsərlərinin illik toplusu (2014, 2015, 2016)
4) "Azərbaycan Hüquq Jurnalı"